“Ermənistanın bütün hərbi –sənaye kompleksi Rusiyadan asılıdır” Layihə

“Ermənistanın bütün hərbi –sənaye kompleksi Rusiyadan asılıdır”

Tural Əliyev: "Ermənistan isə ianələrlə dolanan bir təşkilatdır"

Mirsamir Məmmədov: "Azərbaycanla işğalçı ölkə arasındakı güc nisbəti heç müqayisə oluna bilməz"

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan növbəti dəfə sərsəm bəyanatla çıxış edib. O bildirib ki, müharibədə Azərbaycana ağır zərbə vurulacaq. Həmçinin deyib ki, Azərbaycan Ordusu guya son 10 gün ərzində 8 nəfər itki verib.
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və ordumuzun guya son on gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq bildirilib ki, Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir: "Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə Azərbaycana ağır zərbə vurulacağı və Azərbaycan Ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərini acı istehza ilə qarşılayır, bildiririk ki, onun heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil. Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir. Azərbaycan əsgəri və ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, V.Sarkisyan Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, daha səmimi görünərdi".
Politoloq Tural Əliyev bildirdi ki, Ermənistanın hərbi nazirindən bu açıqlamanı eşitmək surpriz olmadı. Onun sözlərinə görə, 20 ildən çox işğalçı siyasəti aparan, hətta bunun üzərindən təhdid dolu danışmaq erməniyə xas olan xüsusiyyətdir: "Bir tərəfdən dünyada "yazıq erməni " obrazı yaradılır, guya Azərbaycan daima bunları qırıb, onların "torpaqlarında " oturmuş kimi sərsəm bəyanatlar, digər tərəfdən Ermənistanın hərbi potensialının Azərbaycandan çox olması kimi gülməli açıqlamalar real dünyadan uzaq olmalarından xəbər verir. Bir misal çəkib, mənzərəni tam təsəvvür etmək olar. Bir dövlətin ki, bütün müdafiə sistemi başqa dövlət tərəfindən qurulursa və ya təmin edilirsə hansı potensialdan danışmaq olar? Belə nəticəyə gəlmək olar ki, bu bəyanat sırf erməni ictimaiyyətinə hesablanmış addımdır. Ancaq başqa məqam da var, "Azərbaycan tərəfi müharibə olarsa çoxlu itkilər verəcək" fikirləri Azərbaycan ictimaiyyətinə də hesablanmış fikirlər ola bilsin. Zaman –zaman bütün müharibələrdə işlənmiş metodlardır. Ancaq erməni nazir bir nüansı yaddan çıxarmamılıdır. İndi 90-ci illərin əvvəli deyil, informasiya texnologiyalarının əsrində şayiələr işləmir artıq. Azərbaycan xalqı öz ordusuna inanır, çünki bütün hərbi texnika, şəxsi heyətin hazırlığı göz qabağındadır. Azərbaycanın son illərdə İsraildən və Rusiyadan aldığı hərbi texnika Ermənistanın hərbi potensialından qat-qat çoxdur. Aprel döyüşlər buna əyani sübutdur. İsraildən aldığımız son model texnikanın nələrə qadir olduğunu öz gözləri ilə gördülər. Ermənistanın İsrailə qarşı bəyanatlarını da yaxşı xatırlayırıq. Bilirsiz dəfələrlə, nəinki yerli hərbi ekspertlər, hətta xarici ekspertlər və hərbi analitik mərkəzlərin Azərbaycan və Ermənistan Azərbaycan ordularının müqayisəsi aparılıb, əksəriyyət reallıqdan çıxış edərək Azərbaycanın hərbi potensialının Ermənistandan qat-qat güclü olduğunu dilə gətiriblər. Pafosa söykənən fikirlər deyil, konkret hər tərəfli təhlillər aparılıb. Təhlillərdə dəqiq rəqəmlərlə göstərilib hər şey. Yuxarıda qeyd etdiyim kimi, Ermənistanın bütün hərbi –sənaye kompleksi Rusiyadan asılıdır. Bu ifadədən ermənilərin xoşu gəlmir. Müharibə təkcə, ehtiyatında olan hərbi texnika və kadr hazırlığı deyil, müharibə həm də çoxlu maliyyə tələb edir. Ermənistan dövləti isə ianələrlə dolanan bir təşkilatdır. İnsanın dili də gəlmir dövlət deməyə. Onların Cənubi Qafqazda hansı məqsədlə yaradıldığını dəfələrdə deyilib, yazılıb. Bütün bu deyilənləri nəzərə alaraq, Ermənistanın bu bəyanatının arxasında heç nə dayanmadığının bir daha şahidi oluruq. Psixoloji aspektdən baxdıqda bu "qorxu sindromu" ola bilər. Çünki, son günlər Ermənistan ordusundakı itkilər onların cəmiyyətini silkələdi. Ona görə müdafiə nazirinin bu cür ritorikası vəziyyətin onlar nə qədər kritik olduğunu göstərir".
