Güney Azərbaycanda dramatik poema Güney Azərbaycan

Güney Azərbaycanda dramatik poema

1-ci yazı

Dramatik poema epopeya və dramatik başlanğıcı özündə ehtiva edən lirik-dramatik janrdır; bu janrda qələmə alınan əsərlər, bir qayda olaraq səhnə üçün nəzərdə tutulmur. Ədəbiyyatşünaslıqda poemanın tarixi və nəzəriyyəsinə bir sıra əsərlər həsr edilib. Bu, əslində, daim inkişaf və axtarışda olan janrın təkamülü baxımından son dərəcə maraqlı bir hadisədir. Dramatik poema janrının öyrənilməsi isə bu mənada xüsusi əhəmiyyət kəsb edir, belə ki, bu janr ədəbiyyatın ənənəvi növlərinin ilkin komponentlərini özündən ehtiva etməklə bərabər insanın taleyinə güclü təsir edən epoxal hadisələrin təsvirinə yön verir. Bu janrda ayrıca götürülən insan taleyi də poetik araşdırma mövzusuna çevrilir.
Öz mahiyyəti etibarı ilə dramatik poema ədəbiyyatın humanist, ictimai-tarixi yön və istiqamətlərini, ən əsası isə onun müasirliklə bağlılığını mükəmməl şəkildə ifadə edir. Bu sadalanan xüsusiyyətlər aydın məsələdir ki, məhz ədəbiyyatın necə deyərlər, tələbləri ilə bağlı məsələdir, ancaq XX əsrdə dramatik poemaya maraq daha çox janrın özünün bir forma kimi spesifikası ilə əlaqədar idi, yəni, bu janr dövr və epoxanın ən universal və fərdi başlanğıcını bir nöqtədə parlaq şəkildə göstərmək imkanlarına malik idi. Qeyd etmək lazımdır ki, XX əsrin ikinci yarısında janrın ideya və estetik sferasında əsaslı dəyişikliklər baş verdi.
Bir janr kimi dramatik poema kifayət qədər uzun inkişaf tarixinə malikdir, o, kökləri etibarı ilə Şekspirə qədərki dövrə gedib çıxır. “Dramatik poema” bir termin və anlayış kimi ilk dəfə ingilis şairi Milton tərəfindən dövriyyəyə buraxılıb (XVII əsr). Daha sonra bu termin məzmun baxımından tamamlanmış və o dövrün əsas hadisələrinə qiymət vermək baxımından danılmaz vasitəyə çevrilib. Bu kontekstdə Lessinq və Şillerin əsərlərini nümunə göstərmək olar. Lessinqin poeması (dahi şair bu əsərini janrı etibarı ilə “dramatik şeir” adlandırırdı) janr təyinatı baxımından spesifik hesab edilə bilər. Belə ki, onun əsərində xarakterlərin deyil, ideyaların toqquşmasına və bir-birini dəf etməsinə diqqət yetirilirdi. Bu janr daha sonralar Avropa ədəbiyyatlarında romantizmin çiçəklənməsi dövründə forma və estetik kredo baxımından zənginləşir. Məhz həmin dövrdə personajların dialoq və monoloqları canlı şəkil alır, janr dərininə inkişaf prosesini keçirir. Romantizm dövrünün şairləri artıq monoloqla kifayətlənmir, tarixin ayrı-ayrı böhranlı dövrlərinin hiss və həyəcandan aşıb-daşan mənzərələrini canlandırmaqla tarixin dramatik mahiyyətini üzə çıxarmağa can atırdılar. Daha sonralar rus poeziyasında dramatik poema janrı öz sərhədlərini genişləndirdi, buraya xüsusi ilə Puşkinin kiçik faciələrini aid etmək mümkündür.
