Azərbaycanın mehriban qonşuluq siyasəti Layihə

Azərbaycanın mehriban qonşuluq siyasəti

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində siyasətini uğurla davam etdirir.
Azərbaycan hüquqi dövlət olaraq müstəqillik əldə etdikdən sonra ilk növbədə qonşuları ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və dostluq mühitində yaşamaq prinsiplərini elan etdi. Bu prinsiplərə söykənərək Azərbaycan dövləti bütün qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq yolunu tutub.
Azərbaycanın iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olduğunu deməyə əsas yaradır.
Son vaxtlarda Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya kimi formatlar Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli şəkildə fəaliyyət göstərir.
Bu əməkdaşlıq formatları regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.
Bu yaxınlarda reallaşan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verilməsini buna misal çəkə bilərik.
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.
Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
Şərqlə Qərbin, Şimalla Cənubun, islam və xristian dünyasının kəsişməsində yerləşən bir ölkə olan Azərbaycanın qonşularla əməkdaşlığında əsas məqsəd bölgənin sabitliyinə xidmət etməkdir. Məlum olduğu kimi, ölkəmizin yerləşdiyi regionda bir-birindən tamamilə fərqli siyasi xəttə üstünlük verən 3 böyük dövlət - Rusiya, Türkiyə və İran var. Yaşadığımız illərdə hər 3 dövlətin xarici siyasətində mühüm dəyişikliklər baş verir, mürəkkəb proseslər yaşanıb.
Gəlin Azərbaycanın qonşuları ilə əməkdaşlığına qısa nəzər salaq və elə qonşu ekspertlərin bu əməkdaşlıq formatlarına münasibətlərini öyrənək.

Türkiyə

Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olan və bugünədək mövqeyimizi dəstəkləməkdə davam edən Türkiyə ilə münasibətlər son dərəcə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin bölgədə baş verən geosiyasi və iqtisadi vəziyyətin inkişafına, trans-regional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
İki ölkənin əməkdaşlığına toxunan Qara Dəniz Universitetinin professoru, türkiyəli politoloq Coşkun Topal "Xalq Cəbhəsi"nə açıqlamasında qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri, strateji tərəfdaşlıq səviyyəsi yüksəkdir: "Enerji ölkələr arasındakı əlaqələrin vacib elementlərindən biridir. Türkiyənin regiona qarşı yeni siyasətini həyata keçirmək və Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycana ehtiyacı var. Azərbaycanın da enerji resurslarını dünya bazarlarına çıxarmaq və Rusiyanın enerji resurslarına təzyiqindən xilas olmaq üçün Türkiyəyə ehtiyacı var. Bu mərhələdə, iki ölkə bölgənin resurslarını dünyaya gətirmək məqsədilə ümumi enerji strategiyasını və siyasətini inkişaf etdirməlidir".
Politoloq onu da qeyd edib ki, Azərbaycan və Türkiyə Qarabağ münaqişəsini həll etmək üçün daha yaxın diplomatiya tətbiq etməlidirlər. Qərb Cənubi Qafqazın ən qüdrətli ölkəsi olan Azərbaycan və Türkiyənin regionda mühüm bir müdafiəçi və mühüm qərar verəcək iqtidarında olduğunu görməlidirlər. Türkiyə-Azərbaycan əlaqələri Qafqazın təhlükəsizliyinin əsasını təşkil edir. Buna görə təhsil, təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahəsində əməkdaşlıq qaçılmazdır.

Rusiya

Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alaraq, Azərbaycanın xarici siyasəti böyük əhəmiyyətə malik şimal istiqamətinə xüsusi diqqət ayırır. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinin tərəfdarıdır. Belə konstruktiv mövqeyi sayəsində burada özünü büruzə verən müsbət meyllərdən, ilk növbədə ikitərəfli münasibətlərin "istiləşməsi"ndən xəbər verən prezidentlərin qarşılıqlı səfərlərindən, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan-Rusiya sazişindən, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müxtəlif sahələri əhatə edən əməkdaşlıqdan söz açmaq olar.
"Yabloko" Partiyasının eks mətbuat katibi, rusiyalı politoloq İqor Zaycev qəzetimizə verdiyi açıqlamasında Azərbaycanın Rusiya ilə əməkdaşlığının regionda təhlükəsizliyə təminat verdiyini söyləyib. Onun sözlərinə görə, rəsmi Bakı, təkcə yaxın qonşuları ilə deyil, uzaq qonşuları ilə də balanslaşdırılmış əməkdaşlıq siyasəti yürüdür: "Tək Cənubi Qafqazda deyil, keçmiş post sovet məkanında Azərbaycan kimi ikinci bir dövlət tapmaq çətindir ki, belə bir siyasət yürütsün. Azərbaycan hər bir dövlətlə öz dili ilə danışır, o cümlədən Rusiya ilə. Hər iki dövlətin əməkdaşlığı tərəflərin xeyrinə hesablanıb. Düzdür, müəyyən boşluqlar da var. Amma hələ ki, reallıq bu boşluqların doldurulmasına imkan vermir. Ümid edirəm ki, yaxın illərdə bu problemlər də aradan qaldırılacaq".

