“Bakı-Moskva-Ankara enerji ittifaqı yaranır” Siyasət

“Bakı-Moskva-Ankara enerji ittifaqı yaranır”

Sergey Markov: "Putinin I Avropa Oyunlarının açılışında iştirakı Azərbaycana olan rəğbətinin göstəricisidir"

Tanınmış rusiyalı politoloq Sergey Markov "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətinə həsr olunmuş mətbuat konfransı keçirib.
S. Markov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin I Avropa Oyunlarının açılışında iştirakı Azərbaycana olan rəğbətinin göstəricisidir: "Putin bununla Rusiya-Azərbaycan tərəfdaşlığının strateji, hətta müəyyən mənada müttəfiqlik xarakteri daşıdığını göstərib. Rusiya və Azərbaycan prezidentlərinin görüşündə nələrin müzakirə olunduğunu bilmirik, amma fərziyyələr irəli sürə bilərik. Avropa İttifaqı Avropaya qaz nəqli layihələrini üz-üzə qoymaq istəyir. Bizim məqsədimiz isə bu layihələrin rəqabətinə deyil, əməkdaşlığına nail olmaqdır. Onların məqsədi bu layihələri qarşı-qarşıya qoyub qazın qiymətini maksimum aşağı salaraq bundan maksimum gəlir əldə etməkdir. Bildiyiniz kimi, Türkiyə də bu məsələdə əsas rollardan birini oynayır. Gözümüzün qabağında Bakı-Moskva-Ankara siyasi enerji ittifaqı əmələ gəlir. Avropa mətbuatı bu ittifaqın yaranmasından narahatlığını dilə gətirib, bu isə onu göstərir ki, biz düzgün yolla gedirik".
Onun sözlərinə görə Azərbaycanda nəhəng tədbirin keçirməsinə çəkilmiş bütün əziyyət özünü doğruldacaq: "Bu infrastrukturdan yalnız oyunlar zamanı deyil, gələcəkdə də istifadə olunacaq. Hər şey çox gözəl başlayıb və davam edir. Əlbəttə ki, əhali hər zaman pulların hara xərclənməsi, düzgün istifadə olunub-olunmaması ilə bağlı suallar verir. Bu suallar bütün idman yarışlarında verilir və bu sualları normal qarşılamaq lazımdır".
Son bir neçə həftə ərzində Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını deyən S. Markov Qərb və Avrasiya mətbuatında yer alan sifarişli məqalələri oxuyarkən xəcalət çəkdiyini bildirib: "Kommersant" qəzetində dərc olunan məqalə isə xüsusilə xoşuma gəlmədi, çünki qərəzli idi. Bu tərzdə yazmaq düzgün deyil. Təbii ki, bu cür yazılar siyası sifarişin nəticəsidir. Hər kəs bunun arxasında kimlərin olduğunu bilir. Əminəm ki, bu anti-Avropa Oyunları dalğası sakitləşəcək və gələcəkdə Avropa Oyunlarının təşkili obyektiv qiymətləndiriləcək. Biz bu kampaniya ilə Soçi Olimpiadası ərəfəsində rastlaşmışdıq. İndiyə qədər mədəni və idman sahəsində bütün Avropanı birləşdirən belə bir tədbir olmayıb, bu, ilkdir. Ümidvaram ki, bu oyunların keçirilməsi daimi xarakter alacaq".