“Ordumuz güclüdür, biz qalib gələcəyik” Layihə

“Ordumuz güclüdür, biz qalib gələcəyik”

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər xarici mətbuatda işıqlandırılır

Ermənistanın Azərbaycanla illər uzunu apardığı müharibə Avropa ölkələri tərəfindən ikili standartlarla yanaşılsa da münaqişəni obyektiv işəqlandıran mətbu nümunələr də az deyil. Məsələn, Almaniyanın "Der Tagespiegel" qəzeti və Amerika Açıq Cəmiyyət İnstitutu tərəfindən təsis olunan, redaksiyası Nyu-Yorkda yerləşən "Eurasianet" portalı Qarabağ qaçqınlarının güzəranı barədə maraqlı məqalələr dərc edib. "Der Tagespiegel" qəzetində dərc edilmiş "İki onillik keçsə də, onlar hələ də qayıtmaq arzusu ilə yaşayır" adlı reportaj Ağdamdan bəhs edir. Alman jurnalist Tobias Asmut bu rayonun Azərbaycanın nəzarətində olan hissəsindən hazırladığı yazıda bildirir ki, torpaqlarından qovulmalarından az qala 20 il keçsə də, ağdamlılar hələ də Qafqaz regionunun ən ağır münaqişəsi olan Dağlıq Qarabağ müharibəsində "bufer zonasının" bir hissəsi Ağdam şəhərindəki evlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Reportajda Ağdamın Bənövşələr kəndində məskunlaşan qaçqınların gündəlik həyatı təsvir edilir. Jurnalist yazır ki, həyətdə oynayan uşaqların səs-küyü ağdamlı qaçqın Tünzalə Vəliməmmədvanı ailəsinin yaşadığı evin açıq pəncərəsindən otaqlara daxil olur. Valideynlər isə uşaqlar kimi şən deyil və qaçqınlıq tarixçələrini danışırlar. "Ağdama bombalar yağanda mən məktəbdə kompüter kursuna təzə başlamışdım. Ermənilər gəldilər və qaçmağa məcbur olduq. Biz qurbanlarıq, ancaq dünya bizi unudub"- deyə, orta məktəb müəlliməsi olan 66 yaşlı T.Vəliməmmədova bildirib. Ağdam işğal olunanda T.Vəliməmmədova həmin şəhərdə məktəb direktoru olub. İndi o, Bənövşələr kəndindəki məktəbə rəhbərlik edir. "Onun bir gün qayıtmaq arzusu ilə yaşadığı evi Bənövşələr kəndindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu yol boyu bombaların açdığı çuxurları, xarabalıqları görmək olar. Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal olunandan sonra tranşeylər sistemi, tikanlı məftillər və minalanmış sahələrlə ayrılıb", deyə məqalədə bildirilir.
Qəzet yazır ki, Bənövşələr kəndini Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi salıb. Bu kənddə tikilmiş yeni evlərə çadır düşərgələrindən təxminən 2 min qaçqın köçürülüb. Kənddə poliklinika, poçt şöbəsi, uşaq bağçası, məktəb, kitabxana var, meyvə bağları salınıb. Lakin Vəliməmmədova üçün yeni kənd adının poetik səslənməsinə baxmayaraq ancaq qaçqınlar üçün düşərgədir. Hansı ki, o, Ağdam azad olunan kimi həmin düşərgəni tərk etməyə hazırlaşır. "Bizim ordumuz güclüdür, biz qalib gələcəyik", deyə o bildirir. Alman qəzeti yazır ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ uğrunda münaqişə, beynəlxalq ekspertlərin fikrincə, Qafqazda yeni böhrana səbəb ola biləcək yavaş təsirli bombadır. "BMT Təhlükəsizlik Şurası işğal edilmiş ərazilərin boşaldılmasına dair bir neçə qətnamə çıxarıb, lakin ATƏT-in vasitəçiliyi də bu münaqişənin həllinə kömək edə bilməyib. Vəliməmmədova kimi qaçqınlar oyunun tərkib hissəsidir. Dağlıq Qarabağ və ətraf rayonlardan 600 minə yaxın azərbaycanlı qaçqın düşüb, ölkənin 20 faiz ərazisi işğal altındadır. Vəliməmmədovadan fərqli olaraq qaçqınların heç də hamısı yeni tikilən evlərdə yaşamır. Onların bir çoxu hələ də kustar binalarda və sınıq-sökük konteynerlərdə yaşamağa məcburdur".
