

Subbakalavrların I – IV ixtisas qrupları üzrə əldə etdikləri imtahan nəticələrini tam seçmə ilə (imtahanda iştirak edən abituriyentlər və subbakalavrlar (abituriyent kimi iştirak edənlər) birlikdə) müqayisə etdikdə, subbakalavrların nəticələrinin zəif olduğu nəzərə çarpır. I – IV ixtisas qrupları üzrə imtahanda abituriyent kimi iştirak edən subbakalavrların topladıqları balların riyazi gözləməsi 133.80 bal olduğu halda, tam seçmədə bu göstərici 2.02 dəfə böyük olub (270.76 bal).
APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.
Qeyd edilib ki, imtahanda iştirak edən subbakalavrların yarısı 122.6 baldan aşağı nəticə göstərib, tam seçmə üzrə bu göstərici isə 236.3-ə bərabər olub: “Subbakalavrların ixtisas seçimində iştirak etdiyini nəzərə alsaq, onların göstəricilərini ixtisas seçimində iştirak edən abituriyentlərlə müqayisə etmək daha ədalətli olardı və burada biz müqayisənin daha acınacaqlı olduğunu görürük. Belə ki, ixtisas seçimində iştirak edən abituriyentlərin qəbul imtahanında topladıqları balların riyazi gözləməsi (359.54) imtahanda iştirak edən subbakalavrların analoji göstəricisindən 2.7 dəfə böyükdür. Bütün bu qeyd olunanlar onu göstərir ki, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahanın nəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır. Bu isə ali təhsil müəssisələrində tədris zamanı müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər. Fikrimizcə, ali təhsil müəssisələrində subbakalavr kimi qəbul olanlar üçün xüsusi tədris planı hazırlanmalı və onların mütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla daha intensiv məşğul olmaqla həyata keçirilməlidir”.