Həmsədrlərin gəlişindən nə gözləmək olar? Layihə

Həmsədrlərin gəlişindən nə gözləmək olar?

ATƏT-in Minsk qrupunun həmsədrləri artıq bölgədə səfərdədir. Ötən gün onlar Ermənistan prezidenti Serj Sarkisyanla İrəvanda görüşüb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və münaqişə zonasındakı vəziyyət müzakirə olunub.
Müzakirələr zamanı həmçinin qoşunların təmas xəttindəki son insidentlərə toxunulub.
Görüşdə münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasına dair üzərilərinə götürdükləri öhdəliklərin və yüksək səviyyədə əldə olunan razılaşmaların icrasının vacibliyi qeyd olunub.
Yerli ekspertlər Minsk qrupu həmsədlərinin münaqişə tərəfləri ilə görüşlərin heç bir əhəmiyyət daşımadığını vurğulayıblar. Bunu da erməni tərəfinin işğalçılıq siyasətini davam etdirməsi ilə əlaqələndiriblər.
Müstəqil hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin regiona növbəti, növbətçi səfəri başlayıb:" Görəsən adlarını diplomat qoyan adamlar indiyə qədər gördükləri hansısa bir uğurlu işi dilə gətirə bilərlərmi? Bu günə kimi onlarla həmsədrlər görmüşük və onlar da vəzifədə olanda bir söz, vəzifədən çıxandan sonra isə "bülbül kimi" tam başqa məsələlərdən, münaqişənin yalnız və yalnız sülh yolu ilə mümkünlüyünü dilə gətirirlər. Hansı ki, sülh yolunu elə həmin kazimirovlar, bratkelər, brayzalar və onlarla adlarını qeyd etmədiyim diplomatlar həll etməyə borclu idilər. Amma bunlar sanki "Qarabağ adlı marafon yarışında" biri digərinə "estafet ağacını", siyasi açıqlaması mənasız və heç bir nəticəsi olmayan danışıqlar prosesini ötürməklə günlərini sürməkdə davam edirlər. Belə gedişlə biz hələ uzun illər bunların "nağıllarını" eşitməyə məcbur olacağıq".
Onun sözlərinə görə, bu sonu görünməyən növbəti səfərlərdən biri də, hesabat üçün keçirilən görüşlər də sırf münaqişənin həllinə hesablanmış səfər deyil, sadəcə Ermənistanın maraqlarını təmin etmək üçün reallaşdırılan bir gedişdir: "Heç nə həll etmək istəməyən bu üçlük düşünürlər ki, Azərbaycan bunların hiylələrinə bundan sonra da dözmək niyyətindədir. Məncə artıq onlar öz limitlərindən xeyli artıq istifadə ediblər və məsələ yekunlaşmalıdır. Böyük ehtimalla, mən düşünürəm ki, münaqişəni həll edə biləcək yeganə qüvvə məhz Azərbaycan Silahlı Qüvvələri olacaqdır. Necə ki, 2016-cı ilin aprelində 20 il beynəxalq səylərin ortaya qoya bilmədikləri bir əzmi məhz bizə igid əsgər və zabitlərimiz qoydular. Hamımız şahidi olduq ki, Rusiya başda olmaqla ATƏT-in Minsk qrupu necə ələ-ayağa düşdü. Ona görə də, bu dəfə reallaşdırılan növbəti "turist səfəri" də sonda mücərrəd bir bəyanatı səsləndirməklə yekunlaşacaq. Bunlara münaqişənin həlli deyil, həm də öz daimi iş yerlərini qoruyub saxlamaq lazımdır. Onlar bu istiqamətdə nə bacarırlarsa onu da edirlər. Bunlar bivec, hiyləgər və çirkin siyasətlə məşğuldurlar".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun 20 ildən artıq apardığı fəaliyyətinin heç bir müsbət irəliləyişi olmayıb:
"Son bir ildə Minsk qrupunun fəaliyyəti demək olar ki, heç bir nəticə verməyib. Buna görə də cəbhə bölgəsində Ermənistanın təxribatları davam edərək, lokal toqquşmalara yol açıb.Nəticədə Ermənistan danışıqlar prosesindən çəkilməklə, sülh danışıqlarına zərbə vurmuş olur. Mart ayında həmsədrlərin regiona səfəri çərçivəsində üç maddəlik təkliflər paketi irəli sürülməsinə baxmayaraq, münaqişə ətrafında vəziyyət mürəkkəb olaraq qalır.Azərbaycanın işğal olunmuş ərazilərdə düşmənin ön xəttə çıxardığı hərbi texnikaları sıradan çıxarması və düşmənin kompromisə getməməsi, yenidən müharibə ehtimalını gücləndirir. Nəzərə alaq ki, qarşıdakı aylar hərbi əməliyyatlar üçün əlverişlidir".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, həmsədrlərin gəlişinin bölgəyə heç bir müsbət təsiri olmayacaq: "Danışıqlardan sonra və şablon bəyanatlardan sonra geri qayıdacaqlar".
