
“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən  əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il İkinci Qarabağ savaşının başlandığı gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, bu günün şəhidlərin əziz xatirəsinin Anım Günü  kimi qeyd edilməsi təsadüfi deyil:
“Çünki 44 günlük Vətən  müharibəsi  Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin  təqdimatı oldu. Vətən müharibəsinin davam etdiyi  günlərdə   xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində Azərbaycanın  danışıqlar masası ətrafında hansı şərtlər daxilində oturacağını bəyan edən dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın diz çökəcəyini, gec-tez yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. 
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin möhtəşəm  hərbi-siyasi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqləmiş  oldu. 
44 günün hər anının tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan  təmizlənməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir.  Başqa cür ola da bilməzdi. Çünki təcavüzün davam etdiyi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda qurulan keçilməz istehkamlar, Ermənistanın qeyri-qanuni yollarla  silahlandırılması Azərbaycana qarşı qurulan bir çox  çirkin planlara aydınlıq gətirmişdi. 
Şübhəsiz, sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən durmadan silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının özü üçün ağır sonluqla başa çatacağını anlamamış deyildi.   
Ona görə ki, Azərbaycan daim ən yüksək tribunalardan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə  müharibə variantına əl atmağa məcbur olacağını bəyan edəndə  Ermənistan və onun havadarları bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də darmadağın etdi. Tarixi torpaqlarımızda  işğalçı Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını  alaraq 30 ilə yaxın yolumuzu gözləyən  doğma Qarabağımıza qalib kimi qayıtdıq. Bu gün tarixi ərazilərimizdəyik  və doğma torpaqlarımızda əbədi olacağıq”.