İctimai nəzarət prosesində vətəndaş cəmiyyətinin rolu Layihə

İctimai nəzarət prosesində vətəndaş cəmiyyətinin rolu

Ölkəmiz müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə edib və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra mühüm nailiyyətlər qazanıb. Hazırda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Çünki güclü dövləti şərtləndirən amillərdən biri də güclü vətəndaş cəmiyyətinə sahib olmaqdır. Ölkə başçısı tərəfindən milli donor institutu olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (indiki adı QHT-lərə Dövlət Dəstəyi Agentliyi) yaradılması ilə bu vacib sahəyə dövlət qayğısı daha da artdı, vətəndaş cəmiyyəti sektorunun inkişafında yeni bir mərhələ başladı. Həm qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması, həm də qeyri-hökumət təşkilatlarının effektiv fəaliyyət göstərmələri üçün dövlət qurumları ilə əməkdaşlığının təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi ilə QHT-lərlə yerli və mərkəzi icra hakimiyyəti strukturları arasında əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Artıq bütün mərkəzi icra hakimiyyəti qurumlarında vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu İctimai şuralar fəaliyyət göstərməkdədir. Bütün bunlar dövlətin, onun ali rəhbərliyinin vətəndaş cəmiyyətinə önəmini ifadə edir, həmçinin, onlardan da aktiv olmağı, dövlətlə əməkdaşlıq etməyi və ümumi inkişaf naminə səyləri birləşdirməyi gözləyir.
“İctimai iştirakçılıq haqqında» Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin icrasını təmin etmək məqsədilə, bir sıra dövlət komitə və nazirliklər,İcra Hakimiyyətləri və hətta tədris ocaqlarında belə qurumların yanlarında fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün İctimai Şuralar yaradılıb. Bəzi qurumlarda bu proses çoxdan başlanılıb, bəzilərində yenidən yaradılır.
İctimai iştirakçılığın formaları bunlardır: ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə.
Eyni zamanda qanun ictimai iştirakçılığın digər formalarda həyata keçirilməsini də qadağan etmir.
Onu da qeyd edək ki, “İctimai İştirakçılıq Haqqında” Qanun qəbul olunanadək ölkədə ictimai iştirakçılığın müxtəlif formaları mövcud olub. Bu iştirakçılıq müxtəlif səviyyələrdə-əməkdaşlıqdan partnyorluq və birgə iştirakçılığa qədər müxtəlif spektrləri özündə ehtiva edib. 2006-cı ildən, Azərbaycan Respublikasının Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq olunan və 27 aprel 2006-cı il tarixində dövlət qeydiyyatına alınan “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları” əsasında “Məhkumların islah edilməsində və pentensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə” (qısa adı: Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə) fəaliyyətə başladı. Bu Qaydalar 2011-ci il 29 dekabr tarixində yeni redaksiyada təsdiq edilib. Ədliyyə Nazırliyi Kollegiyasının 27 avqust 2014-cü il tarixli qərarı ilə bu qaydalar “İctimai İştirakçılıq Haqqında” Qanunun tələblərinə uyğunlaşdırılıb. Ədliyyə Naziri yanında İctimai Komitənin səlahiyyətləri, fəaliyyət istiqamətləri və qaydaları (həmçinin vəzifələri) “İctimai İştirakçılıq Haqqında” Qanunla yanaşı Komitənin fəaliyyətinə dair Qaydalar da da əks olunub.
Son illər ölkədə yaradılan İştimai Şuraların fəaliyyəti diqqət mərkəzindədir. İştimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirlməsi, dövlət siyasətinin formalşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir. Bu gün İctimai Şuralar öz funksiyasını yerinə yetirə bilirmi, yoxsa sadəcə formal xaraktermi daşıyır?
QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin fkirincə, İctimai şuralar ilə bağlı məsələlər “ictimai iştirakçılıq haqqında” qanunla bərabər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixdə qəbul olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir.
