
İqlim dəyişmələri son illərdə dünyanın ən əsas problemlərindən biridir. Dünyanın bir çox yerlərində güclü yağışlar, daşqınlar, meşə yanğınları, eləcə də isti hava müşahidə edilir. Bunlar çox sahələrə öz mənfi təsirini göstərir, fəsadlar törədir.
Mütəxəssislər bildirir ki, bu problemlərin qarşısı alınmasa, iqlim böhranının gələcəkdə nəticələri daha da ağır olacaq.
Azərbaycan da iqlim dəyişikliyinin təsirinə məruz qalır. Belə ki, günümüzdə ölkədə normadan artıq yağan yağışlar qlobal iqlim dəyişikliyinin nəticəsidir.
Ekoloqlar “Xalq Cəbhəsi”nə qlobal iqlim dəyişikliyi problemi və bununla mübarizə yolları haqqında danışıblar.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, son dövrlər Azərbaycanda və regionda müşahidə olunan intensiv yağışlar və qeyri-adi iqlim təzahürləri qlobal iqlim dəyişikliyinin fəsadları ilə əlaqələndirilir: “Ekspertlər hesab edir ki, temperatur artdıqca atmosfer daha çox su buxarı saxlayır. Nəticədə normadan artıq yağışlar yağır, sel və daşqınlar artır. Mövsümlər yerini dəyişir, quraqlıq artır, bəzi bölgələrdə intensiv yağışlar yağır, anormal hava hadisələri kəskin xarakter alır”.
Adaptasiya tədbirləri
E.Cəfərli söyləyib ki, Azərbaycan və Cənubi Qafqaz bütövlükdə qlobal iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən bölgədir: “Son illər təkcə ölkəmizdə deyil, regionda, hətta Mərkəzi Asiyada, Rusiyanın bəzi bölgələrində, Türkiyədə, İranda yaz və payız yağışları intensivləşib, çaylar daşır, insanlar sel və daşqınların yaratdığı fəsadlardan əziyyət çəkilər. Daşqınlar bəzi hallarda insan itkilərinə yol açır, kənd təsərrüfatına, münbit torpaqlara zərər vurur. Normadan artıq yağışların bəzi hallarda müsbət təsirləri də hiss olunur. Hətta Güney Azərbaycan Urmu gölü hövzəsi intensiv yağışlar sayəsində yenidən dolub. Ümumilikdə İran, Əfqanıstan quraqlıqdan əziyyət çəkən ölkələrdir. Son illərin təcrübəsi göstərir ki, intensiv yağışlar növbəti mövsümlərdə də davam edəcək. Buna görə də qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, daha dəqiqi adaptasiya tədbirləri gücləndirilməlidir”.
Yağış sularının depolanması
O həmçinin qeyd edib ki, bu gün dünya təcrübəsində yağış sularının depolanması layihələri icra olunur: “Bu metod həm sel riskini azaldır, həm də anormal və intensiv yağıntıların artdığı dövrdə yağış sularından səmərəli istifadəni təmin edir. Beynəlxalq təcrübədə yağış suları bu cür depolanır: evlərin damlarına xüsusi çənlər qoyulur, süni gölməçələr, su anbarları yaradılır. Toplanan su filtrdən keçirilərək kənd təsərrüfatında, yaşıllaşdırmada, avtoyumada istifadə olunur. Yağış suyu bəzi hallarda təmizləndikdən sonra hətta məişətdə də istifadə edilir. Niderland, Avstraliya və Sinqapur bu sahədə böyük təcrübəyə malikdir. Hətta Niderlandın iri şəhərlərində yağış sularını depolayan xüsusi meydanlar, sel və daşqın riskini minimuma endirən su parkları yaradılıb”.
“Hər güclü yağış təbii fəlakət kimi qiymətləndirilmir”
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, son günlər Azərbaycanda müşahidə olunan güclü və uzunmüddətli yağışların əsas səbəbi atmosferdə müxtəlif hava kütlələrinin toqquşması və qeyri-sabit sinoptik proseslərdir: “Xüsusilə may ayı keçid mövsümü olduğuna görə həm isti, həm də soyuq hava axınları tez-tez qarşılaşır. Bu da güclü buludlanma, leysan, şimşək və bəzi yerlərdə dolu ilə nəticələnir. Meteoreoloqlar bildirirlər ki, şimaldan daxil olan soyuq hava kütlələri cənub və cənub-qərbdən gələn isti və rütubətli hava axınları ilə qarşılaşır, atmosfer cəbhələri yaranır və nəticədə qısa müddətdə normadan artıq yağıntı düşür. Metrologiyada hər güclü yağış avtomatik olaraq təbii fəlakət kimi qiymətləndirilmir. Lakin bu hallarda yağış hadisəsi artıq fövqəladə hidrometroloji hadisə hesab olunur: Qısa müddətdə normadan bir neçə dəfə artıq yağıntı düşürsə; Şəhər infrastrukturu (yollar, tunellər, metro, drenaj sistemləri) fəaliyyətini itirirsə; Yaşayış evlərinə və əmlaka ziyan dəyərsə. Bu hallarda hadisə artıq urban daşqın və ya hidrometroloji təbii fəlakət kimi qiymətləndirilir. Metrologiyada 24 saatda 100 mm və daha çox yağış çox vaxt “ekstrem güclü yağış”hesab olunur, saatda 50 mm-dən yağış “çox güclü” və 80 mm/saatdan yuxarı isə “ekstrem intensivlik” sayılır. Metrologiyada “norma“ anlayışı müəyyən ərazi üzrə uzun illərin (adətən 30 ilin) orta yağıntı göstəricisinə əsaslanır. Əgər ay üzrə orta norma 20 mm-dir və faktiki düşən yağıntı 80-mm olarsa, bu zaman həmin yağıntı normadan 4 dəfə artıq hesab edilir”.
Yeni iqlim reallığı
İ.Həsənovanın sözlərinə görə, hazırda Xəzər dənizi üzərindən gələn yüksək rütubət də prosesi gücləndirir: “Buna görə Bakı və Abşeronda aylıq yağıntı norması bəzi ərazilərdə 200–279 faiz artıq qeydə alınıb. Bundan başqa, iqlim dəyişikliyi də mühüm rol oynayır. Son illərdə havalar daha dəyişkən olur, yağıntılar daha intensiv və qısamüddətli şəkildə düşür, mövsümlərarası keçidlər daha sərt keçir. Hazırkı proseslərin nəticəsi olaraq çaylarda su səviyyəsi artır, bəzi dağ çaylarında sel riski yaranır, torpaq sürüşməsi və lokal subasma ehtimalı yüksəlir. Elmi müşahidələr göstərir ki, son illərdə ekstrem yağıntı hadisələrinin tezliyi artmaqdadır. Bu artım əsasən qlobal temperaturun yüksəlməsi, atmosfer rütubətinin artması və regional hava dövranının dəyişməsi ilə bağlıdır. Bu səbəbdən qısamüddətli, lakin çox intensiv yağışlar artıq nadir hadisə deyil, yeni iqlim reallığının göstəricisi hesab olunur”.
Ekoloq bildirib ki, son illərdə Azərbaycanda da müşahidə olunan bəzi güclü və lokal intensiv yağıntılar iqlim norması ilə müqayisədə yüksək göstəricilər nümayiş etdirir: “Xüsusilə şəhər ərazilərində qısa müddətdə çox yağıntı düşməsi yolların su altında qalmasına, nəqliyyatın çətinləşməsinə və kanalizasiya sistemlərinə əlavə yük düşməsinə səbəb olur. Əgər rəsmi məlumatlarda yağıntının normadan 3-4 dəfə artıq olduğu qeyd edilirsə, bu artıq adi meteoroloji hadisə deyil, ekstrem hava hadisəsi kimi qiymətləndirilə bilər. Müasir dövrdə iri şəhərlərdə müşahidə olunan intensiv yağışlar təkcə lokal hava hadisəsi deyil, qlobal iqlim dəyişikliklərinin praktik nəticəsidir. Normadan bir neçə dəfə artıq düşən yağıntılar isə hidrometeroloji risk hesab olunur və bəzi hallarda təbii fəlakət səviyyəsinə çata bilər. Bu səbəbdən şəhərsalma planlaşdırılması, drenaj sistemlərinin yenilənməsi və iqlimə uyğun adaptasiya tədbirləri getdikcə daha böyük əhəmiyyət daşıyır”.
“Qafqaz regionu iqlim dəyişikliklərinə həssas ərazilərdəndir”
Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd edib ki, qlobal iqlim dəyişiklikləri nəticəsində atmosferdə temperatur artır və hava daha çox rütubət saxlaya bilir: “Bu isə bir çox regionlarda intensiv və qısamüddətli yağıntıların artmasına səbəb olur. Son dövrlərdə Azərbaycanda və Qafqaz regionunda müşahidə olunan güclü yağışlar da bu ümumi tendensiyanın bir hissəsi kimi qiymətləndirilə bilər”.
R.Abbasov qeyd edib ki, Qafqaz regionu iqlim dəyişikliklərinə həssas ərazilərdən hesab olunur: “Burada həm quraqlıq dövrlərinin uzanması, həm də qısa müddətdə normadan artıq yağıntıların düşməsi daha tez-tez müşahidə edilir. Nəticədə sel, daşqın, torpaq sürüşməsi və şəhərlərdə subasma halları artır. Lakin ayrı-ayrı bir yağış hadisəsini yalnız iqlim dəyişiklikləri ilə əlaqələndirmək düzgün olmaz. Urbanizasiya, yaşıllıq sahələrinin azalması, yararsız drenaj sistemləri və plansız tikinti də bu proseslərin təsirini gücləndirir. Yəni iqlim dəyişiklikləri ekstremal hava hadisələrinin intensivliyini artırır, mövcud infrastruktur problemləri isə nəticələri daha ağır edir”.
Röya İsrafilova