“Azərbaycanlılar torpaq və övlad qisasını bizdən alacaqlar” Layihə

“Azərbaycanlılar torpaq və övlad qisasını bizdən alacaqlar”

L.Z.Qriqoryan yazır: "Biz ermənilər səhv etdik"

O.S.Adamyan: "Dağlıq Qarabağ Azərbaycana məxsus yaşayış ərazisidir"

İllər ötür, yenə də "tərəqqipərvər" bəşəriyyətin inkişaf etmiş demokratik ölkələri erməni "məzlumluğunu" müdafiədə "fədakarlıq" göstərirlər. Əslində bu, dünyanın antiinsanlığı müdafiə etməsidir. Araşdırmaçı Yusif Qazıyev bildirir ki, Qərbin digər siyasətindən biri də "humanistlik" və "beynəlmiləlçilikdir". Bu odur ki, xarici separatçı qüvvələri qaçqın və köçkün kimi qəbul edirlər. Həmin qüvvələrin vasitəsi ilə onların gəldikləri ölkələrdə təxribat və ixtilaflar törədirlər: "Əgər Qərb dövlətləri haqqı, ədaləti, insan hüquqlarını qoruyurlarsa, qoy ölülərin yox, hazırda yaşayan canlı insanları - Azərbaycan Respublikasında mövcud olan yüz minlərlə qaçqın və köçkünlərin hüquqlarını müdafiə etsinlər, azərbaycanlıların ermənilər tərəfindən soyqırımı edildiklərini tanısınlar.
Türk millətini dərindən yaralayan Bosniya-Herseqovina və Qarabağ soyqırımları Qərbin gözləri önündə və onun tutarlı köməyi ilə olub. Körfəzdə neft üçün döyüşən Qərb dövlətləri, Bosniya-Hersoqovinada və Azərbaycanda da tökülən qanlara müşahidəçi kimi qalıblar. Müsəlmana, insan qanına, neft qədər qiymət verməmişlər. Müşahidəçi olan Qərb, öz haqları üçün lazım gəldikdə bütün dünyanı ayağa qaldırır. Mənbələrin birində deyilir: "Türk milləti olaraq, bu günə qədər Qərb üçün çox fədakarlıqlar etdik, qarşısında isə əxlaqsızlıq, ikiüzlülük və xəyanət
gördük. Belə ki, Qərbə heyran olanların bilmələri üçün: Qərbin iç üzü budur!.." (T.Miroğlu (professor). Qərbin iç üzü həqiqət güzgüsündə. "Türkiyə" qəzeti, 21.06.1993).
Erməni terrorçu təşkilatları ilk olaraq ötən əsrin ortalarından erməni icmalarının iştirakı və super dövlətlərin dəstəyi ilə yaranıb. Məsələn, ASALA-nın yaranmasında o vaxtkı Sovet İttifaqının rolu çox böyük olub. Burada məqsəd ondan ibarət idi ki, terroru dəstəkləyən dövlət terrorun fəaliyyətini öz maraq və mənafelərinə xidmət etdirsin. Bu məqsəd Rusiya və Qərb dövlətləri tərəfindən dəfələrlə tətbiq olunub. Hətta XX əsrin 70-80-ci illərində ASALA Türkiyənin Esenboğa hava limanını partlatmışdı. Erməni terroru nəticəsində ayrı-ayrı ölkələrdə türk diplomatları ardıcıl şəkildə qətlə yetiriliblər".
Son onillərdə Azərbaycanda ermənilər onlarla terror aktı törədiblər: "Ermənilər azərbaycanlılara qarşı hər hansı terror aktı törədəndə ABŞ reaksiya vermədi. Əksinə, 907-ci maddəni işə salaraq terroru dəstəklədi. Qərb dövlətləri tərəfindən Türkiyədə ermənilərin 100 il bundan əvvəl bir vilayətdən digər bir vilayətə köçürülməsi genosid kimi qiymətləndirilir və dünya dövlətlərinin parlamentləri tərəfindən tanınır. ABŞ bir tərəfdən terrorçulara maddi yardım (məsələn, Ermənistana və Dağlıq Qarabağa) göstərir, digər tərəfdən antiterror əməliyyatları aparır. Bu ikili standartlı siyasətdir. Belə ki, ABŞ xristian zəminində terrorçu dövlətə yardım edir, təcavüzə məruz qalmış ölkəyə isə yardım etmək əvəzinə onu sıxışdırır. Məhz bunlar ikili standartların təzahürləridir".
