Həmsədrlər bəyanat veriblər Siyasət

Həmsədrlər bəyanat veriblər

"Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq"

"Nə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi, nə də hər hansı bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır". Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrılıqda baş tutan görüşlərinin yekunu ilə bağlı verdikləri bəyanatda deyilir.
Bəyanata əsasən, həmsədrlər keçiriləcək "seçkilər"in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər: "Bildiririk ki, bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir".
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andryu ilə bərabər görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə hər iki ölkənin xarici işlər naziri aprelin 24-25-də müvafiq olaraq Bakı və İrəvanda Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti Fransua Oland ilə görüşü barədə məlumat verib: "Biz hər iki nazirə Azərbaycan və Ermənistan prezidentlərinin dialoqu intensivləşdirmələrinin və bu ilin sonuna kimi prezidentlərin növbəti görüşünün keçirilməsinin vacibliyini qeyd etdik. Nazirlər həmçinin prezidentlərin görüş zamanı müzakirə edəcəyi gündəliyi müəyyənləşdirmək üçün həmsədrlərin iştirakı ilə görüşməyə razılıq verdilər və həmsədrlərin bu yaxınlarda regiona reallaşdıracaqları səfərlərini dəstəklədilər"