Politoloq Mirsamir Məmmədov isə vurğuladı ki, Ermənistan hər zaman blef bəyanatlar səsləndirməyə çalışaraq Azərbaycan və Ermənistan arasındakı ciddi qüvvələr nisbətini mifoloji şəkildə dəyişməyə can atır: "Reallıq isə 180 dərəcə fərqlidir. Ermənistanın bütün qüvvəsi sadəcə səsləndirdiyi qeyri-real, gülünc və mifik bəyanatlardan ibarətdir. Sanki aradakı qüvvələr nisbətindəki fərqliliyin təskinliyini səsləndirdikləri bəyanatlarda tapmağa çalışırlar. Əslində Ermənistanın tək silahı onun iyrənc və mənfur yalanlarıdır. Dünya ictimaiyyətini hər zaman reallıqdan çox uzaq olan saxta ifadələrlə riyakarcasına aldatmağa çalışaraq diqqətləri və Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə dair baxış tendensiyasını dəyişməyə can atırlar. Eləcə də həm erməni ictimaiyyətində, üstəgəl Azərbaycan ictimaiyyətində də öz xeyirlərinə ictimai rəy formalaşdırmağa təşəbbüs göstərirlər. Bu siyasət birmənalı olaraq Ermənistanın işğaldan əl çəkməyəcəyinin görüntüsüdür. Lakin reallıq həmişə fərqlidir".
Onun sözlərinə görə, Azərbaycanla işğalçı ölkə arasındakı güc nisbəti heç müqayisə oluna bilməz, hələ nəinki Azərbaycana hər hansısa zərbərlər endirələr: "Bütün dünya şahiddir ki, Ermənistan 2016-cı ilin aprel döyüşlərində bütün dünyaya yalvarırdı ki, Azərbaycan müharibəni dayandırsın. Hələ o zaman biz ordumuzun ixtiyarında olan böyük silahların heç birisindən istifadə emədik. Çox kiçik həcmli silahlarla bütün erməni qüvvələrini ordumuz darmadağın elədi. Lələtəpə qəhrəman əsgərlərimizin şücaəti nəticəsində 40 dəqiqəyə azad edilmişdi. Cocuq Mərcanlı da həmçinin çox rahatlıqla düşmən qüvvələrindən təmizləndi. Ermənilərin bütün gülünc doğuran mifik bəyanatlarına, bütün erməni yalanlarına möhtərəm cənab Prezidentin tapşırığı ilə Cocuq Mərcanlıda məhz Şuşa məscidinin arxitekturasında məscidin inşa edilməsi ən tutarlı və layiqli cavabdı. Bu o demək idi ki, biz, erməni vandallarının məhv etməyə çalışdığı bütün tariximizi və tarixi abidələrimizi, eyni zamanda, bunun fonunda bütün ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənilərin bütün fəaliyyətləri sadəcə bəyanatlardan ibarət olduğu halda, Azərbaycan konkret və dəqiq addımlar atmaqdadır və Azərbaycan işğaldan azad etdiyi torpaqlarda yenidənqurma və abadlıq işləri aparır, cəbhəyanı ərazilərdə yaşayan mülki sakinlərin təhlükəsizliyi gücləndirilir, bu sahədə dövlətimiz var qüvvəsilə çalışır. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında qüvvələr nisbətindən danışmaq özü absurd bir fikirdir. Ermənistanın bütün qüvvəsi və potensialı 2016-cı ilin aprel döyüşlərində açıq-aşkar görsəndi. Onların tək gücü riyakarlıqdır və bütün dünyaya yalvararaq saxta və yalan göz yaşları ilə öz tərəflərinə çəkməyə çalışmaqdan ibarətdir. Tək bacardıları budur. Səsləndirdikləri bütün bəyanatlar da sadəcə ictimai rəy xarakterlidir. Ermənistan faktiki olaraq zəif, gücsüz və aciz duruma düşmüş, ciddi demoqrafik problemləri olan, səfil bir ölkədir. Azərbaycanın hərbi büdcəsi isə bütün Ermənistanın dövlət büdcəsindən qat-qat artıqdır. Azərbaycan ordusunun arsenalındakı silahlar dünyanın ən güclü ordusuna sahib ölkələrinin ordularında olan silahlarla eyni səviyyədədir. Azərbaycan silah sənayesi hal hazırda bir çox məhsullarını dünya bazarına çıxarıb, bir çox dövlətlər Azərbaycanın silahlarından sifariş verib. Faktiki olaraq Azərbaycan hərbi baxımdan çox inkişaf etmiş qüdrətli bir ölkəyə çevrilib. Bu bölgədə heç bir qüvvənin Azərbaycanla hərbi dildə danışmağa potensialı çatmaz, nəinki gücsüz və səfil Ermənistan ola. Azərbaycan ordusu istənilən zaman bütün Ermənistanı 24 saat ərzində yerlə-yeksan etməyə qadirdir. Güclü ordumuz hər an Ali Baş Komandanın əmrini gözləyir. Bu baxımdan Vigen Sarkisyan çox gülünc ifadələr səsləndirib. Hətta bizim ordumuzun və xalqımızın vətənpərvəliyi də hesaba qatılmalıdır. Mən sadəcə hələ dövlətimizin hərbi və siyasi gücündən danışdım. Təbii ki, xalqımızın sonsuz vətənpərvərliyi, həmrəyliyi, ordumuza və dövlətimizə dəstəyi, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi Azərbaycan dövlətinin gücünü birə-min artırır. Ermənistanda isə insanlar evlərini tərk edib qaçır, çünki erməni əhalisi aclıq və səfalət içərisindədir. Bu səbəbdən Vigen Sarkisyanın səsləndirdiyi ifadələr ancaq erməni təxayülünə sahib olan xəstə ruhlu insanlar üçündür".

Əli