“Vətəndaş cəmiyyətinin inkişafında medianın əvəzsiz rolu var” Layihə

“Vətəndaş cəmiyyətinin inkişafında medianın əvəzsiz rolu var”

Mürtəza Bünyadlı: “Azərbaycan mediası bu missiyanın öhdəsindən layiqincə gələ bilir”

“Güclü cəmiyyət güclü dövlət deməkdir.Güclü cəmiyyət dövlətin gücünə əlavə güc qatır və qarşısında duran problemlərin həllini asanlaşdırır. Bu baxımdan hansı ölkədə vətəndaş cəmiyyəti güclüdürsə və ya inkişaf edibsə, həmin dövlət üzləşdiyi istənilən məsələnin qarşısında tab gətirə bilir. Güclü vətəndaş cəmiyyəti hər zaman aktual olub və bu gün özünü daha qabarıq şəkildə göstərməkdədir. Müasir dövrün qlobal çağırışları və təhdidləri qarşısında dövlət bütün yükü öz üzərinə götüsə də, daşıması heç də asan olmur. O zaman vətəndaş cəmiyyəti dövlətə dəstək verərək həllinə nail olmalıdır”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində araşdırmaçı jurnalist Mürtəza Bünyadlı deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Azərbaycan bu gün elə bir coğrafi məkanda yeləşir ki, burada ən müxtəlif dünya güclərinin maraqları toqquşur. Belə olan halda vətəndaş cəmiyyətinin inkişafı və güclü vətəndaş cəmiyyətinin formalaşması həyati əhəmiyyət kəsb edən bir məsələdir. Çünki maraqlı güclər bölgədə öz maraqlarını təmin etmək üçün bir çox hallarda Azərbaycan dövlətçiliyinə təhdidlər yaradır. Bu cür təhdidlərin qarşısını ancaq vətəndaş cəmiyyətinin dəstəyi ilə almaq olar. Bu gün Azərbaycanda da vətəndaş cəmiyyəti yetərincə formalaşıb və dövlətçiliyimizə, milli maraqlarımıza zidd olan məsələlərə müqavimət göstərərək, onu dəf etmək üçün öz töhfələrini verir və verməkdədir. Heç uzağa getməyək. İyulun 12-də işğalçı Ermənistanın Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində növbəti təcavüz cəhdini götürək. Həmin hadisələr zamanı vətəndaş cəmiyyəti öz mövqeyini ortaya qoydu və gücünü sübut etdi. Vətəndaş cəmiyyəti dövləti və ordusu ilə bərabər olduğunu bəyan edərək, düşmənə qarşı birgə mövqe sərgilədi. Məhz həmin vətəndaş cəmiyyətinin gücünün nəticəsi idi ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız erməni riyakarlığını, işğalçılıq siyasətini ifşa etmək istiqamətində çox ciddi fəaliyyət göstərdi. Bununla da dünyada erməni lobbisi haqqında formalaşan mifi darmadağın etdi.Vətəndaş cəmiyyətinin güclü olması nəticəsində düşmən istəyinə nail ola, cəmiyyətinin ruhunu sındıra bilmədi. Əksinə, ölkədə vətənpərvərlik ruhu daha da yüksəldi. Azərbaycana qarşı həyata keçirilən təxribatlar dəf edildi. Yaranmış durumdan Azərbaycan uğurla çıxdı. Vətəndaş cəmiyyətinin dövlətin həyatında oynadığı müstəsna rol nəticəsində dövlət üzləşilən ən məkrli oyunları belə pozub, gözlənilən təhlükələrin qarşısını ala bildi.
İkinci bir fakt. Pandemiya dövründə vətəndaş cəmiyyəti öz müstəsna rolunu oynadı.Vətəndaş cəmiyyəti dövlətə dəstək verməklə üzləşilən bəladan xilas olmaq üçün bərabər fəaliyyət göstərir. Ona görə də vətəndaş cəmiyyəti nə qədər güclü olarsa və inkişaf edərsə bu, həm cəmiyyətin, həm də dövlətin üzləşdiyi problemlərin həllində ciddi təsirə malikdir. Bu, istər xarici təsirlərin qarşısının alınmasında, istərsə də daxildəki problemlərin həllində, istər daxili sabitliyi pozmağa cəhd edən qüvvələrə qarşı mövqenin sərgilənməsi, istərsə də ən müxtəlif sosial, iqtisadi məsələlərin həllində mühüm əhəmiyyətli rola malikdir. O yerdə vətəndaş cəmiyyətinin mövqeyi dövlətin mövqeyi, milli maraqların qorunmasına söykənirsə o məsələ mütləq öz müsbət həllini tapacaq. O baxımdan vətəndaş cəmiyyətinin inkişafına təkan verilməli və buna şərait yaradılmalıdır. Dövlət də bu işdə öz dəstəyini verməlidir.
-Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf tendensiyasını necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında institusional inkişaf tendensiyasını tam qaneedici səviyyədə olduğunu demək o qədər də düz olmazdı. Bu məsələdə müəyyən çatışmazlıqlar, boşluqlar mövcuddur.
Müasir, qloballaşan dünyada vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsinə hər cür şərait yaradılmalıdır. Qloballaşan dünyada vətəndaş cəmiyyəti daha güclü olan ölkələr daha az itki ilə çıxacaq. Məhz güclü vətəndaş cəmiyyətinin fəaliyyəti ortaya qoyduğu mövqe nəticəsində cəmiyyətlər öz milli, mənəvi, dini dəyərləri ilə yanaşı, milli və dövlət maraqlarını təmin etməklə prosesdən uğurla çıxa biləcək. Odur ki, vətəndaş cəmiyyətinin institutları da özləri dövlət və cəmiyyətin maraqlarına uyğun fəaliyyətlərini müəyyən etməlidir. Çünki elə hallarla rastlaşılır ki, özünü vətəndəş cəmiyyətinin formalaşmasında yer alan qurum, təşkilat kimi təqdim edən bəzi birliklər Azərbaycanda demokratik, liberal, hüquqi dövlət quruculuğuna deyil, hansısa qüvvələrin maraqlarına xidmət etməklə bu proseslərin inkişafına mane olmağa çalışır. Bu gün ölkədə elə siyasi və ictimai təşkilatlar var ki, onlar Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında yer aldığını və onun inkişafına, demokratik, hüquqi dövlətin quruculuğu istiqamətində fəaliyyət göstərdiyini bəyan edir. Lakin konkret fəaliyyətləri isə bunun əksini göstərir. Yəni onlar fəaliyyətləri ilə daha çox vətəndaş cəmiyyətinin və dövlətçiliyin zəiflədilməsinə xidmət edirlər. Bununla bağlı konkret faktlar da çəkmək olar. Bunlar əslində Azərbaycanin inkişafını istəməyən və ona mane olub, ölkə daxilində hər zaman hərc-mərclik yaratmaq istəyən qüvvələrin maraqlarına xidmət etmiş olurlar. Və yaxud da öz korporativ maraqları naminə istənilən addımı atamağa hazırdırlar. Bu baxımdan da həm dövlət, həm də cəmiyyət vətəndaş cəmiyyətinin formalaşması və inkişafında öz müstəsna rolunu oynamalıdır.
-QHT-lər hazırda vətəndaş cəmiyyəti institutları arasında daha çox ön plana çıxır. QHT-lərin fəaliyyəti nə qədər effektiv nəticələr yaradır?
- Vətəndaş cəmiyyətinin formalaşmasında siaysi institutlardan daha çox QHT-lər bu istiqamətdə müstəsna rol oynaya bilər. Siyasi institutların əsas fəaliyyət istiqaməti siyasi hakimiyyət uğrunda mübarizə aparmaqdır. QHT-lərin vətəndaş cəmiyyətinin formalaşmasındakı rolu əvəzsizdir. Çünki QHT-lər ictimai təşkilat olduğundan qarşısında hər hansı siyasi məqsəd yoxdur. Digər xüsusi bir məqam isə ondan ibarətdir ki, QHT-lər ölkədə ən müxtəlif sahələri əhatə edir və adına uyğun olaraq ölkədə fəaliyyətini də cəmyyətdəki problemlərin həlli və inkişafı istiqamətində qurur. Hazırda QHT-ləri ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında birinci dərəcəli rol oynayan institut hesab etmək olar. Odur ki, QHT-lər bu məsələdə daha aktiv olmalı və üzərlərinə düşən missiyanı uğurla yerinə yetriməlidir.
Düzdür, QHT-lər bu istiqamətdə üzərlərinə düşən missiyanı yerinə yetirmək üçün əllərindən gələni edirlər. Vətəndaş cəmiyyətinin formalaşması, maarifləndirmə işlərinin həyata keçirilməsi üçün çoxsaylı layihələr də həyata keçirirlər. Lakin bunu tam yetərli hesab etmək olmaz. Odur ki, QHT-lər daha aktiv və proseslərə daha həssas yanaşmalıdırlar. Çünki QHT-lər arasında da elələri var ki, onların da fəaliyyəti ölkədə demokratik cəmiyyət, hüquqi dövlət, liberal cəmiyyətin formalaşmasına əngəl yaradır. O baxımdan QHT-lər daha diqqətli olmalıdır.