Poemada konflikt ideya və məzmunun uyğun xarakter daşımasına zəmin yaradır. Ədəbiyyatşünaslıqdan məlumdur ki, konfliktin həyatiliyi, xarakterlərin zənginliyi və mürəkkəbliyi əsərin bədiiliyinin meyarıdır. Akademik M.Arif Azərbaycan poeziyasının inkişaf meylləri və istiqamətləri haqqında qələmə aldığı məqaləsində yazırdı: “Əhəmiyyətli mövzu, monumentallıq, qüvvətli xarakterlər mübarizəsi, daxili dinamika, dramatizm olmayan yerdə yaxşı poema da ola bilməz”. XX əsrdə həm Quzey, həm də Güney Azərbaycan ədəbiyyatında poema janrına xüsusi diqqət yetirilmiş və bu janr əsas etibarilə xarakter və konflikt meyarları üzərində sistemləşdirilərək tədqiq edilmişdir. Bu meyara əsaslanan Mehdi Hüseyn yazırdı: “Ədəbiyyatda, xüsusən də poema janrında xarakter, tip məsələsi olduqca əhəmiyyətli və diqqəti cəlb edən ciddi məsələdir”. Quzeydə olduğu kimi, Güney Azərbaycan ədəbiyyatında da şair və yazıçılar poema janrında bir sıra tipik xarakterlər silsiləsi yaradıblar.
İranda baş vermiş ixtilaflar, milli ayrıseçkilik - şovinizm və bu ideya altında cərəyan edən digər hadisələr Güney ədəbiyyatında poema janrının inkişafı və təşəkkülü mərhələlərinə zaman-zaman mənfi təsir göstərib. Dövlət səviyyəsində yürüdülən farslaşdırma siyasəti isə doğma dildə poema (əsər) yaratmağın nə qədər çətinliklərlə əhatələndiyini diqqətdən qaçırmır. Çünki çətin şəraitdə doğma dilə münasibət böyük fəsadlarla nəticələnirdi və bu səbəbdən də qələm adamları əsərlərini fars dilində yazmağa məcbur olurdular. Bu proses o vaxtadək davam etdi ki, İranda Milli azadlıq hərəkatı gücləndi, Təbrizdə 21 Azər İnqilabı qalib gəldi, Milli Hökumət yaradıldı və xalq yaratdığı milli sərvətləri qorumağa özündə güc- qüvvət tapdı.
Bu dövrdə həyatın sərt, acı həqiqətlərini, ziddiyyət və münaqişələrini öyrənərək onları çəkinmədən əsərlərinə mövzu seçən istedadlı şairlər - M.Etimad, M.Şəhriyar, B.Q.Səhənd, K.M.Sön- məz, H.Nitqi, B.Azəroğlu, Ə.Tudə, M.Gülgün, H.Bülluri, S.Tahir, İ.Cəfərpur, M.T.Zehtabi, H.Cəfəri, N.Əzhəri və M.Biriyanın poemalarında konflikt, tip və xarakterin bədii təyinini, bədii mündəricəsini oxucu asanlıqla sezir. Çünki bu əsərlər sağlam ideya, zəngin bədii zəmin və şifahi xalq yaradıcılığı ənənələri əsasında yaranır, xalqın arzu və istəklərini əks etdirirdi. Ümumiyyətlə, XX əsrdə bütövlükdə Azərbaycan ədəbiyyatında yaranmış poemaların içərisində elələri vardır ki, onlarda həm lirik, həm epik, həm də dramatik ünsürlər dialektik vəhdətdə olur. Bu cür əsərlərdə qəhrəmanların daxili dünyası, onların duyğu və düşüncələri, arzu və istəkləri, sosial - məişət problemləri dialoqlar vasitəsilə açılır. Poema-dialoq folklor ənənələrinin davamı, dramatik poemaların mühtəvasıdır. Dastanlarımızdakı bədii dialoqun özəl nümunələri Məhəmmad Hidəcinin “Əfsanə”, Yədulla Məftunun “İnsan və soruşcu” əsərləri üçün də örnək olmuş, personajlar arasında kəskin dinamizmin yaranmasına əsas olub. Məhəmməd Hidəçinin bəzən şeir də adlandırılan “Əfsanə” poeması məzmunun bitkinliyi, dolğunluğu, bədii formanın sadəliyi, hər qısa, lakonik misranın alt qatında gizlənən mənanın dərinliyi ilə diqqəti çəkir. Mühtəvasındakı mənanın dərinliyinə və qapsamına görə, Dostoyevskinin “Oxşar”ını da Peterburq poeması, L.Tolstoyun “Hərb və Sülh” romanını isə 1812-ci il haqqında rəşadət poeması adlandırıblar. Bəzən də məcazi mənada: “Günəş doğan zamanı Qafqaz sıra dağlarının əsrarəngiz mənzərəsi!.. - bu, özlüyündə bütöv bir poemadır!” demişlər...
