“Suriya münaqişəsi dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub” Siyasət

“Suriya münaqişəsi dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub”

Əli Həsənov:"Oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir"

"Bu gün bizi narahat edən məsələlərdən biri də budur ki, Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir. Hesab edirik ki, konfrans zamanı toplanılan yardımlar yuxarıda qeyd edilən qeyri-qanuni məskunlaşma üçün deyil, məhz Suriya qaçqınlarının mühüm humanitar ehtiyaclarının ödənilməsi və həyat şəraitinin bərpası məqsədilə istifadə edilməlidir".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunu martın 31-də Küveytin Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə 3-cü Beynəlxalq Humanitar Donorlar Konfransında çıxışı zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Baş nazirinin müavini qeyd edib ki, Suriya münaqişəsi hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub: "Münaqişə milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələnib və onların insan haqları pozulmaqda davam edir. Eyni zamanda, Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələr də münaqişənin nəticələrindən əziyyət çəkir".
Əli Həsənov bildirib ki, oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir: "20 ildən artıqdır ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və hazırda ölkəmizdə 1 milyondan çox insan qaçqın və ya məcburi köçkün kimi yaşamaqdadır. Hazırkı konfrans bizim üçün çox ağrılı bir günə təsadüf edir. 1918-ci il martın sonunda ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən qırğınlar törədildiyi üçün 1998-ci il ildən etibarən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur".
Azərbaycana gəlincə Ə.Həsənov deyib ki, dövlətimiz prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi islahatlar nəticəsində artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış edir: "Dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində, həmçinin Heydər Əliyev Fondu Pakistan, Gürcüstan, Hollandiya, Misir, Rumıniya, Rusiya, Fransa, İtaliya, Vatikan, Bosniya, Herseqovina və başqa ölkələrdə humanitar və inkişaf məqsədli layihələri həyata keçirməkdə davam edir. Bu nəcib missiyanın davamı kimi, Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyən, sülhsevər ölkə olan Azərbaycanda suriyalı qaçqınların humanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə göstəriləcək maddi yardımın miqdarı dəqiqləşdirilir. Ümid edirik ki, Suriyada baş verən münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq və uzun müddət əziyyət çəkən Suriya xalqı beynəlxalq ictimaiyyətin səyləri ilə yenidən normal həyat şəraitlərinin bərpasına nail olacaq".
Konfransda ABŞ-ın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Danimarkanın, İsveçin, Türkiyənin, Almaniyanın və digər dövlətlərin təmsilçiləri çıxış edərək Suriyaya öz yardımlarını təklif ediblər.
Konfransda çıxış edən BMT-nin baş katibi Pan Gi Mun Suriyada davam edən silahlı toqquşmalar nəticəsində humanitar fəlakətin yarandığını və bu münaqişənin tezliklə sona çatması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb: "Daxili münaqişə irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunur ki, bu da yerli əhalinin qaçqın düşməsi ilə nəticələnir. Minlərlə insan - uşaqlar və qocalar evsiz, qidasız qalıb. Onlara yardım üçün konfransda iştirak edən donor ölkələr öz səxavətlərini göstərməlidirlər".
Yekun nitqində isə Pan Gi Mun konfransın nəticəsi olaraq 3,8 milyard dollar məbləğində vəsaitin toplandığını, bunun da ötən illə müqayisədə 1,4 milyard dollar çox olduğunu diqqətə çatdırıb. O, donor ölkələr tərəfindən təqdim edilən vəsaitin Suriya qaçqınlarının həyat şəraitinin yaxşılaşması istiqamətinə yönəldiləcəyini bildirib.
Konfransda Asiya, Afrika, Yaxın Şərq və Avropadan 78 dövlətin nümayəndələri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının təmsilçiləri də iştirak ediblər.
Yeri gəlmişkən, Əli Həsənov səfər zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun ilə görüşüb.
Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur.
Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq, son 10 ildə ölkənin böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib ki, bu illər ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb. Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir.
Sonda Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. O, eyni zamanda, qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək. Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini açıqlayıb.
Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.