QHT-lərin fəaliyyətinə, onların həyata keçirdikləri layihələrə gəldikdə burada heç də bütün layihələri uğrulu hesab etmək olmaz. Amma əksər layihələr Azərbaycan dövləti, dövlətçiliyinin, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının, liberal cəmiyyətin formalaşmasının inkişafına, üzləşilən sosial, iqtisadi, humanitar problemlərin həllinə, korrupsiya hallarının aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə, milli-dini mənəvi dəyərlərin inkişaf etdirlməsinə xidmət göstərir. Ümumiyyətlə, dövlət başçısı tərəfindən müəyyən edilən siyasətin həyata keçrilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, diasporun formalaşdırılması istiqamətində layihələrin icrasına rast gəlmək olar. Təbii ki, bu layihələrin eləsi var daha uğrulu alınır. Eləsi də var zəif olur. Ona görə də layihələr icra edilərkən bu məqamlar nəzərə alınmalıdır ki, cəzmiyyətin inkişafı baxımından qarşıya qoyulan məqsədə nail olunsun.
-Media vətəndaş cəmiyyəti institutu kimi cəmiyyətə hansı töhfələr verir?
-Vətəndaş cəmiyyətinin inkişaıfnda ən müstəsna rola malik institutlardan biri də təbii ki, mediadır. Bu gün media da çatışan və çatışmayan cəhətləri ilə Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında bayraqdar rolunu oynayıb və oynamaqdadır. Əgər media vətəndaş cəmiyyətinin formalaşmasında və inkişaf etməsində öz əhəmiyyətli rolunu oynamzsa və bu istiqamətdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməzsə, o zaman vətəndaş cəmiyyətinin inkişafında yer alan digər institutların rolu zəif olacaq və bu, çox zaman alacaq. Amma media bu prosesdə nə qədər aktiv olsa vətəndaş cəmiyyətinin formalaşması, inkişafı daha tez mümkün olur. Media həm də vətəndaş cəmiyyətinin formlaşmasında yer alan institutların və onların içərinsində hansının bu inkişafa mane olduğunu, onu əngəlləməyə çalışdığını ifşa etməkdə də əhəmiyyətli rola malikdir. Odur ki, media da vətəndaş cəmiyyətinin formalaşmasında, dövlət və dövlətçilyimizin inkişafında indiyədək oynadığı rolu oynamalı və bundan sonra daha həssas olmalıdır. Artıq daha həssas dönəmə qədəm qoymaqdayıq. Bu dönəmlər bizdən həssas olmağı tələb edir. Media dövlət, milli maraqlar, cəmiyyətdə sabitliyin təmin olunub davam etdirlməsində öz əvəzsiz rolunu oynamalıdır. Bu gün sosial medianın ənənəvi medianı önlədiyi bir vaxtda daha diqqətli olmalıyıq. Çünki bu gün bəzən sosial media, sosial şəbəkələr vasitəsi ilə dövlət, milli maraqlarımıza və milli-mənəvi dəyərlərimizə zidd, saxta, yalan, həqiqətə uyğun olmayan, mənbəyi bəlli olmayan xəbərlər yayılır. Bu da öz növbəsində cəmiyyətdə bir çox hallarda ajiotaja səbəb olur. Sosial media və sosial şəbəkələrin aktiv rol oynadığı bir zamanda Azərbycan mediası daha diqqətli və daha artıq güc sərf etməklə ölkəmizə, xalqımıza qarşı yönəlik bütün pis niyyətli oyunları ağıllı formada ifşa etməli və düşmənin, cəmiyyətin, dövlətin inkişafını istəməyən qüvvələrin hiyləsinin baş tutmasının qarşısnı almalıdır. O baxımdan bu gün vətəndaş cəmiyyətinin düzgün formlaşaraq inkişaf etməsində medianın əvəzsiz rolu var. Əminəm ki, Azərbaycan mediası bu missiyanın öhdəsindən layiqincə gələ biləcək.
Təbii ki, bu sahədə problemlər də mövcuddur və həmin problemlər də işin gedişatında öz həllini tapmalıdır. Dövlət də bu işdə mediaya öz dəstəyini əsrigəməməlidir. Necə ki, indiyə kimi, dəstək verib, bundan sonra daha güclü formada dəstək verəcək.

Əli Zülfüqaroğlu