Azərbaycanlı millət vəkili: Urmu gölünün canlandırılması üçün heç bir iş görülməyib Güney Azərbaycan

Azərbaycanlı millət vəkili: Urmu gölünün canlandırılması üçün heç bir iş görülməyib

Məsulların voleybol müsabiqəsindəki hadisələrə səssiz qalması nigaranlığımızı artırır

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Urmu gölü böhranı və Tehranın azadı stadionunda voleybol müsabiqəsi zamanı soydaşlarımıza qarşı polis hücumunu yenidən gündəmə gətirib.
Cavad Cahangirzadə Urmu gölünün vəziyyəti və məsulların laqeyd münasibətini tənqid edib. O bildirib ki, hələ də Qərbi Azərbaycanda və Urmiyədə Urmu gölünün canlandırılması üçün heç bir iş görülməyib və əhalinin gölün vəziyyəti ilə bağlı nigaranlığı davam edir.
O, parlamentdə Urmiyəin "Şəhrdari" voleybol komandasının tərəfdarları və onların Tehranın azadi stadionunda döyülməsini millət vəkillərinə xatırladıb:
"Bizim üçün çox təəccüblüdür! Nəyə görə, idmanı (vərziş) sevən gənclər döyülməlidir! Urmiyəli voleybol tərəfdarlarının döyülməsi əxlaqa və qonaqpərvərlik prinsiplərinə ziddir. Ona görə də, məsullardan bu məsələyə diqqət yetirmələrini istəyirik."
C.Cahangirzadə anayasaya işarə edərək vurğulayıb:
"Anayasaya görə, kimsə başqasının hüququnu poza bilməz. İndi sual yaranır: Urmiyə komandasının tərəfdarlarının hüquqlarını pozan və onları döyən insanların vəziyyəti niyə araşdırılmır?!
Millət vəkili Daxili İşlər nazirinin hadisə ilə əlaqədar susqunluğunu xüsusi tənqid edib. O bildirib ki, birinin günahı sübut olmadan onu necə döymək olar?! Daha önəmlisi isə məsulların bu vəziyyətə səssiz qalmasıdır, bu bizim nigaranlığımızı artırır!
Xatırladaq ki, Martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin "Peykan" komandası ilə Urmiyənin "Şəhrdari" takımı arasında keçirilən voleybol müsabiqəsində "Şəhrdari" komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Hadisə nəticəsində bir çox soydaşımız ağır yaralanıb. Hələlik polis qüvvələrinin hücumunun səbəbi açıqlanmayıb!