Azərbaycan Öyrənci Hərəkatı İranda son tətil aksiyaları ilə bağlı bəyanat yayıb Güney Azərbaycan

Azərbaycan Öyrənci Hərəkatı İranda son tətil aksiyaları ilə bağlı bəyanat yayıb

Azərbaycan Öyrənci Hərəkatı İranda işçilərin keçirdiyi son tətil aksiyaları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Son illərdə İranda iqtisadi durumunun daha da çətinləşməsi, habelə ölkə vətəndaşlarının 60-73% -nin yoxsulluq həddindən aşağı səbiyyəd yaşamasına səbəb olub.

Hal-hazırda İranda 25 milyondan çox insan içməli su, yaşayış yeri, normal qidalanma və ilkin vətəndaşlıq hüquqlarından məhrum duruma düşüb.

Sosial Təminat Təşkilatının hesabatlarına görə, dörd nəfərlik bir ailə üçün 2021-ci ildə orta yoxsulluq həddi ayda 8 milyon tüməndən çox hesablanıb. Yaşayış səviyyəsinin ortalama miqdarı olaraq adlandırılan bu rəqəm, böyük şəhərlərdə ayda 10 milyon tüməndən çox götürülür.

Bu isə ölkədə işçinin ortalama aylıq gəlirindən iki dəfə artıqdır.

Belə bir şəraitdə idarəetmə bacarığı olmayan və yalnız öz mənafelərini düşünən yarıtmaz məsulların vəzifələrə təyin olunmalarının şahidi oluruq".

Sənəddə qeyd olunur ki, ağır iş şəraiti, inflyasiya, iş saatının çox olması, əmək haqlarının vaxtında ödənilməməsi, işçilərlə daimi əmək müqaviləsinin bağlanmaması, siğorta təminatının olmaması və başqa bu kimi amillər ölkənin irili-xırdalı sənaye müəssisələrində, neft-kimiya, poladəritmə, nəqliyyat, təhsil, istehsal, mədən sahələrində kütləvi tətil aksiyalarının keçirilməsinə səbəb olub.

"İranın müxtəlif bölgələri ilə eyni vaxtda Güney Azərbaycan şəhərlərində də tətil və etiraz aksiyalarının keçirilməsinin şahidi olduq.

Ərdəbil və Təbrizin neft-kimya sənayesində, Təbrizin “İranxodro” zavodunda, Urmunun “Azərkam” müəssisəsində, Əhər mədənlərində, Şərqi Azərbaycanın dulusçuluq müəssisələrində, Təbriz, Urmu şəhərlərinin nəqliyyat sahələrində çox sayda işçi tətil aksiyasına qoşuldu.

Azərbaycan Öyrənci Hərəkatı başlanan tətil aksiyalarını dəstəkləyir və aksiyaçılarla həmrəy olduğunu bildirir.

Hərəkat yaxın gələcəkdə azərbaycanlıların hüquqları uğrunda fəaliyyətlərinin nəticə verəcəyinə və ictimai ədalətin qurulacağına umud edir"-bəyanatda qeyd olunur.

Gunaz.tv