Rafael Hüseynovdan hollandiyalı deputata sərt sözlər Siyasət

Rafael Hüseynovdan hollandiyalı deputata sərt sözlər

"İslam haqda çıxışınız təxribatçılıq mahiyyətlidir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ərəfəsində Mədəniyyət, elm, təhsil və media komitəsinin Haaqada keçirilən iclası Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı "Etiqad azadlığı və dini təcrübələr" adlı məruzənin 3 saatdan artıq çəkən geniş müzakirələrinə həsr olunub.
Gün.Az xəbər verir ki, R.Hüseynov ilk növbədə mövzunun sərlövhəsinin dəyişdirilərək "Etiqad azadlığı və demokratik cəmiyyətlərdə birgəyaşayış" adlandırılmasını təklif edib.
Komitə üzvləri R.Hüseynovun bu fikrini dəstəkləyib, Parlament Assambleyasının payız sessiyasında plenar iclasda müzakirəyə çıxarılacaq mövzu üzərində işin məhz bu istiqamətdə aparılmasını həm elmi-nəzəri, həm siyasi baxımdan məqsədəuyğun hesab ediblər.
"Dinlər və mədəniyyətlər arasında dialoq, etiqad azadlığı məsələsi və onun müxtəlif aspektləri son bir neçə ildə Assambleyanın mütəmadi olaraq gündəmdə saxladığı məsələlərdir.
Təsadüfi deyil ki, son illərdə bu problemlərin müxtəlif aspektləri ilə bağlı 5 məruzə hazırlanaraq Assambleyada qəbul edilib. Dünyanın ictimai-siyasi həyatında baş verən bir sıra hadisələr, xüsusən Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına qarşı qanlı terror aktından sonra bir çox məsələlərə yenidən baxmaq zəruriyyəti ortaya çıxıb".
Müzakirələrə qatılan Böyük Britaniyalı deputatlar Rocer Geyl və Maykl Konarti, italiyalı Paolo Korsini, türkiyəli Gülsün Bilgehan və digərləri bir sıra mülahizələrini bölüşməklə yanaşı məruzənin yüksək peşəkar səviyyədə hazırlanmasını, kifayət qədər mürəkkəb suallara məntiqli, Avropa insanının demokratiya və əxlaq düşüncəsinə uyğun qaneedici cavablar tapa bilməsini təqdir ediblər.
Hollandiya senatında keçirilən iclasda elə bu ölkədən olan deputat xanımın çıxışı isə toplantı iştirakçılarında haqlı narazılıq doğurub.
Azərbaycana, Türkiyəyə, islam dünyasına qarşı həmişə qərəzli çıxışları ilə seçilən deputat Faber Van de Klaşorst bildirib ki, Hollandiyada 1 milyondan artıq müsəlman vətəndaş var və onların 70 faizi təsdiq edir ki, bu ölkənin qanunlarına deyil, şəriətin hökmlərinə tabe olaraq yaşamaq niyyətindədirlər: "Müxtəlif ölkələrdə müsəlman olan ayrı-ayrı insanların törətdiyi terrorların günahı həmin adamlarda deyil, islamda, bu dinin mahiyyətindədir. Çünki nə "Quran", nə Məhəmməd peyğəmbər bizim tərəfdarı olduğumuz dəyərlər haqqında, başqa dinlərə hörmət, qadına sayğı haqda heç nə demir, qəddarlığı, öldürməyi, qanı təqdir edir".
Müzakirələrə yekun vuran deputat R.Hüseynov həmin çıxışı da cavabsız qoymayıb:
"Biz istər dini sahədə, istər digər istiqamətlərdə ekstremizmin bütün formalarda əleyhinəyik. Biz dinləri, millətləri bir-birinə qarşı qoyan, qızışdırıcı, təxribatçı, nifaq salmağı məqsədi bilən bütün çağırışların əleyhinəyik.
Biz terrorları törədənlərlə terrorlara təhrik edənləri eyni dərəcədə günahkar sayır, lənətləyirik. Böyük dünya dinləri, onların kitabları və peyğəmbərləri, o cümlədən islam, "Quran" və Məhəmməd Peyğəmbər çox əsrlər öncə eyni idealları təbliğ ediblər. Mən demirəm xanım Klaşorstun sağlam məntiqə zidd olan, faktları tam tərsinə çevirən çıxışı ekstremizm təzahürü, təxribatçılıq, terror qızışdırıcılığıdır, nifaq yaratmaq niyyəti güdür, pozucu mahiyyətlidir.
Amma o qısa çıxışda bunların hamısı birlikdə var. Hər halda mən bu şəxsə səmimiyyətinə görə təşəkkürümü bildirirəm ki, burada ürəyini açır, içərisini göstərir. Hamı da görür ki, belə insanlar da var, belə təhlükələr də mövcuddur.
Bu isə o deməkdir ki, biz bu məruzəni hazırlamaqda da, bu dinləmələri keçirməkdə də, müxtəlif dinlərin nüfuzlu təmsilçilərini bir araya toplayaraq ortaq yollar axtarmaq səylərimizdə də tam haqlıyıq".