“İranın nüvə texnologiyası ilə bağlı siyasi razılaşma əldə edilib” Siyasət

“İranın nüvə texnologiyası ilə bağlı siyasi razılaşma əldə edilib”

Sülhəddin Əkbər: "Amma bu, hələlik tərəflər arasında hüquqi öhdəlik yaradan müqavilə deyil"

"Amerika uzun müddət idi ki, İranın nüvə proqramı ilə bağlı məsələni danışıqlar vasitəsilə həll etməyə çalışırdı. Bu istiqamətdə hazırda irəliləyiş əldə edilib. Başqa sözlə, İranın nüvə texnologiyası ilə bağlı siyasi razılaşma əldə edilib. Amma bu, hələlik tərəflər arasında hüquqi öhdəlik yaradan müqavilə deyil. Belə bir müqavilənin hazırlanması istiqamətində iş aparılır və sənəd iyunun 30-na qədər hazırlanmalı, imzalanmalıdır". Bunu Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, indilikdə bu razılaşma kövrək xarakter daşıyır və iyunun 30-na qədər dünyada nələrin baş verəcəyi, bu sənədin imzalanıb-imzalanmayacağı bəlli deyil: "Çünki dünyada bu razılaşmanın əleyhinə olan ciddi qüvvələr var. Həm Amerikanın öz daxilində, xüsusilə, yəhudi lobbisi və Respublikaçıların bəzi qrupları, həm də İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdə anlaşmaya qarşı çıxanlar var. Odur ki, indilikdə bu anlaşma haqqında əsaslı nəticələr çıxarmaq bir qədər tezdir. Digər tərəfdən, İran yaxın Şərqdə aktiv siyasət aparır. Həm İraq, həm Suriya, həm də Yəməndə baş verən proseslərdə fəal iştirak edir, həmçinin Livanda Hizbullahı dəstəkləyir. Bu mənada İranın bəhs etdiyimiz regionda ABŞ, İsrail, Səudiyyə və həm də Türkiyə ilə maraqları toqquşur. Bu da, başqa bir istiqamətdir. Bunu deməkdə məqsədim odur ki, İran 5+1 ölkələri ilə nüvə texnologiyasına dair anlaşma əldə etsə belə, Tehranın Yaxın Şərqdə problemləri qalmaqda davam edəcək. Ola bilsin ki, sözügedən anlaşma imzalanandan sonra bu problemlər daha kəskinləşsin. Xüsusilə, İsrail və Səudiyyə Ərəbistanı ilə. Odur ki, proseslərin dinamikası davam edir və bu istiqamətdə sabit durumdan danışmaq tezdir. Aydındır ki, ABŞ və Avropa Birliyi İranla anlaşma əldə etməyi çox istəyir. Bu anlaşmanın əldə ediləcəyi təqdirdə başqa situasiya yaranacaq. Odur ki, anlaşmaya qədər bir, anlaşmadan sonra isə tam ayrı durum mövcud olacaq. Üçüncü istiqamət isə Yəmənlə bağlıdır. İran Sənadakı üsyançı husiləri dəstəkləyir. Husi qruplaşması şiə məzhəbindədir. Odur ki, burada da İranla Səudiyyə başda olmaqla ərəb ölkələri arasında maraqlar toqquşur. Artıq BMT Təhlükəsizlik Şurası qərar verdi və bu məsələ də Rusiyanın bitərəf qalması olduqca maraqlı oldu. Bunun Moskva-Tehran münasibətlərinə necə təsir edəcəyi yaxın gələcəkdə bilinəcək. Rusiyanın Suriya siyasətinin Yəməndə davam edib-etməyəcəyi hələlik bəlli deyil. Əgər Moskva da Yəməndəki proseslərdə iştirak edəcəksə, bu zaman təbii ki, Rusiya-İran münasibətlərində problem yaşana bilər. Onu da qeyd edim ki, indilikdə əsas məsələ enerji təhlükəsizliyi ilə bağlıdır. Yəni, İranın yenidən dünyanın neft-qaz bazarına qayıtması məsələsi var. Bu da, anlaşmanın imzalanmasından sonra olacaq. İndilikdə İran məsələsi həll edilməmiş qalır".
