Merkelin səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcəkmi? Layihə

Merkelin səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcəkmi?

"Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri, səfər zamanı Prezident İlham Əliyevlə görüşü, iş adamları ilə bir araya gəlməsi, səsləndirilən fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin, qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi və gücləndirilməsində öz sözünü deyəcək, müsbət töhfəsini verəcək". Bunu hüquq elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.
O qeyd edib ki, Azərbaycanla Almaniya arasında illərdir davam edən xoş münasibətlər mövcuddur. Xüsusilə də Dağlıq Qarabağ məsələsində bu dövlət digər bir çox ölkələrlə müqayisədə daha ədalətli mövge sərgiləyir: "Heç təsadüfi deyil ki, Almaniya parlament - Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən azsaylı Qərb ölkələrindən biri və birincilərdəndir. Hətta uzun illər həm qardaş Türkiyənin, həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib və yenə də bu təkliflər gündəmdədir. Çünki Azərbaycan cəmiyyəti bu iki ölkənin ədalətli mövqe nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə cəlb edilməsində maraqlıdır və bunu da zaman-zaman dilə gətirib. Amma təəssüflər olsun ki, bizlərdən asılı olmayan səbəblərdən hələ ki bunlar təklif olaraq qalır. Ancaq şəxsən mən də hesab edirəm ki, əgər bu iki ölkə həmsədrliyə cəlb olunarsa, o zaman vasitəçilər missiyası tərəfindən ədalətli mövqe sərgilənməsi daha real və daha inandırıcı olar".
M.Abdullayevin fikrincə, təsadüfi deyil ki, mətbuat konfransında A.Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın da iştirakını arzuladıqlarını bəyan etdi: "Merkel "biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik" - deyə bildirdi. Düzdür, bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib, isti mesajlar, vədlər verilib, amma reallıqda bunun nəticəsi görünməyib. Amma xanım Merkelin bu sözləri Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidlərimizi bir qədər də artırır. Yəni sülh, danışıqlar yolu ilə münaqişənin həlli limiti hələ tam tükənməyib. Bu baxımdan da çox istərdik ki, bunlar söz olaraq qalmasın və Qarabağ münaqişəsinin həlli prosesində öz müsbət rolunu oynasın".
Politoloq vurğulayıb ki, Azərbaycan açıq, şəffaf ölkədir, hər bir ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini ortaya qoyub, lazımi addımları atıb: "Azərbaycan zor, təhdid, təzyiq, diktə dilini sevmir, qəbul etmir. Yəni hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış edir və öz mövqeyində də israrlıdır. Odur ki, Azərbaycan hər kəslə səmimi, açıq əməkdaşlıqda maraqlıdır və qarşı tərəfdən də bunları gözləyir. Son olaraq, bir daha belə hesab edirəm ki, Merkelin səfəri səfər hər iki ölkə və xalqın maraqlarına xidmət edir və edəcək".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, A.Merkelin Cənubi Qafqaza səfəri əslində çoxdan gözlənilən səfər idi. Çünki Qərb Cənubi Qafqaz regionunda ciddi siyasət qura bilməmişdi. Cənubi Qafqaz ümumilikdə Avropa İttifaqının qonşusudur və buradakı problemlərin artıqlığı Avropa İttifaqı üçün də gərginlik yarada bilər. Ümumiyyətlə, Qərbin Cənubi Qafqaz siyasətini qura bilməməsinin ən əsas səbəbi bu regiona ermənipərəst prizmadan yanaşması idi. Ermənipərəstliyin əsasını da Dağlıq Qarabağ məsələsi təşkil edirdi.
Politoloq qeyd edib ki, Almaniya həmişə Qarabağ məsələsində ədalətli mövqeyə malik olub: "Ərazi bütövlü prinsipini ardıcıl dəstəkləyib. Hətta 2015-ci ildə Aİ-nin Riqa sammiti zamanı A.Merkel Serj Sərkisyana zorla yekun sənədə qol çəkdirdi. Sənəddə "Şərq Tərəfdaşlığı" üzvü olan ölkələrin ərazi bütövlüyü prinsipi və dövlət suverenliyi prinsipinə dəstək bildirilirdi. Almaniya özü ATƏT-ə sədrlik etdiyi dövrdə xüsusi aktivlik nümayiş etdirməsə də mövqeyindən də geri çəkilmədi. Bir vaxtlar Almaniyanı aşkar şəkildə Dağlıq Qarabağ tənzimlənməsinə cəlb etmək cəhdləri olub. Azərbaycan Fransanın əvəzinə Almaniyanın həmsədr olmasına çalışırdı".
M.Əhmədoğlu bildirib ki, Almaniyanın aktivləşməsi istiqamətindən sonra da xeyli cəhdlər olub: "Almaniya bunların hamısını diqqətdən kənarda saxlamışdı. Amma indi regiona səfəri zamanı Ermənistanda olarkən A.Merkel Dağlıq Qarabağ tənzimlənməsi prizmasından sensasiya kimi qəbul edilən mövqe nümayiş etdirdi. O, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinin məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu bildirdi. A.Merkel ATƏT-in üzvü olan dövlətin başçısı olsa da ATƏT-in Minsk Qrupuna dəstək vermədi. Ermənistanın ən çox üstündə dayandığı məsələlərdən biri də məhz budur ki, Dağlıq Qarabağ münaqişəsi məhz ATƏT-in Minsk Qrupu vasitəsilə tənzimlənməlidir. Ermənilər üçün daha şok fakt ondan ibarət oldu ki, Almaniyanın kanslerinə Ermənistanda almaniyalı jurnalist bundestaqın A.Merkelin rəhbərlik etdiyi partiyadan deputatı olan A.Vaylerin nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılması ilə bağlı sual verdi. Vayler işğal olunmuş torpaqlara Azərbaycanın icazəsi olmadan səfər etdiyi üçün Azərbaycan onu nümayəndə heyətinin tərkibində öz ölkəsinə daxil olmasına icazə verməyəcəyini bildirmişdi. A.Merkel Vaylerin başqa bir deputatla əvəzlənməsi barədə qərar qəbul edildiyini bildirdi.