Bu 2 qanunvericilik aktının tətbiqinə gəldikdə isə mərkəzi icra hakimiyyəti orqanı sayılan 17 nazirlik, 7 dövlət komitəsi, 7 dövlət şirkətləri və xidmətlərinin hüquqşünasları müxtəlif və fərqli proseduralar həyata keçirirlər.
Qısacası hər bir qurum öz istədiyi kimi qaydalar qoyur, öz istədiyi sənədləri tələb edir və s.
Vəziyyət elə gətirib ki, ötən müddətdə ən azından bu qanunu oxuyub, başa düşdüyü və yaxud istədiyi kimi icra edənlərə də təşəkkür etməli olmuşuq.
Başqa sözlə desək 2020-ci ilədək cəmi 11 mərkəzi icra hakimiyyəti orqanı qanunun tələblərinə riayət edərək müvafiq ictimai şuralar yaratmışlar. Çox təəssüf həmin İctimai şuraların bir çoxunun yaradılmasında və fəaliyyətində heç də yaxşı nümunələr mövcud deyildir.
Ötən illərin təcrübəsi bu prosesdə aşağıdakı problemlərin olduğunu göstərir:
- İctimai şuraya keçirilən seçkilər ilə bağlı məlumatların əlçatan olmaması;
- Seçkilər ilə bağlı həm namizədlər üçün, həm də seçicilər üçün qanunda nəzərdə tutulmayan sənədlərin və yaxud sənəd nümunələrin qeyri adekvat formada tələb olunması;
- İctimai şuraların fəaliyyəti haqqında məlumatların olmaması;
- VCT-lərin bilik və bacarıqlarının zəif olması;
- Və s.
Müvafiq qaydalarda hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi ilə bağlı məqamlar öz əksini tapıb. Qaydalarla mərkəzi icra hakimiyyəti orqanı hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirilməsi vacib sayılır.
Son dövrlərin populyar ifadəsi olan İctimai şuralar kənarda olanlar üçün qapalı mücrü, üzvlər üçün isə fərqli nəsnədir. Ən çox maraq doğuran isə İctimai şuraya üzv olan şəxsin növbəti dəfə nəyin bahasına olursa-olsun Şuraya can atmalarıdır. Hər bir vətəndaş cəmiyyəti institutu nümayəndəsinin seçilmək hüququnun olduğunu nəzərə alaraq, bu istəklərə də sayğı göstərmək zorundayıq.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə İctimai şuraların fəaliyyətinə münasibət bildirərkən deyib ki, QHT sektorundan yaxından tanıdığım şəxslərin, jurnalist həmkarlarımın müxtəlif nazirlikərin, dövlət komitələrinin, digər rəsmi qurumların yanında fəaliyyət göstərən İctimai şuralarda təmsil olunması müsbət haldır. Effektiv ictimai nəzarət mexanizminin yaradılması ölkədə açıq cəmiyyət quruculuğunu gücləndirəcək, məmur özbaşınalığına son qoyacaq və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsini təmin edəcəkdir.
O qeyd edib ki, son bir neçə ildə dövlət qurumlarının yanında İctimai şuralar mövcud olsa da, onların fəaliyyəti bir o qədər də diqqəti cəlb etmir: “Təəssüf ki, bəzi dostlarımız İctimai şuralara iş yeri kimi baxırlar. Doğrudur, İctimai Şura üzvlərinə rəsmi məvacib ödənilmir, amma Azərbaycan üçün xarakterik olan “paket” sisteminin burada da keçərli olduğu deyilir. Əgər belə deyilsə, İctimai Şura üzvünü nazirə, komitə sədrinə yaltaqlanmağa nə vadar edir? Axı İctimai şuralar müvafiq qurumların fəaliyyətinə nəzarət etmək, mövcud nöqsanları göstərmək üçündür. Təəssüf ki, biz hansısa İctimai Şura üzvünün ciddi bir problemi ictimailəşdirdiyinin şahidi olmamışıq”.
Seymur Verdizadə yeni yaradılan İctimai şuralarda jurnalistlərin təmsil olunmasının keyfiyyət dəyişikliyinə gətirib çıxaracağına ümid etdiyini bildirib:
“Ümid edək ki, jurnalist dostlarımız özlərinin peşə kodeksinə sadiq qalaraq, təmsil olunduqları sahələrdə mövcud olan nöqsanları ictimailəşdirməkdən çəkinməyəcəklər”.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov isə bildirib ki, İctimai Şura mərkəzi orqanların fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Bu baxımdan ictimai nəzarət prosesində vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun və ictimai mühitin yeniləşməsində rolu, yeri və mövqeyi də önəmlidir. Belə ki, daxili resursları olan, özəl keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları təşkilatlandırmaq vətəndaş cəmiyyətinin ən aktiv vəzifəsidir. Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektualların müxtəlif təşkilatlarda aktivliyi labüddür.

Cavid