“Kəlbəcər və Laçın rayonları region üçün mühim coğrafi mövqeyə malikdir” Siyasət

“Kəlbəcər və Laçın rayonları region üçün mühim coğrafi mövqeyə malikdir”

Vüqar Bayramov: “Bəzi revanişt meyillərə baxmayaraq regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra əhəmiyyətli və böyük layihələrin təməlqoyma mərasimində iştirak etdilər. Dövlət başçısı eyni zamanda bir sıra önəmli məsələlərə toxundu və ciddi mesajlar verdi.
Ekspertlər dövlət başçısının səfəri və verdiyi mesajları dəyərləndirməyə çalışdılar.
Politoloq İlyas Hüseynov bildirdi ki, Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra önəmli siyasi mesajlar verdi. i.Hüseynov dedi ki, cənab Prezidentin Şərqi Zəngəzura səfəri zamanı son dövrlər Azərbaycan-Ermənistan sərhədində Ermənistanın törətdiyi təxribatlar və yaşanan gərginliklə bağlı Ermənistana və onun havadarlarına da sərt ismarıclar ötürüldü: “Təəssüflər olsun ki, 2020-ci ilin 10 noyabr tarixində və 2021-ci ilin 11 yanvar tarixində imzalanmış üçtərəfli birgə bəyanatların Ermənistan tərəfindən icra olunmamasının, şərtlərinin yerinə yetirilməməsinin, pozuculuq fəaliyyətin davam etməsinin şahidi oluruq. Azərbaycanın ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət etdiyi zonada qeyri-qanuni fəaliyyət müşahidə olunur, nəinki Ermənistanın qüvvələri bölgədən çıxarılmır, üstəlik yeni qrupların daşınması halları həyata keçirilir. Bütün bu qanunsuz hallara son qoyulmalı və 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin implementasiyası həyata keçirilməlidir”.

Mövqelərimiz güclənəcək

Ekspert əlavə etdi ki, indiki mərhələdə ölkəmizin əsas vəzifəsi müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə əsaslı şəkildə bərkitmək, eyni zamanda işğaldan azad edilmiş torpaqlarda mövqelərimizin möhkəmləndirməkdir: “Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimiz güclənəcək. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.
Digər tərəfdən qeyd edək ki, cənab Prezidentin 7 iyul tarixində imzalanmış fərmanı tarixi, siyasi, iqtisadi və hüquqi xarakter daşıyır. Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetləri müəyyənləşdirdi. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda vətəndaşlarımızın yaşaması tarixi ədalətə söykənməklə yanaşı, həm də vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar...”.

Sülh və inkişaf

Millət vəkili Vüqar Bayramov diqqətə çatdırdı ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var: “Sözügedən səfərin iqtisadi tərəfləri artıq müzakirə olunduğundan məsələnin strateji istiqamətlərinə diqqəti çəkmək vacib olardı.
Əvvəlla, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub;
İkincisi, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir;
Üçüncüsü, Kəlbəcər və Laçın rayonları region üçün mühim coğrafi mövqeyə malikdir və həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha möhkəmləndirəcək;
Dördüncüsü, müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar;
Nəhayət, son səfər təsdiq edir ki, kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığınız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək...”.

“Mesaj bir çox dairələrə ünvanlanıb”

Politoloq Tural İsmayılov dedi ki, cənab Prezident Laçın və Kəlbəcərə səfərində bir sıra önəmnli mesajlar verdi. O, bildirdi ki, ən ciddi mesajlardan biri Qərbi Azərbaycandan-öz doğma yurdlarından didərgin salınmış soydaşlarımızın hüquqlarının ön plana çəkilməsi oldu: “Prezident vurğuladı ki, Ermənistanın qondarma Vardenis adının heç bir hüquqi və tarixi əsasl yoxdur. Həmin ərazi Basarkeçər adlanır. O ərazilər tarixi Azərbaycan əraziləridir və bizim vərəndaşlarımızın da ora getmək haqqı var”.
Politoloq əlavə etdi ki, əslində cənab Prezidentin verdiyi mesaj bir çox dairələrə ünvanlanıb: “Nəzərə alaq ki, bu gün Xankəndidə yaşayan azsaylı erməni üçün əldən ayaqdan gedən Rusiya həmçinin maraqlı olmalıdır ki, bundan sonra Qərbi Azərbaycandan – Basarkeçərdən, Göyçədən, Mehridən didərgin düşmüş azərbaycanlılar da öz ata-baba yurdlarına qayıda bilsinlər”.
Ekspert diqqətə çatdırıb ki, Kəlbəcərdə istilik elektirik sistemləri qurulur: “Azərenerji tərəfindən orada çox böyük işlər aparılır. Kəlbəcərdə elektirik stansiyalarının açılışı həm Kəlbəcər, həm də bütövlükdə Qarabağa qayıdacaq vətəndaşlarımızın yaşayışı və rifahı üçün müstəsna əhəmiyyətə malikdir. Bütövlükdə cənab Prezidentin Qarabağın hər bir bölgəsinə səfəri tarixi əhəmiyyət daşıyır. Çünki cənab Prezident orada yenidən yaşayışın və bərpanın təməllərini qoyur.
Biz Ağdam şəhərinə səfər elədik. Orada cənab Prezident tərəfindən əsası qoyulan və müzakirə edilən layihələrlə tanış olduq. Mən düşünürəm ki, bütün Qarabağda yaradılacaq çox böyük infrastruktur layihələri gələcəkdə Qarabağ bölgəsinin regional turizm məkanına çevrilməsinə səbəb olacaq. Həmçinin orada yeni idarəetmə modeli formalaşır ki, bunun da bir çox dövlətlərə örnək olacağını düşünürəm”.

