Avropa bəzi mətləbləri Paşinyana anladıb Layihə

Avropa bəzi mətləbləri Paşinyana anladıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.

Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.

Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.

İlham Əliyev Brüsseldə (NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında – red.) Zəngəzur dəhlizi ilə bağlı şərtini açıqlayıb:

- Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır... Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır.

Əvvəldən yazdığımız məsələ bu idi: Bakı “dəhliz-dəhliz” siyasətindən strateji məqsəd üçün istifadə edir və hər iki halda qazanclı çıxır.

Zəngəzur dəhlizində Ermənistanın gömrük postunun qurulması Azərbaycana Laçın dəhlizində eyni addım atmasına imkan yarada bilər: 10 noyabr razılaşmasında Laçın dəhlizində, o cümlədən Naxçıvana açılacaq yolun təhlükəsizliyinin rus hərbçiləri tərəfindən qorunacağı qeyd olunur; əgər rus hərbçilərinin olduğu Zəngəzur dəhlizində erməni postu olacaqsa, Azərbaycan eyni məntiqdən çıxış edərək, Laçın dəhlizinə post qurmaq tələbini irəli sürə bilər.

Prezident bu şərti açıqladı. Bu, Bakının strateji gedişidir. Və burada əsas güc rusların üzərinə düşür. Moskva İrəvanı 10 noyabr razılaşmasını icra etməyə - Zəngəzur dəhlizinin açılmasına məcbur etməlidir, ya da Azərbaycan Laçın dəhlizinə eyni məqsədlə post quracaq. Hər iki halda qazanacaq.

Əliyevin bu şərti Avropadan açıqlaması da Moskvaya “üzərinizə düşəni edin” mesajıdır.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin Bakıdan və ya Soçidən səsləndirilməsi bir ayrı, Brüsseldən - birləşmiş Avropanın və NATO alyansının siyasi mərkəzindən səsləndirilməsi isə tamam ayrı effekt verir, fərqli təəssürat yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının birmənalı və konkret mövqeyini ortaya qoyması olduqca təqdirəlayiqdir. Prezident haqlı olaraq vurğuladı ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır və Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir: “Ermənistan bunu etməyə borcludur və məhkumdur. Çünki 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayan Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb. Ermənistan bundan boyun qaçıra bilməz. Bu ölkənin sürüşkən mövqeli baş naziri Nikol Paşinyanın isə guya, 10 noyabr bəyanatında "dəhliz" sözünün yer almaması ilə bağlı söylədikləri isə söz oyunu və spekulyasiyadan başqa bir şey deyil. İmzaladığı öhdəliyin məsuliyyətini dərk etməyən Ermənistan liderinin sözlərin formal tərəfini qabartması sadəcə və sadəcə öz ölkəsinin ictimaiyyətini, daxili auditoriyanı aldatmaq cəhdidir. İlham Əliyev isə bu gün Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı məlum şərti irəli sürməklə Paşinyanın bu oyunlarının da qarşısını aldı. İndi düşmən ölkənin bu şərti düzgün dəyərləndirməkdən və qəbul etməkdən başqa bir yolu yoxdur”.

Onun fikrincə, İlham Əliyev istər Paşinyanın, istərsə də bütün ermənilərin anlaya biləcəyi tərzdə, çox sadə dildə izah etdi ki, bu gün Azərbaycan Laçın dəhlizindən sərbəst və təhlükəsiz istifadə etməyiniz üçün tam normal şərait yaradıb və Laçın dəhlizində heç bir post yoxdur. Deməli, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Məsələ bu qədər aydın və sadədir. Amma həm də prinsipial məsələdir. Əgər Ermənistan Azərbaycanın Zəngəzur dəhlizindən eyni şərtlərlə istifadə etmək haqqını tanımasa və karqolara, insanlara nəzarət etmək istəsə, o zaman Azərbaycan da Laçın dəhlizində gömrük postu açmaq imkanından yararlanacaq: “Odur ki, burada Ermənistanın yalnız iki seçimi var: ya Azərbaycanın şərtləri əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir, yadaki Laçın dəhlizindən istifadə etmək imkanını itirməsi ilə barışmalıdır. İlham Əliyevin də qeyd etdiyi kimi biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır. Azərbaycanın dövlət başçısının Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı bu cür prinsipial mövqe sərgiləməsi proseslərin sonrakı gedişində əlimizi daha da gücləndirəcək”.

Ekspert Əkrəm Bəydəmirli isə bildirib ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş geniş auditoriyalar tərəfindən diqqətlə izlənilirdi: “Hazırda belə təmasların davam etməsi çox zəruri idi. Görüşlər zamanı N, Paşinyana çox ciddi mesajlar çatdırılaraq bir daha anadıldı ki, sənin Azərbaycanla normal əməkdaşlıqdan, sülh danışıqlarını davam etdirib yekunlaşdırmaqdan başqa yolun yoxdur. Əlqərəz populist çıxışlar edib Qərbə bel bağlamağın əbəs olduğunu Paşinyana diplomatik şəkildə izah olunub. Artıq Ermənistanın baş naziri ölkəsinə döndükdən sonra ictimaiyyətə, hətta qatı müxalif qüvvələrə reallığı çatdıracağı ehtimal olunur. Aydın görünür Qərb Ermənistan məsələsi ilə bağlı özünü həddin artıq yükləmək istəmir. Avropanın Cənubi Qafqazda geosiyasi maraqları və strateji mahiyyət daşıyan iqtisadi hədəfləri var. Ona görə də regionda sülhün bərqərar olması Azərbaycanla bərabər həmin dairələrin də marağındadır. Artıq imitasiya xarakterli sülh danışıqlarının perspektivi olmadığı aydındır. Təbii ki, sülhə əngəl olmaq istəyən qüvvələr var. Şübhəsiz ki, Azərbaycanın da imitasiya xarakterli sülh danışıqlarına getməyəcəyi bəllidir”.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, ekspert Stanislav Pritçin isə deyib ki, dekabrın 10-da Moskvada "3+2" formatında keçirilən görüşlərlə dekabrın 15-də Brüsseldə keçirilən danışıqlar bir-biri ilə bağlı deyil.

"Bu görüş ilk növbədə Ermənistanın Qarabağ münaqişəsinin həlli kontekstində Azərbaycana təzyiq göstərmək üçün Aİ-dən daha çox dəstək qazanmaq cəhdidir. Aİ Qarabağın həlli prosesində pərdələri çəkərək orada iştirak etməyə çalışır. Moskvada danışıqlar daha geniş formatda olub. Yəni Brüssel platforması çərçivəsində tərəflərin tam fərqli məqsəd və vəzifələri var. Ona görə də bu görüşü ümumi bir mühitdə qiymətləndirmək mümkün deyil.

Oradakı müzakirə hətta ümumi halda belə regionda gələcək proseslərə həlledici təsir göstərməkdən çox uzaqdır. Çünki Aİ nə vasitəçidir, nə də problemin real həllində dərindən iştirak edən tərəfdir", - Pritçin vurğulayıb.

Yeri gəlmişkən, Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb ki, Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycanla dəmir yolunun yenidən işə salınmasına dair razılaşma təsdiqlənib.

Onun sözlərinə görə, dəmir yolu ölkələrin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlı prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək.

“Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək. Biz də təmasları davam etdirmək barədə razılığa gəldik”, - Paşinyan bildirib.

Cavid

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması