“Münxen konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən fikirlər...” Layihə

“Münxen konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən fikirlər...”

Tural İsmayılov: “2020-ci ildə Qarabağ zəfərini şərtləndirən əsas nəzəri müddəaların davamı kimi xarakterizə oluna bilər”

Nurlan Qələndərli: “Münxen qələbəsi tarixi zəfərə aparan yollardan biridir”

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan məşhur debatdan bir il ötür. Paşinyanın biabırçı məğlubiyyəti ilə nəticələnən bu debat Azərbaycan və Ermənistanla yanaşı bir sıra xarici ölkələrin media orqanlarında geniş müzakirə olundu. Ekspertlər bu tarixi Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin bünövrəsi kimi xarakterizə edirlər.
Politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə bildirdi ki, Münxendə ötən ilin fevral ayında ən önəmli siyasi hadisələrindən biri baş verdi. Onun sözlərinə görə, ölkə başçısı küçə hərəkatçısı Paşinyana real siyasətdə yeri olmadığını bir daha göstərdi: “Prezident İlham Əliyev çıxışında bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Dövlət başçısı bütün dünyaya bəyan etmişdi ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.
Prezident həmçinin demişdi ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.
Ölkə başçısı təkcə siyasi dərs keçməyib, o, kültürəl soyqırımı da bütün dünyanın gözü önündə Paşinyanın üzünə çırpmışdı.
Azərbaycan Prezidenti söyləmişdi: "Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!"
Çıxışında tarixi faktlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə susdurmuşdu. 44 günlük savaş isə Ermənistanın siyasi mövcudluğunu şübhə altına aldı”.
Tural İsmayılov əlavə edib ki, Münxen konfransında Cənab Prezident tərəfindən irəli sürülən fikirlər 2020-ci ildə Qarabağ zəfərini şərtləndirən əsas nəzəri müddəaların davamı kimi xarakterizə oluna bilər: “Cənab Prezident daha sonra isə Bişkekdə Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlət başçılarının iclasında və “Valday” diskussiya klubunda Münxen Təhlükəsizlik Konfransındakı fikirlərini davam etdirərək, Ermənistanın işğalçılıq siyasətini həm region ölkələrinə, həm də bütün dünyaya bir daha nümayiş etdirdi. Təəssüflər olsun ki, Azərbaycanın haqq səsi və ədalətli mövqeyinə qarşı səssiz qalan bəzi dövlətlər bu konfranslardan sonra da sükutunu davam etdirdi. Nəticədə Ermənistanın Azərbaycana qarşı yol təxribatı, avqustda isə kəşfiyyat-diversiya qrupu göndərməsi ilə nəticələndi. Azərbaycan Ermənistanın həyata keçirdiyi bütün təxribatçı hücumlara qarşı öz əks-hücum əməliyyatları ilə böyük bir zəfər qazandı. Yəni bizim Vətən Müharibəsindəki qələbəmiz hazırda siyasi, diplomatik müstəvidə davam edir. Savaşdan əvvəl də Cənab Prezident tərəfindən siyasi iradə və qətiyyət nümayiş etdirilərək həm Münxen, həm “Valday”, həm də Bişkek konfransında Ermənistan siyasi cəhətdən ağır məğlubiyyətə düçar edildi!”
Politoloq Nurlan Qələndərli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də son 17 il ərzində həyata keçirilən dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir: “Şübhəsiz ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya səbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq olub. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoyub, informasiya müharibəsində Azərbaycanın haqq səsi olub, cəsarətlə bütün təzyiqlərə sinə gərib, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilib. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa edib, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırıb. Bu kontekstdə ötən il baş tutmuş Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının növbəti diplomatik qələbəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır”. Münxen qələbəsinin tarixi zəfərə aparan yollardan biri olduğunu deyən politoloqun sözlərinə görə, sözügedən konfrans zamanı Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi: “Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Azərbaycan Prezidentinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı, onun absurd iddiaları dövlət başçısı tərəfindən darmadağın edildi”. Nurlan Qələndərli bildirib ki, bundan bir neçə ay sonra beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusunun tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyü bərpa etməsi sözügedən diplomatik qələbənin döyüş meydanında həlledici davamı oldu: “Ötən il Münxendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşən Paşinyan bu dəfə 44 günlük müharibənin nəticəsi olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycanın qarşısında düz çökdü, dövlətimiz öz milli güc resursları ilə Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə müvəffəq oldu. Nəticə etibarilə, “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu”.
Deputat Naqif Həmzəyev diqqətə çatdırıb ki, tarixə Ermənistan diplomatiyasının iflası, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi düşən məşhur Münhen debatından1 il ötür: “Hələ o zaman, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Münhen şəhərində keçirilən panel müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyəti, tarixi faktlara əsaslanan çıxışı Böyük Qələbəyə az zaman qaldığının mesajını vermişdi”. Millət vəkili qeyd edib ki, tarixi debatda Prezident İlham Əliyev təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqları olduğunu, işğalçı dövlət tərəfindən zəbt edildiyini dünyaya bəyan etdi. Dövlət Başçımız İlham Əliyevin işğalçı ölkənin yalanlarını ifşa edərək, Ermənistan hakimiyyətinə tarix və siyasət dərsi keçməsi, Nikol Paşinyanın ittihamlara məntiqsiz, cəfəngiyatla, yalanla dolu çavabları dünya içtimaiyyətinin gözündən qaçmadı. Ermənistanın hökumət başçısının tarixdən xəbəri olmaması, Xocalı soyqırımında mənşəyi bəlli olmayan qəzet nömrəsindəki yazı ilə Azərbaycanı günahlandırmağa çalışması Paşinyanı gülünc vəziyyətə saldı. Prezident İlham Əliyevin Qarabağ, eləcə də ətraf bölgələrdəki Azərbaycan ərazilərinə dair erməni iddialarının əsassız olduğunu düzgün şəkildə ortaya qoyması Azərbaycanın haqlı olduğunun nümayişi oldu. Hər iki ölkə rəhbərlərinin debatı sayəsində dünya siyasətçiləri, içtimaiyyəti Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin də, dünya görüşünün də Paşinyandan qat-qat üstün olduğunu göstərdi. Bu müşakirələr Ermənistanın daxilində və xaricində Paşinyanın sərt tənqid olunmasına səbəb oldu, işğalçı ölkənin ictimai-siyasi gərginliyi daha da dərinləşdirdi. 15 fevral Münhen debatı Paşinyanın gülünc vəziyyətə düşməsi, Ermənistanın diplomatik məğlubiyyəti günü kimi də tarixə düşdü. Eyni zamanda tarixi debat Prezident İlham Əliyevin Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi qətiyyətinin, ölkəmizin prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinin, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunun gösəricisi oldu. Hər zaman verdiyi vədə sadiq qalan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhürünü vurdu, Ermənistanın işğalçı siyasətini darmadağın etdi. 17 ildə danışıqlar prosesində, beynəlxalq tribunalardan Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edən ölkə Prezidentimiz Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşasına nail oldu, diplomatik sferada üstünlük əldə etdi, 30 il müddətində davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoymağı bacardı. Bu gün Ali Baş Komandanın beynəlxalq kürsülərdən qürurla səsləndirilən "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı reallığa çevilib, “dəmir yumruq” əməliyyatı "böyük Ermənistan” mifini darmadağın edib. Bəli, dünya sadəcə “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” deməklə kifayətlənməyən, bütün siyasi, diplomatik bacarığını və təcrübəsini səfərbər edərək, bu şüarı həyata keçirən Prezident İlham Əliyevin sözü ilə əməlinin vəhdət təşkil etdiyinin şahidi oldu”.

Əli Zülfüqaroğlu