A.Merkelin vasitəçilik missiyasını irəli sürməsi hər halda kifayət qədər effekt yarada biləcək. Almaniya Avropanın lokomotiv dövlətlərindən biridir. Ermənistanda isə hələ ki, "kütlük diplomatiyası" hökmrandır. Nikol Paşinyan sadəcə guya bəzi məsələləri bilmir, özünü bilməməzliyə vurub. Amma bu vəziyyəti dəyişmir. Dağlıq Qarabağ tənzimlənməsində Almaniyanın öz vasitəçilik missiyasını irəli sürməsi artıq keyfiyyət dəyişikliyidir. Bu istər-istəməz Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yaradacaqdır".
Politoloq Qabil Hüseynlinin fikrincə isə, Merkelin Azərbaycana səfəri gözlədiyimiz kimi olmadı. Çünki Merkel öz çıxışlarında kifayət qədər qarışıq görkəm sərgilədi, Gürcüstan və Ermənistanda açıq danışdığı halda, Bakıda manevrli danışıq etdi. Alman kansleri verilən suallara və gündəmdə olan məsələlərə faktiki olaraq ikili standartlı, laqeyd münasibət göstərdi.
Politoloqun sözlərinə görə, bu münasibət Almaniya kimi güclü dövlətin başçısına yaraşmayan bir hərəkət idi: "Gürcüstanda işğal olunan kəndlərə qədər gedib, oradan Rusiya əsgərlərinə baxan, orada təşkil olunan ziyafətdə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən Merkel İrəvanda da buna bənzər fikirlər söyləsə də, torpaqları işğal altında olan Azərbaycana qarşı həmin münasibəti ortaya qoymadı".
Q.Hüseynli bildirib ki, o Bakıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına görə iqtisadiyyatında dəstəkləyəcəklərini söylədi: "Əvvəla bu münaqişə deyil, Ermənistanın Azərbaycana təcavüzü, müharibədir. İkincisi siz nəyi dəstəkləyəcəksiniz? İşğalçını dəstəkləyəcəksiniz? İşğal edilən torpaqlarda min cür vəhşilik həyata keçirən Ermənistanı dəstəkləyəcəksiniz? Bu baxımdan mən Merkelin simasında çox zəif və kifayət qədər qərəzlilik nümayiş etdirən, xristian təəssübkeşliyi nümayiş etdirən bir şəxsi gördüm".
Bir tərəfdən Azərbaycana ən qüdrətli tərəfdaşı deyib, digər tərəfdən də ölkəmizin 20 faiz torpaqlarının işğal faktını etiraf etməyə cəsarət etməyən bir siyasətçinin necə adlandırılmasında çətinlik çəkən politoloq Merkelin Azərbaycana səfərini onun xarici səfərləri arasında ən uğursuz səfər olduğunu dilə gətirib: "Almaniyada onun bu cür diletant davranışı təhlil edib, bundan nəticə çıxarılsa çox yaxşı olar. Çünki, alman Kanslerinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları başdan başa məntiqsizliklə dolu idi. Avropa Birliyinin lokomativi olan ölkə, bu təşkilatın parlamentində post sovet ölkələrində mövcud olan münaqişələri ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə bəyanat qəbul edən Almaniyanın rəhbəri həmin məsələyə səthi yanaşır. Bundan başqa NATO-nun Varşava daha sonra Brüssel sammitində post sovet məkanındakı münaqişə ocaqlarının yatırılması üçün məsələlərin mütləq dövlətlərin ərazi bütövlüyü çərçivəsində daxil edilməsinin bəyanatla vurğulayan Almaniya hər iki bəyanata səs versə də, Bakıda işğala məruz qalan ölkənin real vəziyyəti haqqında fikir bildirməkdən yayınır".
Q.Hüseynli vurğulayıb ki, həm Almaniya, həm də Avropa Birliyi üçün Azərbaycanla iqtisadi əlaqələr çox vacibdir: "Çünki, Azərbaycan Avropada yanacaq ehtiyatlarının diversifikasiyası üçün çox mühüm rola malikdir. Bundan əlavə, Almaniyanın bölgədə əsas ticarət əməkdaşı Azərbaycandır. Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin məbləği, Ermənistanın Almaniya ilə ticarət dövriyyəsindən 24 dəfə artıqdır. Belə olan halda, görünür xanım Kansler öz məntiqsiz davranışlarına görə tənqid ediləcəyinin fərqinə varmadı. Çox təəssüf ki, özünü az qala Dəmir Ledi kimi qələmə verən bir adam Bakıda bütün çıxışlarında diletant forma nümayiş etdirmiş oldu".
Cavid