Lirikasında ictimai motivlərə üstünlük verən və zalımların məzlumları əzməsini, güclülərin harınlığını, ədalətsizlik və riyakarlığı, xalqın malı, sərvət ilə varlanmış harın məmurların qudurğanlığını kəskin tənqid atəşinə tutan, insana ülvi duyğular bəxş edən, ruhunu qanadlandıran məhəbbəti isə şövqlə, ilhamla tərənnüm edən Hidəçinin “Əfsanə”sindəki qısa, lakonik misraların əksəriyyətində bir poemalıq mətləblər gizlənib...
Ana dilində, doğma türkcəmizdə 1500 beytdən çox ədəbi-bədii irs yaradan Məhəmməd Hidəçi bu poemada Azərbaycan şifahi xalq ədəbiyyatı ənənələrindən yaradıcı şəkildə bəhrələnərək Güney şerində maraqlı dialoq-mükalimə formasının gözəl nümunəsini yaradıb:
- Bir söz deyim?
- Buyur!
- Məni xar eylədi qürur!
- Saldı məni bu?
- Nədən?
- İqtidaridən!
- Yoxluq nə pis olur,
- Bəli, müflis xəsis olur.
- Pulsuz baxar nigarına,
- Hardan?
- Nəkaridən...
Fəlsəfi ümumiləşdirmələri diqqət çəkən bu əsərində də Hidəçinin gərdişin əvvəli və sonu, yaxşılıqla pisliyin, xeyirlə şərin əbədi mübarizəsi ilə bağlı düşüncələri yer alır. Ədəbi əsərdə, eləcə də poemalarda bir qayda olaraq dialoq personajlar arasında qurulur. Lakin bəzən “dialoqun subyekti alleqorik obraz şəklində şəxsləndirilir, müəllif insanların əməllərinə və münasibətlərinə obrazlı münasibət bildirir. Obraz rolunda isə əşyalar və heyvanlar çıxış edir. Bu halda müəllif sözü heyvanların və əşyaların şəxsləndirilmiş sözünə çevrilir”. Nazir Şərəfxani “Pişik istir pələng ola“, M.T.Zehtabi “Şahin zəncirdə”, H.Tərlan “Simurq və şahin”, M.S.Şami “Qartal”, A.Danişvər “Ey vay, Ana!” poemalarında yeni, mütərəqqi fikirlərini, realist, həyati düşüncələrini alleqorik üslubda təhkiyə yolu ilə ifadə etmək yolunu seçmişlər. Azərbaycan klassik ədəbiyyatında, eləcə də “Şərq ədəbiyyatının xarakterik cəhətlərindən, əsas məziyyətlərindən olan obrazları rəmzlərlə, alleqorik dillə danışdırmaq” üsulundan məharətlə istifadə edən Haşım Tərlan “Şahin və simurq” poemasında təbiətin yaratdığı gözəl varlıqları - iki quşu qarşılaşdırır. Şair bu əsərdə “cəmiyyətdə mövcud olan, həlli zərurət tələb edən məsələləri ön plana çəkir, ikiüzlülük, riyakarlıq, lovğalıq, yersiz iftixar kimi cəhətləri kəskin tənqid edir”.
Yuxarıda adları çəkilən poemalarda dialoqun subyekti məhz alleqorik obrazlardır. Bu əsərlərin hər birində poema janrının dialoq tipinin məziyyətləri vardır. Ən maraqlı cəhət budur ki, M.T.Zehta- binin (1923-1998) “Şahin zəncirdə” poemasında şahin quşu ilə qarğanın dialoqlarında “İnsanlıq nədir, həyat nə, dil, ruh azadlığı, milli istiqlal, milli kimlik nə deməkdir?” suallarının fəlsəfəsi açılır və son dərəcə orijinal cavabları verilir:

