Ermənilərin itkilərinin sayı artır Layihə

Ermənilərin itkilərinin sayı artır

İşğalçı Ermənistan ordusunda özbaşnalıq, dedovşina, komandirlərin əsgərlərə işgəncə vermə, intihar və əsgərlər arasında dava halları artmaqda davam edir. Bu da ordunun nəzarətdən çıxması və korrupsiyanın mövcudluğunun göstəricisidir.
Bundan başqa Ermənistan gənclərinin orduda xidmət etmək istəmədikləri də yerli mediada mütəmadi ictimailəşdirilib. İşğalçı ölkənin gənclərinin hərbi xidmətdən yayınmalarının səbəbi orduda özbaşınalığın olması, ölüm hallarının artması və ən əsası Dağlıq Qarabağ ərazisində ölmək istəmədikləri göstərilir. Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağ ərazislərində xidmətə yola salınması da bu vəziyyətin qarşısını almağa planlaşdırılan növbəti bir şoudur. Amma yenə də erməni gənclər hərbi xidmət etməkdən imtina edərək əcnəbi ölkələrdə gizlənirlər. Ermənistan polisinin rəsmisi, İstintaq baş idarəsinin rəisi Xaçik Muradyan bununla bağlı açıqlama verib. Onun sözlərinə görə bu günə qədər yaşı 27-yə çatan 11 min Ermənistan vətəndaşı hərbi xidmətdən yayınma ilə bağlı axtarışa verilib.
Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib ki, Ermənistan ordusunun 1994-cü ildən bu günə qədər 2 mindən çox itki verib.
Siyasətçi bildirib ki, Ermənistan vətəndaşları artıq orduda xidmət etmək istəmirlər.
"Valideynlər istəmir ki, onların övladları hərbi xidmətə getsin. Gənclər özü də istəmir. Ermənistandan kənarda minlərlə oğlan gəlib orduda xidmət etməlidir, amma onlara icazə vermirlər"-deyə o Manukyan əlavə edib.
O, Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çarəsi olmadığına da işarə edib:"Biz hakimiyyətə deyirik ki, sülh müqaviləsi bağlayın. Əgər bacarmırsınızsa, öz yerinizi bizə güzəşt edin. Biz xalqı sülhə aparacağıq".
Məsələn, ötən il Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgər Ernest Ovanisyanın intihara cəhd edib.
Ermənistan mətbuatının yazdığına görə, orduya çağırılan əsgər xidmət etmək istəmədiyini bildirib: "Damarımı doğrayaram, ancaq xidmət etməyəcəyəm".
Bundan sonra hərbi qulluqçunun valideynləri hərbi hissəyə çağırılıb. Ancaq valideynləri gələnədək o, Qarabağda yerləşən hərbi hissələrin birində pəncərədən özünü atıb. Əsgər İrəvandakı "Murastan" hərbi hospitalına yerləşdirilib.
Faktı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.
Bu günlərdə isə orduda daha bir hadisə baş verib. Verilən məlumatlara görə, Ermənistan ordusunda baş verən kütləvi dava nəticədə bir nəfərin gözü çıxıb.
Hadisə Tərtər rayonunun düşmən tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində baş verib.
Hərbi hissə üzrə növbətçi zabit Şakaryanın yerli KİV-ə verdiyi məlumata əsasən, Ermənistandan olan əsgərlərlə Qarabağ erməniləri arasında dava düşüb.
Zabitlərin müdaxiləsindən sonra dayandırılan kütləvi davaya artilleriya divizionunda xidmət edən Qarabağda məskunlaşmış erməni hərbçilərin ikinci atıcı taborun yerevanlı əsgərləri təhqir etməsi səbəb olub. Döyülən əsgərlərin dördünə tibbi yardım göstərilib. Madinyan soyadlı hərbi qulluqçu isə gözü çıxdığına görə hərbi hospitala təxliyə olunub.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, belə hərc-mərcliklərin kökündə Ermənistan hakimiyyətinin uğursuz siyasəti dayanır.
Şair Ramaldanovun fikrincə, nə vaxta qədər ki, İrəvan erməniləri məcburi olaraq işğal altında olan torpaqlara göndəriləcək, bu tipli münaqişələr də davam edəcək.
Onu da qeyd edək ki, dekabrın 15 günü ərzində düşmən ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölənlərin sayı 7, yaralananların sayı isə 10 nəfər olub.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində isə Ermənistan ordusunda ölümlə nəticələnən 44 hal baş verib.
Hesabat Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəsmi mənbələrdən, KİV-lərdən, bəzi hallarda ölən hərbi qulluqçuların yaxınlarından əldə etdiyi məlumatlar əsasında hazırlanıb.
Hesabata görə, hazırda Ermənistan ordusunda 44 ölüm hadisəsi qeydə alınıb.
Qeyd edək ki, 44 ölüm hadisəsindən yalnız 34 hadisə barədə rəsmi və KİV-lərdən məlumat əldə etmək mümkün olub. Rəsmi məlumata görə, 34 hadisədən 27 hadisə hərbi xidmətlə bağlı olub, qalan 7 hadisə isə hərbi xidmətlə əlaqəli olmayıb.
Digər 10 hadisə barədə isə heç bir açıq mənbələrdən məlumat əldə etmək mümkün olmayıb. Məlumata görə, son 10 hadisə hərbi xidmətlə bağlı olub.
Baş vermiş hadislərdən 40 hadisənin baş vermə yeri barədə məlumat əldə etmək mümkün olub. Belə ki, 21 hadisə (47%) işğal altında olan Qarabağda, 19 hadisə isə (43%) Ermənistanda baş verib.
Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin yaydığı məlumata görə, statistikanı 2017-ci il ərzində baş verən hadisələrlə müqayisə etdikdə 2018-ci ildə atəşkəs rejimin pozulması 60% azalıb. İntihar halları 1%, öldürmə halları 1 % azalsa da, səhhətə gorə ölüm hadisələri 40% artıb. Avtoqəzalarda ölən erməni hərbi qulluqçuların sayı isə iki dəfə artıb.
Baş vermiş 31 hadisə barədə cinayət işi açılıb.
Erməni KİV-lərinin yazdığına görə, Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Təkcə ötən ilin dekabr ayı ərzində qeyri-döyüş şəraitində düşmən ordusunun 7 hərbçisi həlak olub.
Hərbi qulluqçu Qor Sarkisyan naməlum şəraitdə aldığı güllə yarasından, Hayk Karamyan isə qar uçqunu nəticəsində ölüb. Eyni zamanda, yol-nəqliyyat qəzası nəticəsində 3 hərbçi də ölüb.
Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə isə "Gümrü" aerodromunda təlim uçuşları yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar.
Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb.
Dekabrın 15 günü ərzində düşmən ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölənlərin sayı 7, yaralananların sayı isə 10 nəfərdir.
ru.1in.am-ın yazır ki, 2018-ci il boyunca – yanvarın 1-dən noyabrın 10-adək Ermənistan Respublikası və Dağlıq Qarabağ silahlı güclərində qeyri-nizamnamə münasibətləri nəticəsində, yaxud texniki səbəblərdən daha çox hərbçi həlak olub.
Strateq yazır ki, Tert.am nəşri rəsmən təsdiqlənən məlumatlara söykənərək hesablama aparıb – buna əsasən, 2018-ci ildə silahlı güclərdə 7-i (ümumi sayın 18%-i) qarşı gülləsindən, 32-i (82%) Ermənistan və Dağlıq Qarabağda müxtəlif səbəblərdən 39 hərbçi həlak olub. Göstərilən işlər üzrə araşdırmanın sürdüyünə baxmayaraq, qaldırılan cinayət işlərinə əsasən, qalan 32 əsgər texniki səbəb, bədbəxt hadisələr, intihar və xidmət yoldaşının atəşindən, qar uçqunundan və aviaqəzada həlak olub.
Yumşaq deyilsə, bu statistik mənzərə faciəlidir.
Rəqəmlər xəbər verir ki, bitən il Ermənistan-Azərbaycan ön cəbhə xəttində ən gərgin il olmayıb: insidentlərə baxmayaraq, barışıq rejimi bütünlükdə gözlənilib.
O biri yandan, Ermənistan ordusunda qeyri-nizamnamə münasibətlərinin nəticəsi olan itkilər böyükdür. Bu, özəlliklə təşvişlidir və ondan xəbər verir ki, əslində, Nikol Paşinyanın inqilabdan sonra bir neçə ictimai çıxışlarının məhz bu mövzuya həsr edildiyinə baxmayaraq, orduda keyfiyyət dəyişiklikləri baş verməyib.
Əlbəttə, heç bir ordu insidentlərdən, fors-major durumlardan sığortalanmayıb, amma hətta bu cəhət də Müdafiə Nazirliyinin məsulları üçün alibi ola bilməz. Savaşda olan ölkənin silahlı güclərində qeyri-döyüş itkiləri bu qədər böyük olanda və ön cəbhədə qeydə alınan qurbanları, demək olar, beş dəfə üstələyəndə bu, ondan xəbər verir ki, istənilən an genişmiqyaslı savaş aça biləcək düşməndənsə "daxili düşmən" daha qəddar və məkrlidir.
"Daxili düşmən" deyilən daha tutumlu anlayışdır, korrupsiyaya da, həm zabit heyəti təmsilçilərinin öz vəzifələrini gərəkməz icrasına, həm də nəzarət mexanizminin naqisliyinə də aiddir. Özü də biz nəzarət mexanizminə daha geniş müstəvidə baxırıq: söhbət bizim SG-in mahiyyətcə həm keçmiş sistemdə, həm də inqilabdan sonra parlamentin və cəmiyyətin nəzarətindən qıraqda qaldığından gedir. Ordudan danışmaq, ya da ordunu tənqid etməyin tabu olduğu haqda stereotipi aradan qaldırmağın zamanı çatıb. Bu saxta tezis illər boyu buna səbəb olub ki, orduda korrupsiya tendensiyaları çiçəklənib, yığılmış problemlər isə həll olunmaq yerinə sistemli xarakter alıb.
Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, əsasən qapalı müəssisələrdə insan haqlarını araşdırdığından bu sahələrdə özəl dəyişikliklər gözə dəymir. Hüquq müdafiəçisi 1in.am-la söhbətdə deyib: "Orduda David Tonoyandan savayı heç bir dəyişiklik olmayıb. Ölümlər davam edir, bu məsələlərin araşdırılması qabaqkı kimi gedir, çox pis təhqiqat aparılır, işlər açılmır. Ordudakı durum cəzasız qalmaqdadır. İnsan hüquqları sahəsində özgə, aşkar uğurlar görmürəm". Özlüyündə aydındır ki, islahatlar mövzusu geniş siyasi, ictimai diskursun mövzusu olmalıdır. Hökumət 2016-cı ilin aprel müharibəsindən nəticə çıxarmalıdır – ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamımızın gözü qabağında buxarlandı: onlarla gənc döyüş hazırlıqsızlığı və ordunun mənəvi aşınmasının qurbanı oldu.
Cavid