"Rusiya Qərb standartlarına cavab verən seçkilər keçirməkdən hələ uzaqdır" Siyasət

"Rusiya Qərb standartlarına cavab verən seçkilər keçirməkdən hələ uzaqdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyadakı seçkilərlə bağlı Moderator.az-ın aşağıdakı sualını cavablandırıb.

- Qüdrət bəy, bəzi siyasi ekspertlər Dumaya son seçkilərlə Rusiyada demokratiyanın tamamilə məhv edildiyini iddia edirlər. Sizin yanaşmanız necədir?

- Rusiyada Qərb siyasi dairələri tərəfindən açıq formada müdafiə olunan namizədlər seçkilərə buraxılmadı. Bu da əsas yaratdı ki, seçkilər başa çatmamış onun qeyri-demokratik olması barədə ittihamlar irəli sürülsün. Rusiya Qərb standartlarına cavab verən seçkilər keçirməkdən hələ uzaqdır. Putin fərqindədir ki, rus cəmiyyəti radikal demokratik dəyişikliklərə hazır deyil. Rus inteligensiyası da qəbul edir ki, demokratik açılım SSRİ kimi Rusiya Federasiyasının da süqutuna səbəb olacaq. Ona görə də onlar demokratik dövlətlərin bəzi idarəetmə institutlarının Rusiyada tətbiq edilməsilə Putinin avtoritar idarəçiliyini qəbul edirlər. Rus xalqı siyasi azadlıqların və hüququqn aliliyinin tam təmin edildiyi ölkədə yaşamaq istəyirsə Federasiyanın bəzi milli subyektlərini itirməsi ehtimalına hazır olmalıdır. Hazırda Rusiyada yaşayan xalqlar tam demokratiyaya keçidə hazır deyil və çoxları başa düşür ki, belə bir cəhd ölkədə siyasi sabitliyin pozulmasına, xaosa yol açacaq.

Son onilliklərin təcrübəsi göstərir ki, hər hansı ölkədə xalq hazır deyilsə, kənardan verilən dəstəklə həmin ölkələrdə demokratik cəmiyyət qurmaq mümükün olmur. Demokratiya xalqdan gələn sifarişə çevrilində iqtidar özü həmin islahatların önündə olacaq. İndilik Rusiyada demokratik cəmiyyəti quracaq insanların, siyasi, mülki cəmiyyət institutlarının formalaşması prosesi gedir. Putin demokratiyaya keçidin qansız, inqilablarsız baş verməsi üçün bu prosesi ləngidir, oturuşmuş çoxpartiyalı sistemin formalaşmasına çalışır. O, Mustafa Kamal Atatürkün Türkiyə üçün etdiklərini öz ölkəsi üçün etmək istəyir. Düşünürəm ki, onun beynəlxalq birliyi qıcıqlandıran, hətta hiddətləndirən bəzi qərarları hələ də Rusiyanın ictimasi-siyasi həyatında, orduda mövqelərini qoruyub saxlayan imperiya təfəkkürlü millətçi dairələri nəzarətdə saxlamağa hesablanıb. Zamanla Rusiyanı qanlı müharibələrə, vətəndaş müharibəsinə sürükləyə biləcək həmin qüvvələrin sıradan çıxarılması baş verəcək. Qərbin bəzi siyasətçiləri bunu görür, çəkinmədən etiraf edirlər ki, Putin Rusiyanı daxili qarşıdurmalardan qorumağı bacarmış, dağılmaqdan xilas edən liderdir. Əslində Rusiyada sabitlik, risksiz tədrici demokratikləşmə və onun proqnozlaşdırılan ölkə olması Azərbaycanın dövlət maraqlarına uyğundur.