Əsrin faciəsindən 34 il ötür Layihə

Əsrin faciəsindən 34 il ötür

Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 34 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb.

Xocalı soyqırımından danışaniraqlı tarixçi, İraq Respublika Strateji Tədqiqatlar Mərkəzinin direktoru və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Mötəzz Muhi Əbdülhəmid (Mutaz Mohi Abdulhamid) deyib ki, hər il, fevralın 26-da Azərbaycan xalqı ermənilərin Xocalı şəhərində dinc ailələrə qarşı törətdikləri qırğını və soyqırımı xatırlayır. Ermənilərin bu bölgədə törətdikləri qətl və soyqırımı üsulları uzun illər davam edib və biz 1905-1907-ci illər arasında ermənilərin Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlər törətdikləri, irimiqyaslı hərbi əməliyyatlar həyata keçirdiklərini xatırlayanda başa düşürük ki, bu soyqırımın tarixi keçmişə gedib çıxır. İrimiqyaslı qanlı aktlarlar nəticəsində yüzlərlə kənd dağıdılıb və yer üzündən silinib, Azərbaycan xalqının minlərlə dinc sakini isə Böyük Ermənistan dövləti yaratmaq cəhdi ilə xüsusi amansızlıqla qətlə yetirilib: “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu cinayətlər və soyqırımlar nəticəsində Ümummilli Lider Heydər Əliyev 19 iyul 1991-ci ildə Sov.İKP-nin tərkibindən çıxaraq demişdir: "Rusiya ermənilərin, xüsusən 1948-1953-cü illər arasında Moskvadakı lobbisinin təhriki ilə azərbaycanlılara hücum etməsinə imkan verməkdə böyük rol oynamışdır. İosif Stalin bir neçə fərman verdi ki, ona əsasən 150 mindən çox azərbaycanlı Ermənistan bölgələrindən qovuldu və Azərbaycan SSR-in Kür-Araz ovalığına sürgün edildi, habelə beynəlxalq hüquq normalarına zidd olan bu qərarların icrası ilə əlaqədar çox sayda azərbaycanlı köçürüldü)”.

İraqlı alim qeyd edib ki, 26 fevral 1992-ci ildə Azərbaycanda yerləşən Xocalı şəhəri və onun sakinləri bütün məlum müharibə qaydalarını aşan misli görünməmiş qırğına məruz qaldılar. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciə yüzlərlə azərbaycanlının məhvi ilə nəticələndi və şəhər yer üzündən silindi. 25-26 fevral 1992-ci il tarixində keçmiş Sovet İttifaqının 366-cı alayının əsasən ermənilərdən ibarət piyada bölmələrinin dəstəyi ilə erməni silahlı qüvvələri Xocalı şəhərini ələ keçirdi. Şəhərdə tələyə düşmüş sakinlər təcavüz başlayandan sonra ən yaxın yaşayış məntəqələrinə aparan yollara çıxmaq ümidi ilə evlərini tərk etməyə çalışırdılar. İşğalçılar Xocalını tamamilə dağıtdıqdan və dinc əhaliyə qarşı misilsiz qəddarlıqla qırğınlar törətdikdən sonra da rahat durmadılar: “Yüzlərlə Azərbaycan vətəndaşı yalnız azərbaycanlı olduqları üçün öldürüldü və işğal zamanı qadınlar belə sağ qalmadı. Bu barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni işğalçıları tərəfindən mülki əhaliyə qarşı qanun pozuntularını və hücumları pisləyən qətnaməsində deyilir.

Qırğınların ildönümündə Prezident İlham Əliyev məcburi köçkün düşmüş Xocalı sakinlərinə müraciət edərək dedi: "Xocalı qətliamı ilə bağlı bu faktı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox səy göstərdik və bütün dünyadan ədalət tələb etdik.

Bu gün Xocalı azadddır, gözəlləşir, canlanır, uzun ayrılıqdan sonra sakinlərini sevinclə qarşılayır. Bu sevinc Azərbaycanın misilsiz qələbəsi fonunda baş verir. 28 ildən çoxdur ki, Azərbaycan rəhbərliyi öz problemlərini Azərbaycan Silahlı Qüvvələrinin köməyi ilə tez həll edi. Ordunu bütün Qarabağ bölgəsinin və onun ən mühüm şəhərlərinin qələbəsinə və azad edilməsinə aparan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqı, əhalisi azad edilən rayonların simasını erməninin təhqirindən sonra dəyişdirib. Torpaqları azad etmək və Vətənin çiçəklənməsi üçün canlarını ödədilər. Onların ölməz xatirəsi Vətən və müstəqillik uğrunda fədakarlıq əlaməti olaraq Azərbaycan övladlarının yaddaşında əbədi qalacaqdır. Xalq vətənlərini xilas etmək üçün canlarını vermiş şəhidlərin əzəməti ilə fəxr edirlər.”.

Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib ki, Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və sivilizasiyaya qarşı törədilən ən dəhşətli cinayətlərdən biri kimi tarixə düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı və ağır texnikasının dəstəyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş bir qətliam törədib. Xocalı şəhəri Dağlıq Qarabağın strateji əhəmiyyətli nöqtəsi və bölgədəki yeganə mülki hava limanının yerləşdiyi mərkəz idi. Məhz bu səbəbdən şəhər 1991-ci ilin oktyabrından etibarən tam blokadaya alınmışdı. Aylarla davam edən mühasirə nəticəsində əhali elektrik enerjisi, su, qida və tibbi ləvazimatlardan tamamilə məhrum edilmişdi. 1992-ci il fevralın 25-də başlayan hücum sadəcə şəhərin işğalı məqsədi daşımırdı - bu, Ermənistanın uzun illər boyu yürütdüyü etnik təmizləmə siyasətinin ən qanlı mərhələsi olub, dinc əhalini milli mənsubiyyətinə görə tamamilə məhv etmək planı idi.

K.Bayramov qeyd edib ki, bu gün belə 150 nəfər xocalılının taleyi hələ də məlum deyil. Bütün bu faktlar göstərir ki, Xocalıda baş verənlər sadəcə bir müharibə epizodu deyil, xalqın varlığını hədəf alan, məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktıdır. Dünya birliyinin gözü qarşısında baş vermiş bu dəhşətli cinayətin əsl mahiyyətinin üzə çıxarılması və beynəlxalq müstəviyə çatdırılması yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndər Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verərək, bu həqiqətlərin dünya dövlətlərinə çatdırılması üçün geniş diplomatik mübarizə aparmışdır. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etmişdir. Heydər Əliyevin imzaladığı fərmanlar, o cümlədən 1998-ci il martın 26-da təsdiqlənən “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni vəhşiliyinin ifşası üçün tarixi sənədə çevrildi.

Ümummilli Lider tərəfindən müəyyən edilmiş strateji dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji addımlar, o cümlədən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı imzalanan sərəncamlar, tariximizin qanlı səhifələrinin unudulmaması üçün mühüm təməldir. Bu gün Azərbaycan dövləti həm beynəlxalq arenada, həm də informasiya müstəvisində Ermənistanın törətdiyi hərbi cinayətləri və Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, tarixi ədalətin bərpası naminə öz prinsipial mübarizəsini sürdürür.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, sərgilər, konfranslar və digər maarifləndirici tədbirlər təşkil olunur. Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqət mərkəzində olsa da, hələ də bir çox ölkələr bu faciəyə adekvat hüquqi və siyasi qiymət verməyib. Bununla yanaşı, bir sıra dövlətlərin parlamentləri Xocalı soyqırımını tanıyan və pisləyən qətnamələr qəbul ediblər. Bosniya və Herseqovina, Meksika, Kolumbiya, Çexiya, Pakistan, Peru, Honduras, Sudan, İordaniya, Sloveniya və digər ölkələr bu faciəni rəsmi şəkildə tanıyaraq qətiyyətlə pisləyiblər. ABŞ-ın 20-dən artıq ştatında da Xocalı soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul olunub.

K.Bayramov əlavə edib ki, Azərbaycanın Müzəffər Ordusu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək işğal altında olan torpaqları azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı qüvvələrdən tamamilə təmizləndi və Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını ucaltdı. Bu, Xocalı şəhidlərinin ruhunun rahatlıq tapması və Azərbaycanın haqlı qisasının alınması demək idi.

Qeyd edək ki, Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsi Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olunub. Hər il fevralın 26-da bu abidə önündə ümumxalq anım mərasimi keçirilir, insanlar qətliam qurbanlarının ruhuna ehtiramlarını bildirirlər. Bu anım mərasimləri təkcə faciə qurbanlarının xatirəsinin yad edilməsi deyil, həm də xalqımızın tarixi yaddaşının, milli həmrəyliyinin və ədalət uğrunda sarsılmaz iradəsinin ifadəsidir. Xocalı həqiqətləri unudulmur, unudulmayacaq və gələcək nəsillərə ötürülərək beynəlxalq miqyasda ədalətin tam bərqərar olması istiqamətində mübarizə davam etdiriləcəkdir.

Cavid