İran

Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyinin ilk günlərindən Azərbaycan İranla münasibətlərinə böyük əhəmiyyət verib. Azərbaycan qonşu İranla siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır.
Amma bəzi hallarda rəsmi Tehran Azərbaycana fərqli yanaşma tərzi sərgiləyir. İranla mədəni və mənəvi dəyərlər baxımından yaxın olmağımıza rəğmən Tehran bəzən Azərbaycanın daxili
işlərinə qarışmaq kursu götürür. Belə olan halda isə ikitərəfli münasibətlərdə müəyyən gərginlik yaranır. Azərbaycan isə özünün mehriban qonşuluq və başqasının daxili işlərinə qarışmamaq kursu ilə sülhpərvər qonşuluq prinsiplərinə sadiq qaldığını dəfələrlə sözdə və işdə sübut edib.
Bu barədə İranın Azərbaycandakı sabiq səfiri, diplomat Əfşar Süleymani ilə söhbətləşdik. Diplomat bildirib ki, İran-Azərbaycan əməkdaşlığının güclənməsi üçün ilk növbədə qarşılıqlı inam və etimad olmalıdır: "Siyasi anlaşmada yaxınlaşma, əlaqələrə qarşılıqlı real baxış lazımdır. Azərbaycan İran üçün Cənubi Qafqaza, Rusiya və Qara dənizə, Avropaya açılan önəmli bir qapı sayılır. Tarixi, mədəniyyəti, dini bir olan Azərbaycan İran üçün əhəmiyyətli bir ölkədir".
Ə.Süleymani onu da vurğulayıb ki, hər iki ölkə arasında əməkdaşlığa qarşılıqlı baxışı olmalı, regional mövzularda tərəflərin aydın və şəffaf müzakirələri, fikir ayrılıqlarını bir yerdə müzakirə edib həllini tapmaq əməkdaşlığın güclənməsi demək olar: "Azərbaycan İranla bütün sahələrdə əməkdaşlığa üstünlük verib. Hətta hərbi sahədə belə. Bu qonşumuz, Azərbaycanın da regionda güclənməsi, inkişafı deməkdir. Bəzi məsələlərdə də ümid edirəm ki, ümumi ortaq məxrəcə gəlinəcək".

Gürcüstan

Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Gürcüstandır. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.
Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranıb. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi amillərdən biri Gürcüstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşib. Həmin dövrdən etibarən Gürcüstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb.
Gürcüstan Kommunust Partiyasının sədri, politoloq Temur Pipia qəzetimizə verdiyi açıqlamasında Azərbaycanın rəsmi Tiflislə əməkdaşlığına və bu əməkdaşlığın Gürcüstanın dövlət və dövlətçiliyinin möhkəmlənmısinə xidmət etdiyini deyib: "Azərbaycanla Gürcüstanı müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrinin genişlənməsi, Qafqazda siyasi sabitliyin yaranması, Transqafqaz və Transxəzər magistrallarının təhlükəsizliyinin təmini və nəhayət, demokratik cəmiyyət, hüquqi dövlətin quruculuğu prosesində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi birləşdirir. Qeyd edək ki, hər iki ölkə separatizmin qurbanıdır. Buna görədir ki, Türkiyə, Azərbaycan və Gürcüstan separatizm və terrorizmə qarşı birgə mübarizə istiqamətində də əməkdaşlıq edirlər. Heç şübhəsiz Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TRASEKA kimi enerji, nəqliyyat-kommunikasiya layihələri bu iki ölkəni bir-birinə strateji cəhətdən daha sıx tellərlə bağlayır. Azərbaycan Gürcüstanın qaza olan tələbatının 70 faizini verir".

Ermənistan

Azərbaycan torpaqlarını işğal edən Rusiyanın bir əyaləti hesab olunan Ermənistan isə geosiyasi dalana dirənib. Bu da onun Azərbaycan, Gürcüstana və hətta Türkiyəyə ərazi iddiasından və rəsmi Moskvanın dirijor çubuğu ilə hərəkət etməsindən irəli gəlir. Artıq onun manevr məkanı çox daralıb. Müxtəlif yerlərdə hay-küylə danışmalarına baxmayaraq, real olaraq Ermənistan tənha vəziyyətdədir. Onun böyük əməkdaşlıq formatlarının heç birində ismi yoxdur. Bu isə faktiki olaraq, Sarkisyan rejiminin xarici siyasətinin iflası deməkdir. Ermənistanın milli dövlət kimi formalaşa bilməməsinin çox ciddi əlamətidir. Ermənistan forpost ölkə, vassal dövlət statusundan kənara çıxa bilməyib. Onun bu mövqeni tərk edə biləcəyini göstərən faktorlar da yox dərəcəsindədir. Müasir dövrün çağırışlarına uyğun özünü yarada bilməyən cəmiyyətin taleyi qeyri-müəyyəndir. İrəvan günahkarı kənarda yox, özündə axtarmalıdır!..
Regional Tədqiqatlar Mərkəzinin analitiki Mikael Zolyan bildirib ki, Azərbaycanın müəllifi olduğu beynəlxlaq iqtisadi layihələrdən Ermənistanın kənarda qalması ölkənin tənəzzülü deməkdir.
...Ümumiyyətlə, qonşularıyla münasibətləri geosiyasi və coğrafi baxımdan mühüm əhəmiyyətə malik Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Cavid Şahverdiyev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.