
Rejim qüvvələri Təbriz stadionunda Xocalı soyqırımı ilə bağlı plakatlar qaldıran soydaşlarımıza hücum edib
Srağagün Təbrizin "Səhənd" stadionunda Asiya Çempionlar Liqasının oyunu keçirilib. Yerli "Tiraxtur" futbol komandası ilə Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandası üz-üzə gəlib.
Güney Azərbaycanın müxtəlif şəhərlərindən gələn 40 mindən çox azarkeş "Yaşasın "Tiraxtur", "Yaşasın Azərbaycan", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Tiraxtur"u el istər, şərəfli millət istər", "Türklərin iftixarı "Tiraxtur" şüarları səsləndirərək stadionu lərzəyə gətiriblər.
"Tiraxtur" azarkeşlərinin qaldırdığı plakatlar arasında Xocalı soyqırımına dair plakatlar da olub.
Təbriz komandası 1:0 hesabı ilə qalib gələndən sonra şəhərin küçə və meydanlarında şənlənən azarkeşlər milli şüarlar səsləndirib. Polis qüvvələrinin müdaxiləsindən sonra yaranan qarşıdurmada onlarla fəal yaralanıb, ya da tutularaq bilinməz istiqamətə aparılıb.
Tutulanlar arasında Xocalı soyqırımını anan plakatlar qaldıran azarkeşlər də var. Onlar stadiona Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qara sarğı ilə gəliblər, bəziləri isə "1992 faciəsi Xocalı" plakatını nümayiş etdiriblər.
Xocalı soyqırımı ilə bağlı nümayiş etdirilən plakat təhlükəsizlik qüvvələrininin xüsusilə qəzəbinə səbəb oldu. Məmurlar soydaşlarımıza hücum edib, onları dəyənəklə döyüb və bir neçəsini yaxalayıblar. Tutulanlar arasında Mehdi Sədiqi (Səhənd) də var.
Tutulanların harda saxlanıldığı hələlik bəlli deyil.
"Traxtur"un qələbəsindən sonra Təbrizdə və Azərbaycanın başqa şəhərlərində tərəfdarlar şənlik edib və milli şüarlar səsləndiriblər.
Xatırladaq ki, son vaxtlar Güney Azərbaycanda milli hərəkat fəallarına qarşı rejim xüsusi amansızlıq göstərir. İran prezidenti Həsən Ruhaninin seçkiöncəsi ölkədəki millətlərə bir sıra milli haqların tanınacağı barədə vədlərinə baxmayaraq, ən adi mədəni tədbirlər belə şovinist rejim tərəfindən dözümsüzlüklə qarşılanır və kütləvi həbslər həyata keçirilir.
Son bir həftə ərzində Güney Azərbaycanda Dünya Ana Dili Günü müxtəlif tədbirlər də keçirilib. Lakin soydaşlarımızdan təxminən 200 nəfəri keçmiş illərdəki kimi rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Millət vəkili Fazil Mustafanın bildirib ki, Təbrizin "Traktorsazi" futbol klubu ilk dəfə İran Kubokunu qazandığına görə bütün azərbaycanlılar bayram içindədir: "Niyə də olmasın? Biz də sevinirik. Necə olsa bir Təbriz klubu bir kubok alıb və Asiya Çempionlar liqasında İranı təmsil edəcək. Görünür Azərbaycanın quzeyində yaşayanlar kimi, güneyindəkilər də futbolda nadir hallarda uğur qazandıqlarına görə bu cür qələbələr ümummilli bayrama çevrilir. Arazın o tay-bu tayında azərbaycanlılar sevinclərini bir-biri ilə bölüşürlər. İndi "Traktorsazi" də əslində Azərbaycan insanının siyasi duyğularını bir kubok almaqla hərəkətə gətirib. "Traxtorsazi" Azərbaycan türkləri üçün sadəcə azarkeşlik edilən klubdan daha fərqli bir dəyərə çevrilə bilərmi? Hər halda İran çərçivəsində bir təsadüfi qələbəyə görə nəticə çıxarmaq doğru olmazdı".