“Türk dnyasında informasiya mübadiləsi çox zəifdir” Layihə

“Türk dnyasında informasiya mübadiləsi çox zəifdir”

"Düşünən jurnalistika lazımdır ki, türk dünyasında baş verən hadisələri ümumtürk marağından şərh etsin"

Türk dövlətlərinin ortaq televiziyasının yaradılması məsələsi müzakirə olunsa da hələlik ideya reallaşmayıb. Bir çox ekspertlər bu layihənin əhəmiyyətli olduğunu və tez bir zamanda həyata keçməsinin vacibliyini qeyd edirlər. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov söyləyib ki, türk dövlətlərinin ortaq televiziyasının fəaliyyətə başlaması ilə ilk informasiya məkanı yaradılacaq: "Çünki bu gün televiziya informasiya vermək baxımından ən önəmli məkandır". Onun sözlərinə görə, bu ideya türk mədəniyyətlərinin birləşdirilməsinə kömək edər: "Nəzərdə tutulur ki, bu televiziyalarda daha çox mədəniyyət məsələləri yayımlansın. Çünki türk dünyasını birləşdirən birinci növbədə mədəniyyətdir. Türk dünyasında və dünyada da mədəniyyətin təbliği bütün hallarda mübahisəsizdir. Yəni heç bir manəsiz təbliğ olunur. Amma informasiya mübadiləsi çox zəifdir. Yəni ümumən türk dünyasına düşünən jurnalistika lazımdır ki, türk dünyasında baş verən hadisələri ümumtürk marağından şərh etsin. Bu gün türk dünyasının hər bir yerində problem var. Məsələn, bizim Dağlıq Qarabağ problemimiz mövcuddur. Hesab edirəm ki, elə jurnalistika lazımdır ki, Dağlıq Qarabağ problemini ümumən türk dünyasının problemi kimi qabartsın və elə olmasın ki, türk dünyasının harasındasa bu məsələdən xəbəri olmayanlar olsun. Eyni hadisə Özbəkistanda, Qazaxıstanda da var və ya ola bilər. Bununla da ümumi jurnalist təfəkkürü yaradılacaq. Hələ ayrı-ayrı türk dövlətlərinın televiziyalarında bu məsələlərin qaldırılması, müxtəlif verilişlərin verilməsinin ilk cəhdləri gedir. Ancaq bu, həm də türk xalqlarının ünsiyyət dillərinin ümumiləşməsinə kömək edəcək. Düşünürəm ki, təfəkkür ümumiləşməsi olmadan dil ümumiləşməsinin olması çətin məsələdir. Bunun üçün də ən fəal, aktiv vasitə televiziyadır. Hesab edirəm ki, bu məsələ tədricən reallaşacaq".
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənovun sözlərinə görə, TDƏŞ üzv ölkələrin dövlət başçılarının bu il Bodrumda keçirilən Zirvə toplantısında Qazaxsıtan prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin ortaq televiziyasının yaradılması təşəbbüsü ilə çıxış edib və bu məsələ sammitin yekun sənədində də öz əksini tapıb. R.Həsənov onu da deyib ki, işlər qaydasında gedərsə, 2015-ci ilin sonunadək türkdilli dövlətlərin ortaq televiziya kanalının yaradılması ilə bağlı dövlətlərarası müqavilə imzalana bilər: "Telekanalın yaradılması ilə bağlı yekun qərarı dövlət başçıları verəcək və buna müvafiq olaraq sənəd imzalanacaq".
Avrasiya Media Birliyinin icraçı katibi Halit Ziya Alptekin isə mətbuata açıqlamasında "Eurasia Life"nin Birliyin ən böyük layihələrindən biri olduğunu deyib. Onun sözlərinə görə, kanal ilk olaraq Ankara və İstanbul studiyalarından, sonra isə digər ölkələrin dövlət televiziyalarının studiyalarından yayıma başlayacaq: "Kanal türk dilinin yayılması ilə yanaşı, eyni mədəni köklərə, ortaq tarixə sahib, ancaq fərqli coğrafiyalarda yaşayanları bir araya gətirəcək. Mərkəzi Türkiyədə olan Avrasiya Media Birliyi başda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Özbəkistan və Türkmənistan olmaqla, Asiya və Avropanın media qurumları arasında informasiya paylaşımı, qarşılıqlı səfərlər, seminarlar, təlim proqramları keçirəcək. Bundan əlavə, mediadan daha səmərəli istifadə üçün fəaliyyət göstəriləcək".