Araşdırmaçı Yusif Qazıyev vurğulayır ki, ABŞ-ın Əfqanıstanda antiterror əməliyyatı apardığı bir vaxtda Vaşinqtonun dolayı yolla olsa da, "ASALA" və "Haydad" erməni terror təşkilatlarına dəstək verməsi zəmanəmiz üçün təəssüf və təəccüb doğurur. ABŞ-ın dövlət departamentində erməni terrorçularına bu "imtiyazı" verən elə milliyyətcə erməni olanlardır. Uzun müddət ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsində çalışmış, Birləşmiş Ştatların Dövlət Departamentində Kəşfiyyat və Araşdırmalar İdarəsinin rəisi işləmiş Morton Abramyanın böyük səliqə-səhmanla hazırladığı hesabatda dünyanın 43 terror təşkilatının sırasına "ASALA" və "Haydad" daxil edilməmişdi: ""ASALA"nın əsas məqsədlərinə nəzər salaq:
a) Azərbaycanın dünya bazarına çıxış yollarını nəzarətə götürmək;
b) Yanacaq-enerji mənbələrinin keçid nöqtələrini müəyyənləşdirmək;
c) Neft yataqlarının xəritəsi;
d) Xarici neft şirkətlərinin ərazi dairəsi, təhlükəsizlik planlarının araşdırılması;
e) Neft sahəsində tanınmış ictimai-siyasi xadimlərə qarşı ölüm hökmünün icrası;
f) Neft kəmərlərinin keçid məntəqələrinin öyrənilməsi və həmin keçid məntəqələrinə yaxın ərazilərdə qapalı təlim düşərgələrinin yaradılması;
Bundan başqa qətllərin və partlayışların törədilməsi də "ASALA" və "Haydad"ın əsas qayələrindəndir ki, bu haqda da Azərbaycan və Türkiyənin dövlət arxivlərində kifayət qədər sənədlər mövcuddur. Belə olan təqdirdə ABŞ yenə də, hətta öz milli maraqlarını unudaraq 1967-ci ildən fəaliyyət göstərən "ASALA"nın törətdiyi hərəkətlərə göz yumur. Lakin ermənilərin beynəlxalq terrorizmlə əlaqəsi bir daha sübuta yetirildi. Federal Təhqiqat Xidmətinin (FSB) məlumatına görə, 1996-cı ildə 30 çeçen döyüşçüsü Livanın Bəka vadisində xüsusi təlim keçiblər. İlkin mərhələdə döyüşçülər Nəbi Əl-Şit məntəqəsində yerləşdiriliblər (bu məntəqə Livanın Şərqindəki Baalbek şəhərindən 16 kilometr cənubda yerləşir). Fransa xüsusi xidmət orqanlarının (bu qurumlar bu zona üzrə ixtisaslaşıblar) məlumatına görə, çeçenlər Suriya hərbi kəşfiyyatı ilə sıx əlaqəsi olan iki terrorçu təşkilatın düşərgəsində xüsusi təlim keçiblər. Fransa xüsusi xidmət orqanları hər iki terror təşkilatının adını açıqladı. Hizbullah və erməni "ASALA"sı. Bundan başqa, həmin mənbə əlavə edir ki, həmin dəstələrə Suriya hərbi kəşfiyyatının Livan Departamentinin rəhbəri Qazi Knaan xüsusi nəzarət edib. Agentliyin məlumatında deyilir: "Qeyd edək ki, Suriya hərbi kəşfiyyatı Qafqazda apardığı məxfi və təxribatçılıq fəaliyyətində "Ermənistanın azadlığı uğrunda Erməni Məxfi Ordusu" (ASALA)-nın imkan və əlaqələrindən istifadə edib". Beləliklə, erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğunu təsdiq edən daha bir fakt bəlli oldu.
Digər bir sübut. Fransa parlamenti qondarma "erməni soyqırımı"nı tanıyarkən tələm-tələsik parlamentin qəbul etdiyi qərarı təsdiqlədi. Onun xalq içərisində müzakirəsini keçirmədi. Səbatsız Fransa deputatları saxta iddianı tanıdılar və s.
Bununla yanaşı, Qərb dövlətlərinin təşəbbüsü ilə yaradılmış bir çox beynəlxalq humanist təşkilatlar ATƏT, AŞ, AŞPA, Helsinki İnsan hüquqları təşkilatları və bunlara bənzər digər təşkilatlar Qərbin marağına xidmət edir. Bu təşkilatların qərarları o zaman yerinə yetirilir ki, bu qərarlar Qərb dövlətlərinin maraqlarına uyğun olsun. Bu mülahizə onunla sübut olunur ki, BMT TŞ Ermənistanın Azərbaycana qarşı təcavüzünü 4 dəfə müzakirə edib qərar çıxarsa da, həmin qərarlar bu günədək kağız üzərində qalıb. Bəs nə üçün BMT-nin TŞ İraq və Yuqoslaviya hadisələri ilə bağlı qəbul etdiyi qərarları dərhal icra etdi? Bu təşkilatların içərisində ən çox fəaliyyət göstərən ATƏT-dir. ATƏT siyasi alverçilər və avanturist beynəlxalq erməni kapitalının təsiri altına düşüb. Elə illərdir Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarının baş tutmamasının səbəbi də budur".
İndi də erməni xarakteri, ruhsuzluğu, etiraflarına diqqət kəsilək. Erməni professoru L.Z.Qriqoryan yazır: "Biz ermənilər səhv etdik. Azərbaycan kimi qonşunu, həmişə ehtiram və hörmət gördüyümüz bir milləti itirdik. Bizi bir-birimizə düşmən etdilər. Biz Dağlıq Qarabağı zəbt etməklə onu əbədi itirdik. O torpaq bizim olmayıb. O torpaqda biz sadəcə, yaşamışıq, işləmişik…".
Məşhur ingilis kəşfiyyatçısı və diplomatı E.Klark yazır: "1994-cü ildə Düşənbə Dövlət Universitetinin rektoru Mötərəm Əbdürrəhmanova xəbər verirlər ki, "səni öldürəcəklər, sənə qarşı terror var". Xəbər Düşənbə mətbuatında sual doğurdu. Nə üçün? Bəziləri eyhamla danışdılar. Akademik Əbdürrəhmanov da bunu istehza ilə qarşıladı. Amma üç gündən sonra günorta, saat 12:25-də alim qapısı ağzında güllələndi. Ona terror edildi. Akademik son zamanlar Orta Asiyadakı erməni diasporu haqqında araşdırmalar aparırdı".
"Camaatül-Fukra" adlı radikal terror təşkilatının rəhbəri Şeyx Briqadir İmtiyazın müsahibəsindən: "Ermənilərlə birlik yaratdıq. ASALAçı erməni vətənpərvərləri bizə həmişə yaxşı bələdçilik ediblər. Onlar bizə həm yol göstərir, həm ticarət işlərində, həm də başqa işlərdə yardım edirlər. Onların bir qismi "Əl-Qaida"da, "Özbəkistan islam hərəkatı"nda, "İslam qrupu"nda, "Əl-Mühacirin" qruplarında cangüdən kimi fəaliyyət göstərirlər…".
A.A.Ambarsumyanın müsahibəsindən: "Hamımız "Böyük Ermənistan" xülyasında itib-batmışıq. Bu, sonu görünməyən siyasi bataqlıqdır. Biz Dağlıq Qarabağda həm mənəvi, həm fiziki, həm də siyasi cəhətdən iflasa uğradıq. Bunu anlamaq, dərk etmək lazımdır. Azərbaycanlılar torpaq və övlad qisasını bizdən alacaqlar. Mən bundan çox qorxuram".
Erməni generalı, professor T.A.Sumbatyan yazır: "İrəvan ASALA terror təşkilatını erməni cavanlarının beyninə milli-azadlıq təşkilatı kimi yeridir. Bu ürəkağrıdıcı, qorxulu siyasət davam edir… Siz bizi işğalçı kimi tanıtdınız. Bütün bunlara görə əziyyət çəkirəm. Nəyin bahasına olursa-olsun, ermənilər Azərbaycan torpaqlarından çıxmalı, qonşu dövlətin ərazi bütövlüyünə hörmət etməlidir. Avropa Şurasına yığışan siyasətçilər, millət vəkilləri, politoloqlar, diplomatlar bu yolda üstümüzdəki "işğalçı" damğasının götürülməsində bizə yardımçı olmalıdılar".
Erməni diplomatı O.S.Adamyan: "Övladlarımız səksəkə içərisində yatır. Bütün bunlara son qoymaq vaxtıdır. Dağlıq Qarabağ Azərbaycana məxsus olan yaşayış ərazisidir. 1983-cü ildə Moskvada nəşr olunmuş "Qafqaz adlı ev" kitabımda qeyd etmişəm ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olan yaşayış ərazisidir. Onun qədim tarixi var. Mənim uşaqlığım o yerlərdə keçib. Mən indi tarixi saxtalaşdırıb başqa şey yaza bilmərəm. Tarixi istədiyin kimi yazmaq və oxumaq mümkün deyil".