"Qaçqınkom"un sədri Əli Həsənov alman jurnalist ilə söhbətində deyib ki, hazırda qaçqınların 400 minə yaxını ağır şəraitdə yaşayır. 100 minə yaxını yeni evlərə köçürülüb. "Əgər o vaxt beynəlxalq yardımlar olmasaydı fəlakət baş verərdi", Lakin o deyir ki, Azərbaycan indi qaçqınlar problemi ilə özü məşğul olmağa qadirdir. Öz evlərini tərk etməyə məcbur olanların 190 minə yaxını torpaq sahələri ilə təmin edilib. Lakin Qarabağ və ətraf rayonlardan olanlar torpaqları ancaq icarəyə götürə bilər: "Çünki onlar sonda öz torpaqlarına qayıdacaqlar", deyə komitə sədri bildirir. Ancaq Ə.Həsənov deyə bilmir ki, bu hadisə nə vaxt olacaq: "Biz sülh variantına tərəfdarıq, lakin beynəlxalq təşkilatlara olan ümidlərimiz tükənir. Mümkündür ki, müharibə tezliklə başlasın". Əslən işğal altında olan Füzuli rayonundan olan Ə.Həsənov alman jurnalistə vəfat edən anasına verdiyi söz haqda da danışıb: "Mən ona söz vermişəm ki, onu işğal altındakı torpaqlarda dəfn olunmuş atamla yanaşı dəfn edəcəyəm. Əgər bu sözü yerinə yetirə bilməsəm, onun ruhu məni daim təqib edəcək".
Qəzet yazır ki, bir hissəsi Ağdamdan keçən və ATƏT-in "təmas xətti" adlandırdığı cəbhə xəttində tez-tez atışmalar olur, əsgərlər ölür. "Lakin bizim verdiyimiz şəhidlərə görə hiss etdiyimiz acılar Qərbi maraqlandırmır" deyə, Ağdamın icra hakimiyyəti başçısı bildirib. O, beynəlxalq təşkilatların problemi həll edə biləcəyinə artıq inanmır. "Onları ancaq bizim neftimiz maraqlandırır", deyə icra başçısı bildirir.
Nyu-Yorkda yerləşən "Eurasianet" portalının "Qaçqın məktəbləri işğalın simvolu kimi" adlı məqalə də Ağdam qaçqınlarının güzəranı barədədir. Lakin burada mövzu fərqlidir. Orada Qarabağ qaçqınlarının yeni məskunlaşdıqları ərazilərə inteqrasiya olunmaq dilemması ilə üzləşdikləri barədə danışılır. Məqalədə deyilir ki, builki dərs ili ərəfəsində ABŞ-ın Bakıdakı səfirliyinin maliyyə dəstəyi ilə Ağdam rayonundan qaçqın düşənlərin uşaqları üçün Bərdədə yeni məktəb tikilib: "1 saylı Ağdam məktəbi adlanan bu təhsil müəssisəsi erməni işğalı altında olan şəhərdən 33 mil şimal-şərqdə yerləşir. İşğaldan əvvəl bu şəhərdə təqribən 150 min əhali yaşayıb. Münaqişənin nizamlanmasına dair səylər nəticə vermədiyi üçün məcburu köçkünlərin yaxın gələcəkdə öz evlərinə qayıtması perspektivi də görünmür. Lakin buna baxmayaraq, ağdamlıların əksəriyyəti öz torpaqlarına qayıtmaqda israrlıdır. Ötən 17 ildə 1 saylı Ağdam orta məktəbi Bərdə şəhərində qaçqınların yataqxana kimi istifadə etdiyi üçmərtəbəli yarıuçuq məktəb binasında yerləşirdi. Bu binada 70 ailə məskunlaşıb. Təbii ki, belə şəraitdə dərs keçmək asan iş deyildi. Müəllimlərdən biri danışır ki, bəzən onlar dərsə başlayan kimi qonşu otaqda kimsə yemək bişirirdi. Məktəbin şagirdlərindən 60-a qədəri də elə bu binada yaşayır. Bundan əlavə Bərdə şəhər 2 saylı orta məktəbi də eyni binada yerləşib. Amerika səfirliyi tərəfindən maliyyələşdirilərək tikilən yeni məktəb isə mebellərlə təchiz olunmuş 13 sinif otağından ibarətdir. Binada bütün şərait yaradılıb. Lakin valideynlər öz uşaqlarını bu məktəbə göndərməkdən imtina edir, səbəbi isə budur ki, onlar ağdamlı uşaqların yerli uşaqlarla bir yerdə oxumasını istəmir. Çünki yarıuçuq binada yerləşən qaçqın məktəbi çoxları üçün öz vətənlərini itirməyin simvollarından biridir, onlar bu simvolu itirmək istəmirlər ".
Məqalədə deyilir ki, qaçqınların çoxu bu cür inteqrasiyanı istəmir. İşğal altında olan digər rayonun - Laçının qaçqın məktəblərindən birinin direktoru Ağayar İsmayılov da deyir ki, onların missiyası qaçqın uşaqlarına daim Qarabağı xatırlatmaqdır. "Bəziləri elə hesab edir ki, biz öləndə gələcək nəsil fərqli olacaq, onlar qayıtmaq istəməyəcəklər. Ancaq belə deyil, biz daim uşaqlara torpaqlarının işğal altında olduğunu aşılayırıq". Direktor deyir ki, vətəni işğal olunandan sonra nəvəsinə "Laçın" adı qoyub. Məqalədə deyilir ki, Bərdədəki qaçqın məktəblərinin divarları müharibədə həlak olmuş hərbçi qəhrəmanların şəkilləri və işğal olunmuş ərazilərin xəritələri ilə doludur. Bu şəkillər və xəritələr orada oxuyan uşaqlara hər gün Qarabağı və onun uğrunda gedən müharibəni xatırladır. Ağdam qaçqın məktəbinin yuxarı sinfində oxuyan oğlanlar isə bir ağızdan bildiriblər ki, onlar heç vaxt öz torpaqlarını unutmayacaqlar və hökmən Ağdama qayıdacaqlar. "Ağdamsız bizim gələcəyimiz yoxdur" deyə, onlardan biri bildirib.
Məqalədə deyilir ki, qaçqın məktəblərində təhsil üçün heç bir şərait olmasa da, bu məktəblərdə oxuyanlar tədris proqramını bəzən yerli məktəblərdə oxuyanlardan daha yaxşı mənimsəyirlər. Üstəlik bu məktəblər əraziləri işğal olunan rayonların qaçqın düşən və iş yerlərini itirən əhalisinin bir qismi - müəllimlər və məktəb işçiləri üçün iş imkanıdır. "Eurasianet" azır ki, qaçqınların Azərbaycan cəmiyyətinə inteqrasiyası problemi ciddidir. Çünki ölkənin hər yerinə səpələnən qaçqınların kompakt yaşamasını təmin etmək çətindir, ancaq onların parçalanması və yerli cəmiyyətə inteqrasiyası da itirdikləri torpaqlara qayıtmaq arzusunu zəiflədən amil ola bilər. Bu səbəbdən qaçqınlar kompakt yaşamağa, uşaqlarını eyni məktəbdə oxutmağa meyllidir.
Almaniyanın nüfuzlu "Die Welt"qəzetinində dərc olunmuş və jurnalist Knut Teske tərəfindən yazılmış "Püskürən vulkana bənzəyən emosiyalar" sərlövhəli məqalə belə başlayır: "20 il bundan əvvəl yüzlərlə azərbaycanlı Xocalıda, bu günədək cansız qalmış ərazidə qətlə yetirilmişdir". Məqalənin əvvəlində hazırda vahiməli görünüşə malik olan Xocalı şəhərindən 1992-ci il fevralın 26-da ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı əhalinin qovulduğu və Ermənistan silahlı qüvvələrinin təqibindən yaxa qurtarmağa məcbur olmuş əhalinin bir hissəsinin qaçarkən qətlə yetirildiyi göstərilir.
Müəllif yazır ki, münaqişə iqtisadi cəhətdən Avropaya da ziyan vurur. Dağlıq Qarabağın beynəlxalq hüquqla tanınmasını tələb edən Ermənistan Rusiyaya söykənməklə özünü regional iqtisadi əməkdaşlıqdan məhrum edir. ağlıq Qarabağda cəbhənin təmas xəttinə getməyə dərhal icazə vermədilər. Erməni tərəfi cəbhə bölgəsində erməni snayperlərinin saxlanmasını Azərbaycan tərəfinin "snayperlərinə reaksiya" kimi təqdim edir. Bununla belə, müəllif qeyd edir ki, bir neçə il bundan əvvəl doqquz yaşlı azərbaycanlı uşağın snayper gülləsi ilə qətlə yetirilməsi erməni tərəfinin snayperlərlə bağlı izahatına heç cür uyğun gəlmir...
"Ermənilər tərəfindən etnik təmizləmə aksiyalarına məruz qalmış azərbaycanlıların sayı milyonu keçir. "Dağlıq Qarabağın azərbaycanlı əhalisi üçün dramatik zirvə nöqtəsi 1992-ci il fevralın 26-da yaşanır. Həmin gün onlar meşələrdən keçən dəhliz vasitəsilə yaxınlaşan erməni silahlılarından qaçmağa çalışırdılar. Azərbaycanlı qaçqınlar can atdıqları yerə çatmağa az qalmış qəflətən erməni yaraqlıları tərəfindən gülləbaran olundular. Yüzlərlə insan həlak oldu".

Ülviyyə Tahirqızı