Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb Güney Azərbaycan

Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

Koronavirusun dördüncü dalğasının başlaması ilə əlaqədar Şərqi Azərbaycan xəstəxanalarında yer çatışmazlığı yaranıb.

Bu barədə Təbriz Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru doktor Simin Xəyyatzadə bildirib.

Onun sözlərinə görə yoluxma sayı kəskin artdığından ölüm halları öncəki həftələrə nisbətən 6 dəfə çoxalıb.

O, koronovirusa yoluxanların xəstəxanalara axın etdiyini, yeni yoluxanları xəstəxanalara qəbul etməyin mümkün olmadığını və ağır durumda olan xəstələrin sayının günbəgün artdığını qeyd edib.

Xəyyatzadə Şərqi Azərbaycan əyalətinin bütün şəhərlərinin təhlükəli qırmızı vəziyyətdə olduğunu, bununla belə hələ də ictimai məsafə və karantin qaydalarına lazimi səviyyədə əməl edilmədiyini deyib.

"Hələ pandemiyanın dördüncü dalğasının daha təhlükəli mərhələsinin qarşıdadır, belə davam edərsə gündəli yoluxma və ölüm sayı indikindən qat-qat çox olacaq”-deyə, o, əlavə edib.

Təbriz Tibb Elmləri Universitetindən verilən məlumata görə, Şərqi Azərbaycan əyaləti pandemiyanın yayılma səviyyəsinə görə çox ağır durumdadır.

Martın ikinci yarısında xəstəxanalarda müalicə alan yoluxanların sayı 400 nəfər civarında olduğu halda. Bu gün bu rəqəm 1500-ə yüksəlib.

Bununla yanaşı hal-hazırda əyalət xəstəxanalarında ağır durumda olan 130 xəstə süni tənəffüs aparatına qoşulub. Əyalətin bir neçə şəhərində xəstəxanalara xəstə qəbulu dayandırılıb.

Vaksinasiyanın cüzi sayda olması və virusa qarşı lazım olan dərman preparatlarının qıtlığı durumun dahada faciəli yöndə inkişaf etməsinə səbəb olub.

4 milyondan çox əhalisi olan Şərqi Azərbaycan əyalətində bu günə kimi peyvənd olunanların sayı 20 min nəfərə belə çatmayıb.

Gunaz.tv