Ermənistanın Qarabağı işğal planı Layihə

Ermənistanın Qarabağı işğal planı

V yazı

AMEA-nın Tarix İnstitutunun mövzu ilə bağlı tarixi faktlara istinadən araşdırmasını təqdim edirik.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin - separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu "siyasətçilər" onları qabağa verdilər (bu erməni separatçılığının "tarixi" ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi. Bu "kitabçada" tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: "Нагорный Карабах страна армянская..." (с.3); "Нагорный Карабах - феодальная область, дворянский кусочек(?) Армении" (с.5) və i.a.
1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M.Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi. Bağırov bununla əlaqədar 1945-i il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxvidir. Malenkov yoldaşa. Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinovun Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur. 1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə musavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir".
Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir. Lakin buna yenidən qayıtmağa ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl:
1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır.
2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən - oz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.
Lakin ermənilər bununla da Dağlıq Qarabağla bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur.1969-cu ildə Heydər Əliyevin Azərbayan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.
1984-cü ildə İrəvanda Z.Balayanın "Oçaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.
Özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii - coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın Dağlıq hissəsinə - Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.
Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar, əsasən, pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonların əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb - Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə idi.
Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüyünün artması ilə də müşayiət olunurdu. Azərbaycanlı - müsəlman əhalinin yaşadığı aran rayonları əsasən xristian-ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı.
Bütün bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik eqoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı digər rayonların Ermənistanın hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu.

Cavid