Politoloq Mirsamir Məmmədo bildirib ki, işğal olunmuş ərazilərdə hər yaz və yay mövsümlərində ermənilər yanğınlar törədirlər: "Bundan guya həmsədrlərin xəbəri yoxdur? Var axı. Sadəcə özlərini görməməzliyə vurublar. Bölgəyə mütəmadi səfərlər etmək, prezidentlərlə görüşmək və sonradan gedib şablon bəyanatlar vermək münaqişənin sülh yolu ilə həllinə çalışmaq deyil. Əksinə, tərəflər arasında münaqişəni daha gərginləşdirməkdir. Mən inanmıram ki, həmsədrlər Sarkisyanla görüşdə onu başa salsınlar ki, sən işğalçılıq siyasətindən əl çəkməlisən, Azərbaycan torpaqlarını boşaldmalısan və s. Yəni, həmsədrlər bu vaxtadək Ermənistanın qarşısında sərt mövqe nümayiş etdirməyiblər. Minsk qrupunun fəaliyyəti gözdən pərdə asmaq xarakterlidir. ATƏT-in bu məsələdə 25 ilə yaxındır heç bir qənaətbəxş fəaliyyəti olmayıb. Mütəmadi olaraq bölgəyə səfər edən Minsk qrupunun 3 daimi həmsədr ölkəsinin nümayəndələrinin Dağlıq Qarabağ məsələsinin həllinə dair heç bir yardımı yoxdur. Faktiki olaraq Minsk qrupu acizlik nümayişlik etdirməkdədir. Hətta çalışılır ki‚ Azərbaycan sülh danışıqlarında işğalçı ölkəyə güzəştə getsin".
Bu arada Ermənistan mediası 1998-ci ildə mərhum prezidentlər Süleyman Dəmirəllə Heydər Əliyevin Qarabağ planını yenidən gündəmə gətirib. Türkiyə və Azərbaycan işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərin azad olunması üçün birgə plan hazırlayıb. Bu planda işğal olunmuş ərazilərin azad olunması üçün Azərbaycanın iqtisadi, siyasi və hərbi sferada güclənməsi, Ermənistanın beynəlxalq mühasirəyə alaraq zəiflədilməsi, beynəlxalq müstəvidə güclənmək nəzərdə tutulur. Bu plan hələ də qüvvədədir.
Erməni politoloq İqor Muradyan "Türkiyə və Azərbaycanın Qarabağ planı" adlı məqaləsində yazır ki, Ankara beynəlxalq müstəvidə Bakının maraqlarını sıx şəkildə müdafiə edir: "Hər iki ölkə vahid siyasət yürüdürlər və hər iki paytaxtda hesab edirlər ki, Qarabağın azad edilməsi üçün əlverişli məqam yetişib. Ankara həqiqətən çalışır ki, münaqişə həll edilsin və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Bunun üçün Türkiyə öz ssenarisini işə salır".
Erməni politoloqa görə, Türkiyə Qərb və Rusiya arasında yaranmış ziddiyyətlərə əsaslanan kombinasiya qurub.
"Yaranmış vəziyyət belədir: Avropa İttifaqı Ermənistana müstəqilliyini itirmiş ölkə kimi baxır, ABŞ İrəvanın NATO ilə əməkdaşlığını istəsə də, artıq bunun mümkünsüzlüyünü anlayıb. Rusiya Ermənistanın təcrid olunmuş vəziyyətindən istifadə edərək, istənilən qərarı onun boynuna qoya bilər. Qərbdə əla anlayırlar ki, Rusiya yaramış imkanı qaçırmayacaq və Ermənistanın maraqlarını bir kənara qoyaraq, Türkiyə və Azərbaycanla razılaşmağa çalışacaq. Təbii ki, hər şeydən öncə söhbət Qarabağ məsələsində razılaşmadan gedir", - deyə o bildirib.
İ.Muradyan planın digər hissəsini də açıqlayıb. Onun fikrincə, ikinci hissədə də nəticələr Azərbaycanın xeyrinədir: "Qərb Ermənistanın müstəqilliyini itirdiyini qəbul edəndən sonra, gücü Azərbaycana verir. Yəni Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün bu variantdan istifadə edir. Bu, asan məsələ olmasa da, demək olar ki, həll edilib. Bu ssenari üzrə Rusiya Cənubi Qafqazda sıxışdırılır, Ermənistan isə oyun səhnəsindən tamamilə yox olur. Artıq Vaşinqtondakı analitiklər anlamağa imkan verir ki, Amerika ssenarisinə görə, regionda Türkiyə və Azərbaycanla irəliləmək lazımdır, bunun üçün də Ermənistanla bağlı məsələ həll edilməlidir. Qərb Rusiyaya qarşı siyasi və iqtisadi müharibəni elan edib və bu Ermənistanın amansız nəticələrə üz-üzə qalacağı deməkdir. Ankara və Bakı yaranmış bu əlverişli şəraitdən istifadə edir. Hazırda Ermənistanın siyasi rəhbərliyi son dərəcədə ümidsiz vəziyyətdədir. Çünki Avrasiya İqtisadi İttifaqına daxil olmaqla, Avropa İttifaqı ilə münasibətlərdəki "yaşıl işığı" itirdib".
Politoloq onu da qeyd edib ki, həmsədrlərin Xankəndinə gedib, separatçılarla görüşməsi heç bir siyasi əhəmiyyət kəsb etmir.

Cavid