Şahin gülərək söylədi: aqili?
Aqil nədir? İnsanlığa biganə bir ünsür?
Yəni, hədəfsiz sürünə bir qədər artıq,
Hər rəngi qəbul etməgə hazir?!
Aqil deyil, insan deyil o bir canavardır.
İnsanlığın öz qaydasi, öz ölçüsü vardır.

M.T.Zehtabi poema boyu son dərəcə maraqlı dialoqlar qurur. Dialoqların qəhrəmanları qartal - şahin, gürzə - ilan, dağla daş, yerlə göy və başqalarıdır. Müdrik şair insanın yaşaması üçün vacib olan bütün nemətlərin qiymətini verir, torpağın, göyün, havanın anlamını bədii sözlə şərh edir, bütün bunları dərin məntiqlə, sağlam təfəkkürlə açıqlayır... Dünyaya azad gələn insanın sonra buxovlanmasına, ayaqlarının qandallanmasına zəncirlənmiş şahin quşunun timsalında etirazını bildirir. Əslində şahin quşu azadlıq aşiqi insanın - şairin özünün rəmzləşdirilmiş obrazıdır. M.T.Zehtabi alleqorik obrazların, rəmzlərin dili ilə öz duyğu və düşüncələrini sərgiləyir:

Torpaq bəşər övladına ən güclü dayaqdır;
Torpaq, nə qədər ömür etsə insan, qalacaqdır.
İnsanlara torpaq anadır, etmirəm inkar,
Hər nemət onun var qucağında:
Torpaqda məhəbbət gülü, torpaqda hünər var,
Od var qucağında.

Şair insan oğlu ilə torpağın ana və uşaq kimi əzəldən bir-birinə məftun, həm də ömür boyu bir-birinə dayaq olduqlarını çox təsirli dillə təsvir edir... Yerlə göyün mahiyyətini, hansı anlamı daşıdığını açır, yazır ki, torpaq-ana övladının daim başı uca, alnı açıq olmasını istəyər, əgər hansısa övladını xəstə - iflic görərsə, sinəsi dağlanar, göy geyib qara bağlayar. “Torpaqda çiçək, incə gözəllər və şərablar, gəzmək, yeyib-içmək, həyatın dadın anmaq, şöhrət qanadı ilə havalanmaq” varkən, bəs ucsuz-bucaqsız, bomboş göylərin hansı özəlliyi, səfası vardır?

Dünyaya dəyər göylərin almas tək havası!!
Göylərdə nə var?!
Hər bir günəşin ilk şüasından isinmək;
Hər səhər ertə ilk şüalarda yuyunmaq;
Hər gün pərisilə səhər ilk anda görüşmək,
gülüşmək və öpüşmək...
Ey, zülmətin aludəsi, biçarə zavalli,
Göylərdə nə var?! Sonsuz üfüqlər və uçuşlar!
Göy aşiqidir həmişə şahin kimi quşlar.

M.T.Zehtabi qələmdaşı Mahmud Sadıqpur Şaminin (1949) “Qartal” poemasında qabartdığı kimi, qarğa və qartal quşlarının xüsusiyyətləri fonunda heyvani hisslərlə günlərini başa vurub sürünən canlı varlıqlarla daim ucalarda olmaq, azad, buxovsuz yaşamaq arzusu ilə yanan azadlıq aşiqlərinin, əqidə, amal ideallarının obrazını yaradır, əqidəli və əqidəsiz insanların müqayisəsini verir. Qocalıb əldən düşən və labüd olan ölümdən qurtulmaq istəyən qartalın üç yüz il yaşayan qarğanın uzunömürlülüyünün sirrini öyrənmək istəməsi və qarğanın ona cavabı haqqında yaranmış məlum əfsanənin motivlərinə söykənir. Əfsanəyə görə, qarğa qartala məsləhət verir ki, uzun ömür yaşamaq üçün göyün ənginliklərində süzmək deyil, bir az aşağılara enmək, zibilliklərdə yaşamaq və ölmüş heyvanların cəsədləri, sür-sümüklə qidalanmaq lazımdır. Bu sözləri eşidən qartalın ona etiraz edərək: “Əsla yox!” cavabını verməsi poemanın əsas leytmotividir:

Şahin doğulanlar qara torpaqda sürünməz.
Nuh tufani gər qopsa da, həqqin şamı sönməz.
Gər halə çəkə lalə tək ətrafına qan da,
Haqq aşiqi baş əyməyəcək zülmə bir an da!!
Get yerdə sürün, get yaşa zülmətdə, dumanda,
Olmaz yarasa nurilə həmdəm.
Matəmdir ışıqlıq sənə, matəm!.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru