Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər Layihə

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Qaradağ rayonu Azərbaycvanın ən çox inkişaf etmiş rayonlarından biridir. Rayonda mövcud olan zəngin resurlsar inkişafı şərtləndirən amillərdən biridir. Eyni zamanda son illər rayonda çox ciddi işlər görülüb, infrastruktur yenilənib, əlavə iş yerləri açılıb, yeni parklar salınıb, həmçinin əsaslı təmir edilib. Qeyd edək ki, Qaradağ rayonunun 11 qəsəbəsi var. Rayonda neft-qaz, əhəng daşı və gil yataqları mövcuddur.
Rayonda müasir avadanlıqlarla təmin edilmiş xəstəxanalar, eni zamanda məktəblər fəaliyyət göstərir. Qaradağda təhsilə, səhiyyəyə, idmana xüsusi diqqət yetirilir.
Bu güy rayon ərazisində 30-dan çox iri sənaye müəssisəsi fəaliyyət göstərir. Onların arasında Heydər Əliyev adına BDÖZ, Ə.Əmirov adına Neft-Qaz Çıxartma İdarəsi, Qaz Emalı zavodu, "Holcim" ASC, Bakı gəmiqayırma zavodu, Qaradağ Metal Konstruksiyalar zavodu, "Metanol CO", Səngəçal Elektrik Stansiyası, "Gilan-Holdinq" Qaradağ Kərpic zavodu və s. adlarını qeyd edə bilərik. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilib və rayonun əsası qoyulub. Rayon 1937-ci ilədək Mikoyan, 1956-cı ilədək Molotov, 1956-1963-cü illərdə Qaradağ , 1963-66-cı illərdə Əzizbəyov, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.

Statistik göstəricilər

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Qaradağın sosial, iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf tempi saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil edib. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində hazırda rayonun Qobustan qəsəbəsində 60 çarpayılıq 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında poliklinika, stasionar, təcili yardım və doğum şöbələrinin, Qızıldaş qəsəbəsində 350 yerlik Mədəniyyət Evinin tikintisi, Puta, Ələt, Səngəçal və Qobustan qəsəbələrində isə idman komplekslərinin tikintisi davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində 120, Ümid qəsəbəsində isə 100 yerlik uşaq bağçalarının tikintisi aparılır. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yeni parklar salınıb, rayonun bütün qəsəbə və digər yaşayış məntəqələrini də əhatə edən abadlıq və yaşıllaşdırma işləri, Bakı-Astara avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq, Ələt qəsəbəsi də daxil olmaqla 60 km məsafəni də əhatə edib. Burda 1 000 ədəd zeytun, 10 000 yaxın şam və sərv ağacları, eyni zamanda ərazidə əlavə dekorativ kollar əkilib. Lökbatan qəsəbəsi ərazisində hərbi şəhərciyin qarşısında yolüstü piyada keçidi istifadəyə verilib. Sahil, Sanqaçal, Qobustan, Ələt qəsəbələrində binaların fasadları rənglənib, 8000 kv.metrdən çox dam örtüyü vurulub, qəsəbələrdə hasarlar çəkilib, 10 000 kv.metrdən çox hörgü işləri aparılıb. Bakı-Salyan avtomobil yolunun kənarlarına səki daşları düzülüb. Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda mövcud qaz, su, işıq, kanalizasiya problemlərinin aradan qaldırılması istiqamətində də çox böyük işlər görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün yeni kompleks transformator məntəqəsi quraşdırılıb, transformatorlar daha güclüsü ilə əvəz olunub, yeni yüksəkgərginlikli kabel xətləri çəkilib, aşağı gərginlikli hava xətləri, aşağı gərginlikli kabel xətləri çəkilib və təmir olunub. Qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 168 min poqonmetr mövcud qaz xətti yenisi ilə əvəz olunub. Belə ki, çəkilmiş qaz kəmərləri 439844 metr, quraşdırılmış qaz ilə təmin olunmuş abonentlərin sayı 13218 nəfər, quraşdırılmış qaztənzimləyici 210 ədəd, quraşdırılmış siyirmələr 231 ədəd olub. Keçən il may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1 026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi olub və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmin tədbirdə iştirak edib.

Xüsusi diqqət

Qeyd edək ki, prezident İlham Əliyevin rayona xüsusi diqqəti var və o 1995-2000-ci illərdə bu rayondan millət vəkili olub. Prezident Qaradağa xüsusi diqqət göstrərdiyini dəfələrlə vurğulayıb və Qaradağ sakinləri ilə görüşlərin birində deyib: "Bilirsiniz ki, Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Mənim demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə etimad göstərib, Milli Məclisə deputat seçiblər. Mən də çalışırdım ki, bu böyük etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim".
Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində müyəssər olunub: "Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısı cənab İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar. Bu səfərlər çərçivəsində Prezident cənab İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, Gəmiqayırma zavodunda "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Prezident cənab İlham Əliyevin Qaradağ rayonuna səfərləri hesabat dövrünün ən mühüm və yaddaqalan hadisələrindən olub".

Sakinlər nə düşünürlər?

Qaradağda əhali ilə söhbətimizdə rayonla bağlı görülən işlərdən danışdıq. Lökbatan qəsəbə sakini Azər Həmidov bildirdi ki, bu gün Qaradağ rayonu Azərbaycanın ən çox inkişaf etmiş rayonlarlından biridir: "Xüsusilə bizim qəsəbəmiz daha fərlqidir. Lökbatanda aparılan abadlıq quruculuq işlərini görürüsünüz. Mən Lökbatana qəsəbə yox, şəhər deyirəm. Çünki qəsəbəmiz son illər çox gözəlləşib. Parklar salınıb, yeni binalar, sahibkarlıq obyektləri açılıb. Həmçinin böyük stadionumuz, xəstəxanalarımız, məktəblərimiz var. Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə Lökbatan qəsəbəsi də Xırdalan kimi şəhər statusu alacaq".
Qızıldaş qəsəbə sakini İbrahim İbrahimli isə vurğuladı ki, son illər rayonda xeyli işlər görülüb: "Qəsəbəmizdə mədəniyyət evinin tikiliməsi və istifadəyə verilməsi bizim üçün müsbət haldır. Bundan başqa qəsəbədə idman inkişaf edir. Uğur qazanmış, perspektivli idmançılarımız var. Ümumiyyətlə təkcə Qızıldaşda deyil, Qaradağın digər qəsəbələrində də idmana xüsusi diqqət yetirlir. İdmançılarımız uğurlu nəticələr qazanırlar. Qonşumuz Əli Sultanov dəfələrlə yarışların qalibi olub, çempion olub. Qızıldaşdan belə gənc və perspektivli idmançıların çıxması bizim üçün xoşdur. Amma bu cür idmançılara daha ciddi dəstək verilməlidir. Ümid edirik ki, bu cür gənclərə daha çox diqqət yetiriləcək".
Sahil qəsəbəsinin sakini Xanoğlan Heydərov vurğuladı ki, Qaradağ rayonu səliqə sahmanı, gözəlliyi ilə, digər rayonlardan fərqlənir: "Sahil qəsəbəsində aparılan işləri yüksək qiymətləndirirəm. Digər qəsəbələri, xüsusilə Lökbatanı da misal göstərə bilərəm. Rayonumuzda həm də iş yerləri çoxdur. Bir çox müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, rayonumuz inkişaf etdiyindən fərdi qaydada iş tapmaq mümkündür. Amma hesab edirəm ki, bu yetərli deyil. Daha çox iş yerlərinin açılmasına ehtiyac var. Rayonun buna potensialı var və ümid edirəm ki, gələcəkdə rayon sakinlərinin əksəriyyəti elə öz rayonlarında çalışa biləcəklər".

Transmilli layihələr


Qaradağın millət vəkili Aydın Hüseynov isə bildirib ki, təkcə ötən 2017-ci ildə ölkə başçısı rayonumuza 3 dəfə səfər edib: "May ayının 18-də Heydər Əliyev adına qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli dövlət rəhbərlərinin iştirakı rayonun sosial-iqtisadi həyatında mühüm tarixi hadisə olub. Millət vəkili həmçinin əlavə edib ki, Qaradağ ölkəmizin ən böyük sənaye rayonlarından biridir: "Dövlət başçısının həyata keçirdiyi böyük transmilli layihələrin əksəriyyəti Qaradağ rayonunun payına düşür. Bakı-Tbilisi-Qars dəmiryolunu misal göstərmək olar. Prezidentin də qeyd etdiyi kimi, bu layihə təkcə bizim üçün deyil, həmçinin Avropa və Avrasiya ölkələri üçün də böyük əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, Qaradağda aparılan abadlıq quruculuq işlərini xüsusilə vurğulamaq olar: "Gördüyünüz kimi, bütün qəsəbələrimiz diqqətdən kənarda qalmır. İnfrastruktur yenilənir. Salınan parklar, yeni binalar və açılan müəssisələr rayonun inkişaflı üçün zəruri amildir. Əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır, çatışmazlıqlar aradan qaldırılır və inkişaf prosesi hər gün davam edir...".


Əli Zülfüqaroğlu

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir