Ötən il qəbul imtahanlarında abituriyentlərin 41.44%-i 200-dən az bal toplayıb Cəmiyyət

Ötən il qəbul imtahanlarında abituriyentlərin 41.44%-i 200-dən az bal toplayıb

2024-cü ildə I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 41.44%-i 200-dən az bal toplayıb.

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.

“Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0–200), (200–300), (300–500), (500–700) intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 41.4 faizi imtahandan “2”, 20.9%-i “3”, 26.4%-i “4”, 11.3%-i isə “5” qiymət alıb”, - hesabatda deyilir.

Qeyd olunub ki, ötən il bu göstəricilər, uyğun olaraq, 46.3%, 21.1%, 24.8%, 7.9% olub: “Göründüyü kimi, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 29.4%-ni “3”, 46.1%-ni “4”, 19.1%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.3%, 43.2%, 13.1% olub”.