Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır Siyasət

Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 2 də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə regionda yaranmış yeni reallıqlar və Azərbaycan dövlətinin tutduğu mövqe haqqında ətraflı məlumat verdi. Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib.
Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.
Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.
Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən adamlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir.
Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində yeri və rolu vardır. Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihənin həyat keçirilməsi mümkün deyil. Prezident İlham Əliyevin iqtisadi-siyasi cəhətdən apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan yalnız regionda deyil, bütün dünyada sülhün, inkişafın tərəfdarı kimi tanınır.

Xətai rayon Qeydiyyat şöbəsinin rəisi
Leyla Süleymanova