“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik” Layihə

“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik”

Erməni polkovnik: ”Hətta türklərə “biz sizə təslim oluruq” desək belə, onlar bizi öldürəcəklər”

“Bakı ilə Yerevanın Dağlıq Qarabağla bağlı kompromis əldə etməsi mümkündür”. Bunu Rusiyanın xarici işər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib. Ermənistanın strateji müttəfiqi olan Moskva münaqişə tərəfləri arasında humanitar əlaqələrə dəstək verməklə, iki Cənubi Qafqaz respublikası arasında balansı qorumağa çalışır.
Qazeta.ru (Rusiya) Lavrovun Bakı səfəri ilə bağlı məqalə hazırlayıb. Qəzet yazır ki, dekabrın 3-də Rusiya xarici siyasət idarəsi rəhbərinin Bakıya səfəri başa çatıb. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla apardığı danışıqların yekununda Ermənistanla Azərbaycan arasında Dağıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkün olduğunu bəyan edib. “Düşünürük ki, kompromis üçün imkanlar var. Asan məsələ deyil, bu münaqişə keçmiş SSRİ məkanında ən çox uzanan problemlərdəndir”, - deyə Lavrov bldirib.
O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın ideyalarına “anlayışla yanaşan azərbaycanlı dostlara” minnətdarlıq da edib.
Yeri gəlmişkən, Lavrovun Azərbaycana səfəri ATƏT-in Minsk qrupunun dekabrın 5-6-da Bratislavada keçirilən görüşündən bir neçə gün əvvələ təsadüf edib. Bratislavada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa səfirlərinin iştirakı ilə görüşü də keçiriləcək.
Bundan əvvəl KİV-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair jurnalistlərin “Lavrov planı” adlandırdığı plan fəal müzakirə olunurdu. Sənədin mahiyyəti ondan ibarətdir ki, Yerevan tanınmamış bölgənin beş rayonunu (ümumilikdə onların sayı 7-dir) Bakının nəzarətinə qaytarır, Azərbaycan isə Ermənistanın iqtisadi blokadasını aradan qaldırır. Dağlıq Qarabağın statusuna gəldikdə, onun uzun müddətə təxirə salınması düşünülür.
Rusiyanın xarici işlər naziri özü isə hələ 2017-ci ldə bəyan etmişdi ki, heç bir “Lavrov planı” mövcud deyil və müzakirə olunan ideyaların əsasında yalnız Mnsk qrupu iştirakçılarının təklifləri dayanır.
Lavrov Qarabağ problemi haqda Azərbaycan prezidenti İlham Əliyevlə də danışıb. Prezident rusiyalı naziri dekabrın 2-də qəbul edib. Görüşdə Lavrov Bakı ilə Yerevan arasında, o cümlədən KİV xəttilə əlaqələrin vacibliyini vurğulayıb.
Moskvanın təşəbbüslərindən biri dövlətlər arasında humanitar dialoqun dəstəklənməsidir. Bu yaxınlarda ölkə XİN-i Azərbaycanla Ermənistan arasındakı jurnalist mübadiləsini də alqışlayıb: bir qədər əvvəl bir qrup erməni müxbir Azərbaycanda, onların azərbaycanlı həmkarları isə Ermənistan və Dağlıq Qarabağda olublar. “Qazeta.ru” Rusiya XİN-dəki mənbəyə istinadən xəbər verir ki, Moskva “jurnalistlər arasında əlaqə ideyasını fəal şəkildə dəstəkləyir”.
MDB ölkələri İnstitutunun rəhbər müavini Vladimir Jarixin isə “Qazeta.ru”ya bildirib ki, Moskva iki Cənubi Qafqaz respublikası arasında kommunikasiya məsələsində münasibətləri balanslaşdırmaqla məşğuldur. Ekspert Rusiya prezidenti Vladimir Putinin bu ilin oktyabrında Ermənistana etdiyi səfəri xatırladıb. Onun fikrincə, Nikol Paşinyan dönəmində Moskva ilə Yerevan münasibətləri kifayət qədər konstruktivdir və bu, Ermənistana Moskvanın köməyilə bir sıra əhəmiyyətli layihə reallaşdırmağa imkan verir. Məsələn, ABŞ Ermənistanda “yaşıl enerji”nin inkşafına yardım edirsə, Yerevan Rusiya tərəfinin iştirakı ilə ölkədə yeni AES-in tikintisi haqda danışırr. “Biz “Metsamor” AES-in bağlanmasından sonra yeni atom elektrik stansyasının inşası imkanlarını artıq indidən müzakirə edirik”, - deyə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bildirib.
Bununla yanaşı, Jarixin hesab edir ki, Moskva Ermənistanla münasibətlərinə rəğmən, bu günlərdə Azərbaycanın birinci vitse-prezidentini yüksək səviyyədə qarşılamaqla Yerevana “çox sadə siqnal” göndərir: “Bu, ermənilərin Qərbə çox meyllənməməsi üçün işarə ola bilər”.
Azərbaycan Konstitusiyasına görə ölkədə ikinci şəxs olan birinci vitse-prezident noyabrın sonunda Moskvada həqiqətən də yüksək səviyyədə qarşılanıb. O, həm prezident Vladmir Putin, həm də baş nazir Dmitri Medvedevlə görüşüb. Rusiya lideri Əliyevaya “Dostluq” ordenini şəxsən təqdim edib. Xanım Əliyeva “Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə” mükafatlandırılıb. Bu barədə fərman hələ avqustda dərc edilmişdi.
Azərbaycan prezidentinin xanımı 2016-cı ildən ölkənin vitse-prezidentidir. Bu post ölkə Konstitusiyasına edilmiş müvafiq dəyişikliklə yaradılıb. Bununla da Əliyeva faktiki olaraq, öz nüfuzuna görə Azərbaycanın ikinci adamına çevrilib.
Azərbaycan və Rusiya müxtəlif sahələrdə, o cümlədən terrorçuluqla mübarizədə əməkdaşlıq edir. Dekbarın əvvəlində Rusiya Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikov bəzi keçmiş SSRİ ölkələrilə terrorçu yuvalarının dağıdılması sahəsində əməkdaşlıq etdiklərini deyərkən, bu sırada Azərbaycanın da adını çəkib.
Bakı həmçinin Rusiyanın ən vacib silah alıcılarındandır. Son illərdə Azərbaycan Rusiyadan 5 milyard dollardan artıq dəyərdə müxtəlif silah-sursat alıb.
Eyni zamanda, Azərbaycan ABŞ-la da dialoq quraraq, xarici siyasətni şaxələndirməyə çalışır. Noyabrın sonunda Bakı Transanadolu boru kəmərini tam gücü ilə işə salıb. Bu kəmər Azərbaycanın Xəzərdəki yataqlarından çıxarılan qazın Türkiyə və Avropaya çatdırılması üçün tikilmiş “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.
“Cənub Qaz Dəhlizi” Bakı yaxınlığındakı yataqlardan İtaliyanın cənubunadək 3,5 min kilometr məsafədə uzanır. O, Xəzərdə yerləşən və 1,2 trilyon kubmetr ehtyyatlara malik “Şahdənz” yatağından hasil olunan qazı nəql edəcək. Layihənin dəyəri təxminən 40 milyard dollardır. Bu, Avropa və Türkiyəyə qaz nəqlində “Qazprom”a rəqabət yarada bilər. Hərçənd, analitiklərin fikrncə, hələlik Rusiya qazına Azərbaycan qazı deyil, Amerikanın satdığı mayeləşdirilmiş təbii qaz daha ciddi rəqibdir.
Yeri gəlmişkən, ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrinin komandiri olmuş Arkadi Karapetyan erməni mətbuatına açıqlama verərək, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib.
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan oğullarının şücaətinin canlı şahidi olmuş erməni hərbçi müharibənin bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib.
“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar nəzərdə tutulur – Ə.M.) “Biz sizə təslim oluruq” desək belə, onlar bizi öldürəcəklər”, – deyə erməni polkovnik vurğulayıb.
Təbii ki, Karapetyan çox yaxşı dərk edir ki, Qarabağda döyüşlərin bərpa olunacağı təqdirdə Sovet İttifaqı dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək. O, Azərbaycan torpaqlarının üçüncü qüvvələrin dəstəyi sayəsində işğal edildiyini anlayır. O özü bütün bunların şahidi olub. Karapetyan Qarabağda erməni ordusunun komandiri olarkən Azərbaycanın cəsur oğullarının qəzəbini hiss edib və onun qorxuya düşməsi anlaşılandır.
“Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”, - deyə Karapetyan qeyd edir.
Daha sonra erməni zabit azərbaycanlıların ermənilərə qucaq açdıqları, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içizdirdikləri zaman belə ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını etiraf edir.
O, bunu belə ifadə edib: “Sovet İttifaqi dövründə biz türklərlə dostlaşdıq, ancaq əlimizdən dəyənəyi yerə qoymadıq”.
Məlumat üçün bildirək ki, Arkadi Karapetyan Daşnaksütyun Partiyasının sıralarında olub, 1990-1992-ci illər ərzində Qarabağa hücum edən erməni ordusunun komandiri olub və hazırda da Ermənistan Veteranlar Birliyinin sədridir.
Onu da qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən qəzetimizə verilən məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurum və təşkilatların iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Aİ münasibətləri və Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.
Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunaraq yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib.
BMTM-in sədri Fərid Şəfiyev qonaqlara bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır və tərəflər arasındakı enerji və nəqliyyat sahəsində artıq reallaşdırılmış çoxsaylı layihələr bu tərəfdaşlıq üçün əhəmiyyətli zəmin hazırlayıb.
Daha sonra Fərid Şəfiyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalını davam etdirir. O, qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesini pozan populist və əsassız bəyanatları nəticəsində bu il ərzində problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb. F. Şəfiyev Avropa İttifaqını münaqişənin həllinə regiondakı oxşar digər münaqişələrə göstərilən diqqət və dəstəyi göstərməyə çağırıb.
Öz növbəsində Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal nəticəsində öz vətənindən didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, icma rəhbəri seçilməsindən keçən bir il ərzində icmanın gördüyü işlərdən bəhs edib və münaqişənin sülh yolu ilə həllinə dəstək olmaq üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.

Cavid