Ortaq türk televiziyasının yaradılması ideyasını yüksək qiymətləndirən millət vəkili Sabir Rüstəmxanlı türk xalqlarının birliyi ideyasının əsasının ötən əsrin əvvəllərindən qoyulduğunu bildirib: "Türk xalqlarının inteqrasiyası dünənin-bu günün söhbəti deyil. Böyük Atatürk hələ 30-cu illərdə öncəgörənliklə deyib ki, bir gün sovetlər birliyi dağılacaq və bu dəmir qalpağın altından müstəqil türk dövlətləri çıxacaq. Türkiyə indidən həmin günə hazır olmalıdır. Həmin vaxtdan türk dövlətlərini əsaslı şəkildə bir-birinə bağlamaq, yaxınlaşdırmaq üçün ortaq əlifba, ortaq dil məsələsi müzakirə edilir.
Elə türkdilli dövlətlərin ortaq televiziya kanalının yaradılması istiqamətində də çoxdandı işlər görülür. Hansı ki, artıq "TRT-Avaz" kanalı xeyli müddətdir fəaliyyət göstərir. Hesab edirəm ki, TRT və İctimai Televiziyanın bazasında "Avaz" ümumtürk televiziyasının yaradılması çox böyük uğurdur. Türkdilli dövlətlərin ikinci bir kanalının yaradılmasını da alqışlayıram. Ümumiyyətlə, qanunvericilik imkan verdiyi qədər bu dövlətləri bir-birinə yaxınlaşdırmaq lazımdır. İndiyədək türk xalqlarının birliyinə dair uğurlu addımlar atılsa da, bunlar yetərli deyil. Mən Türk Birliyini Avropa Birliyinə bənzər görmək istərdim. Nədən bu Avropada mümkün olsun, amma türklərdə yox? Hesab edirəm ki, ortaq türk televiziyalarının vasitəsi ilə bu prosesi bir qədər sürətləndirmək olar. Bu televiziyalarda ciddi verilişlər nümayiş olunmalıdır, müxtəlif türk dövlətlərinin iqtisadçıları, siyasətçiləri, elm, mədəniyyət xadimləri, tarixçi və digər peşə sahibləri bir araya gəlib ümumi türk problemlərini çözməlidirlər. Elə verilişlər hazırlanmalıdır ki, türkün zəngin dünyası orada görünsün. Onu da bildirim ki, biz daha üzümüzü Avropaya çevirməli deyilik. Güman edirəm ki, bundan sonra televiziyalarımızdan daha çox türk xalqlarının mədəniyyətləri nümayiş olunacaq. Qırğız, qazax, türkmən, özbək dövlətlərinin kifayət qədər dəyərli filmləri var, nə vaxta qədər bizim telepəncərələr Qərbə açılmalıdır?"
Millət vəkili yaradılacaq ortaq türk televiziyasını hər nə qədər müsbət qiymətləndirsə də, kanalın adının "Eurasia Life" olmasının heç də arzuolunan olmadığını deyib: "Zənnimcə, bu kanalın yaradılmasında məqsəd "Eurasia" adı altında keçmiş sovetlər birliyini və ya Rusiyanın hegemonluğunu təbliğ etməkdən başqa bir şey deyil. Yaradılacaq kanal türkdilli dövlətlərin ortaq proqramıdırsa, adı niyə "Turan", "Türk dünyası", "Altay TV" olmasın? Təbii ki, ad təsadüfi də seçilmiş ola bilər. Əsas odur ki, qarşıya qoyulan məqsədlər ümumtürk dünyasının mənefeyinə uyğun olsun. Proqram sırf bu istiqamətdə olduqdan sonra adın heç bir əhəmiyyəti yoxdur. Televiziya özünü doğruldacağı təqdirdə bütün Türk dünyası və ayrı-ayrı regionlarda məskunlaşan türklərin həyatında da önəmli rol oynayacaq. Həmçinin bu kanal Azərbaycanın güneyinə də müraciət edəcəyi üçün bizim üçün ikiqat əhəmiyyət kəsb edir".