“Prezident İlham Əliyev hədəfləri elan etdi”

Siyasi şərhçi Asif Nərimanlı isə “CNN Türk kanalına müsahibəsində açıq mesajlar verən İlham Əliyevin ardınca Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsi idi”, - deyə vuğuladı. O, dedi ki, Prezidentin çıxışında diqqətçəkən üç vacib məsələ bundan sonra atılacaq addımların nələr olacağını da anlamağa imkan verir: “Sərhəd məsələsi: Prezident İlham Əliyevin sərhədlərlə bağlı ritorikası kifayət qədər sərt idi və Azərbaycan Ordusunun tutduğu mövqelərdən geri çəkilməyəcəyini məhz sərhəd bölgəsində elan etdi;
1. Azərbaycan işğal dövründə irəli çəkilən sərhədini faktiki olaraq bərpa edib və hazırda möhkəmlənmə işi aparılır;
2. Bakı İrəvana mesaj verir: geri çəkilmə olmayacaq, ya bu reallığı qəbul et, ya da lazım olacaqsa, hazırki mövqelərdən daha irəli gedə bilərik;
3. Azərbaycan-Ermənistan sərhədində söz sahibi Bakıdır: Prezident bunu sərhəd məsələsinə müdaxilə etmək istəyən üçüncü ölkələrə ünvanladı və açıq şəkildə bəyan etdi ki, “narahat olanlar, su içsinlər”;
İlham Əliyev Ermənistana və üçüncü ölkələrə açıq şəkildə mesaj verdi: sərhəd boyunca nəzarət məndədir, mövqelərdən geri çəkilməyəcəyik və masada alternativlərdən biri də hərbi variantdır.
Xankəndi məsələsi: İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı Fərmanını xatırladı və qeyd etdi ki, “Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi”.
Bunun yenidən vurğulanması Qarabağda sülhməramlı missiyası üzərindən Azərbaycanın suverenliyinə təhdid yaradan Rusiyaya ünvanlanıb: Xankəndi və ermənilərin yaşadığı digər ərazilər Azərbaycan torpağıdır, bu məsələ rəsmi şəkildə həll edilib, o ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin hüquqi bazası formalaşıb;
Zəngəzura qayıdış: İlham Əliyev açıq şəkildə bunu elan etdi və bildirdi ki, Zəngəzur dəhlizindən istifadə edərək, azərbaycanlılar Ermənistanın nəzarətində olan yurdlarına qaytarılması reallaşacaq, Zəngəzur və Göyçə mahalına qayıtmaqla bağlı plan mövcuddur.
Prezidentin bu mesajının iki hədəfi var.
Birincisi, cari dövr hesablanıb:
- Azərbaycan bununla Qarabağ məsələsinin bitdiyini və növbəti hədəfinin Zəngəzur olduğunu rəsmi şəkildə elan edir;
- Bu, həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün təzyiq rıçağı olaraq istifadə olunacaq;
İkincisi, uzaq perspektivə hesablanıb:
- Azərbaycan 100 il öncə Ermənistana verilən tarixi torpaqlarından əl çəkməyəcək: Prezidentin toponimlərlə bağlı açıqlaması yeni dövrdə fəaliyyət istiqamətlərindən birinin də məhz Zəngəzurda, Göyçədə adı dəyişdirilən yerlərin tarixi adlarını beynəlxalq müstəvidə təbliğ etmək olacağını deməyə əsas verir;
- Bakı azərbaycanlıların Zəngəzur və Göyçə mahalına qayıtması məsələsini də beynəlxalq müstəvidə qaldıracaq”.

Əli Zülfüqaroğlu