Bu prosesin İran-Türkiyə əlaqələrinə necə təsir edəcəyinə gəlincə isə o, bildirib ki, İran-Türkiyə əlaqələri tarixi və əzəli rəqabətə söykənir: "Hər iki dövlət bir-birinə üzdə yaxın görünsələr də, hər zaman rəqabət içində olublar. Türkiyə İranın nüvə proqramı məsələsində üzdə Tehranın tərəfdarı kimi görünür. Çünki, İranın nüvə silahı əldə etməsi Türkiyənin milli maraqlarına ziddir. İran nüvə silahı əldə edəcəyi təqdirdə, bu, regionda Ankaranın roluna ciddi təsir göstərəcək, əvəzində Tehranın təsiri artacaq. Hazırda Türkiyə İrandan böyük həcmdə mavi yanacaq alır. Başqa sözlə, Ankaranın Tehrandan enerki asılılığı var. Bu baxımdan Türkiyə İranla enerji əlaqələrini genişləndirmək, iqtisadi imkanları açmaqda maraqlıdır. Əvvəllər İran Türkiyənin daxili siyasətinə müdaxilə edirdi. Türkiyədə islamçı qüvvələrin hakimiyyətdə olması İranı bir qədər sakitləşdirsə də, regionda maraqları toqquşur. Biz bunu İraqda da, Suriyada da görürük. İndi isə bu proses Yəməndə müşahidə edilir. Bir sözlə, regional məsələdə bu iki ölkə rəqib dövlətlərdir. Bu baxımdan rəqabət bundan sonra da davam edəcək, amma əməkdaşlıq da genişlənə bilər. Türkiyə İran münasibətləri birmənalı deyil. Düzdür, hər iki ölkədə islamçı qüvvələr hakimiyyətdədir. Ancaq tərəflər arasında məzhəb fərqliliyi də özünü göstərir. Məsələn, Türkiyə İraqda türkmənlərə dəstək olmadı, sonda İran türkmənlərə dəstək verdi. Bu məsələdə neçə müddətdir ki, Türkiyə daxilində müzakirə edilir. Yeri gəlmişkən, İran və Türkiyə təkcə Yaxın Şərqdə deyil, Qafqaz bölgəsində də tarixən rəqib olub. Tarixdən indiyə qədər Qafqaz ölkələri üzərində Ankara-Tehran-Moskva arasında rəqabət olub. İndi də bu rəqabət davam edir".
Roma Papasının saxta erməni "soyqırımı" ilə bağlı dediklərini gəlincə isə o, "bunlar təbiidir",- deyə vurğulayıb: " Aprelin 24-nə qədər belə bəyanatların olacağını gözləmək lazım gəlirdi. Birincisi, ermənilər katolik kilsəsinin bir parçasıdır. Katolik dünyasında erməni qriqoryan kilsəsinin müəyyən rolu və hüquqları var. Bu baxımdan indiki Papanın əvvəllər mövcud olan şəxsi mövqeyini nəzərə alsaq, onun bu cür bəyanat verəcəyi gözlənilən idi. Həm də görünür ki, saxta "soyqırımı"nın yüz illiyi ilə əlaqədar həm qriqoryan kilsəsi, həm də erməni lobbisi ciddi iş apara biliblər. Biz burada xristian həmrəyliyi məsələsini də unutmamalıyıq. Şübhəsiz ki, burada konkret praqmatik maraqlar da var. Saxta "soyqırımı" məsələsi həm də Türkiyəyə qarşı təzyiq vasitəsidir. Bu bəhanədən istifadə edərək Türkiyənin imicinə də zərbə vurmaq məqsədi güdülür. Çox güman ki, gələcəkdə də bu bəhanədən istifadə ediləcək. Mən bu məsələnin yaxın zamanda həll ediləcəyini düşünmürəm. Qardaş ölkənin inkişafında marağı olan dövlətlər susqunluq nümayiş etdirsələr, Ankaraya dost olmayan ölkələr bu bəhanədən daima istifadə edəcəklər. Bu isə gələcəkdə saxta "soyqırımı"nın tanınmasının genişlənməsi deməkdir. Təbii ki, yetərli deyil. Çünki bunun obyektiv tərəfləri var. Saxta genosidi dəstəkləyən tərəf Türkiyə və onun dostları ilə müqayisədə çox güclü görünür. Bu baxımdan tərəflər arasında gücü hesabladıqda "soyqırımı"nın tanınması tərəfdarları daha güclü görünür. Amma mənə elə gəlir ki, bu məsələdə islam dünyası və türk dünyasının gücündən yetərincə istifadə olunmur. Əgər bu məsələdə türk və müsəlman dünyası həmrəylik nümayiş etdirərək Türkiyənin yanında yer alsa, qarşı tərəf bir qədər ehtiyatlı davranar. Yox, əgər bu məsələdə Türkiyə meydanda tək qalacaqsa, qarşı tərəf daha aktiv iş fəaliyyətini davam etdirəcək. Əks təqdirdə, türk-müsəlman dünyası Türkiyə ətrafında sıx birləşsə, bu məsələdə onu müdafiə etdiyini açıqlasa, Ankaraya qarşı addım atmaq istəyən qarşı tərəf düşünəcək ki, digər ölkələrlə münasibətləri zədələyə bilər. Amma təəssüflər olsun ki, biz xristian dünyasının saxta genosidlə bağlı nümayiş etdirdiyi həmrəyliyi müsəlman-türk dünyasında görmürük. Təbii ki, bu məsələdə Azərbaycanın özünün qəti və formalaşmış mövqeyi var, Bakı bu məsələdə haqlı olaraq Türkiyənin yanında yer alır. Bundan sonra da belə olacaq".

Əli