S.Rüstəmxanlının sözlərinə görə, televiziyada Türkiyə türkcəsinin ortaq dil kimi qəbul olunması da daha effektiv nəticələrə zəmin yarada bilər: "Verilişlərin əksər hissəsi məhz Türkiyə türkcəsində verilməlidir. Türkdilli xalqların digər xarici dillər - ingilis, rus, alman, fransız kimi Anadolu türkcəsini öyrənməsinin nəyi pisdir ki? Onsuz da digər türk dilləri ilə bu ilin yaxınlığı həddindən artıq çoxdur. Müəyyən fərqlər var ki, çox qısa bir zamanda türk xalqları bu dili mükəmməl səviyyədə öyrənə bilər. Altaydan, yaxud da ən uzaq türk guşələrindən gəlmiş adamlar belə bir həftə içərisində Anadolu türkcəsini öyrənə bilərlər. Həmçinin televiziya özbək, tacik, azəri türkcəsində də verilişlər, filmlər verməlidir ki, bu dillər arasında sıx bağlılıq formalaşsın".
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da öz növbəsində türk dövlətlərinin ortaq televiziyasının fəaliyyətə başlamasının təqdirəlayiq hal olduğunu söyləyib.Onun sözlərinə görə, türkdilli dövlətlərin ortaq televiziyası türk xalqlarının bir- birinə mənəvi inteqrasiyasına müsbət töhfələr verəcək. Odur ki, millət vəkili bütün türk dövlətlərinin bu layihədə aktiv rol alması istiqamətində ciddi addımlar atılmasının zəruriliyini vurğulayıb. İndiki situasiyada türkdilli dövlət arasında birlik, sıx əməkdaşlıq olmadığını vurğulayan millət vəkili real addımlar atılmazsa, "Eurasia" televiziyasının effektiv layihə olacağını düşünmür: "Türk dünyasında yekdillik, iş birliyi yoxdur. Ona görə də indiki şərtlərlə bu layihənin uğur qazanması çətin məsələdir".
Türk Şurasının layihə direktoru Zamin Əliyev deyib ki, bu təşəbbüs türkdilli ölkə başçılarının Bodrumda keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürüldükdən sonra koordinasiya qrupu yaradılıb: "Bu il oktyabrın sonunda koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olundu. Kanalın strukturu İdarə Heyətindən, Direktorlar Şurasından və redaksiya heyətindən ibarət olacaq. Telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək. Telekanal "Al Jazira", "Euronews" kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq". O qeyd edib ki, kanalın adı "Eurasia Life" kimi qəbul olunsa da, adının dəyişdirilməsi də mümkündür.
Onu da əlavə eədk ki, ortaq türk televiziyasından əlavə media birliyinin yaradılması məsələsi də müzakirə olunur. Türk sosioloq, Uşak Universitetinin Sosioloji bölümünün yardımçı dosenti A.Çağlar Deniz də Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaradılmasını və Türkdilli Ölkələrin və Toplumların Media forumlarının keçirilməsini bu sahədə çox önəmli strukturlaşma sayır: "Fərqli coğrafiyalara dağılmış türk xalqları arasında sosial media vasitəsi ilə yeni bir bağ qurmaq, dövrümüzün inkişaf prosesləri baxımından çox mühümdür. Yaxud belə bir bağlılığın, türkdilli xalqlar arasında bir əsr öncə var olan müştərək mədəni bağın - Təbriz, Səmərqənd, Kazan və Urumçidə oxuna bilən, İstanbulda çap edilən bir qəzetin və ya çağdaş dövrə uyğun bənzər media vasitələrinin yenidən qurulması da mühümdür. Siyasi olaraq bəzən pərakəndə bir halda olan türk xalqlarının, mədəni birləşməsinə yol açacaq bənzər təşəbbüslər iqtisadi və sosial paralellər üçün də bir canlanmaya səbəb olacaq. Xüsusilə, ortaq dil və əlifba məsələlərinin aşılmasında, bu cür təşəbbüslərin müsbət nəticələri olacaq. Yeni mediada iş birliyi sayəsində bir-birilərini daha real təqib edə bilən türk xalqları, aralarında yaradılan süni fərqliliklərin əslində nə dərəcədə bəsit olduğunu bir daha görə biləcəklər. Yeni media sosiologiyası baxımından da bu cür təşəbbüslərin önəmli ictimai sonuclara hamilə olduğunu ifadə etmək istərdim".

Əli