“Çıxın bizim yerimizə oynayın, görüm, bacararsınız?” İdman

“Çıxın bizim yerimizə oynayın, görüm, bacararsınız?”

Avropa Liqasının qrup mərhələsində "Slovan"la (2:2) qarşılaşmadan sonra jurnalistlərə müsahibə verən "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Oyuna ümumi nəzər yetirsək, deməliyik ki, 2 xal itirdik. Amma meydanı məğlub tərk edə də bilərdik. Son dəqiqədə qol vurub, hesabı bərabərləşdirdik, 1 xal qazandıq. Bu 1 xal bizim üçün böyük nəticədi.
- Erkən buraxılan qol oyununuza nə dərəcədə təsir etdi?
- İlk saniyələrdə qol buraxmaq çətindi. Çünki belə vəziyyətdə toparlanmaq çətin olur. Buna baxmayaraq, biz toparlana bildik və hətta rəqibin qapısına qol da vurduq. Birinci hissədə hesabda önə keçə də bilərdik. Təəssüf ki, buna nail olmadıq. Bu nəticəyə üzülmürük.
- Oyunu elə də yaxşı keçirmədiniz. Xüsusən də, ötürmələriniz istənilən səviyyədə alınmırdı. Bunun səbəbi nə idi?
- Mən belə düşünmürəm.
- Bədavi Hüseynovun yoxluğunda müdafiə xəttində boşluq hiss etdinizmi?
- Bədavi komandanın aparıcı oyunçularından biridi. Amma demək olmaz ki, onun yoxluğu müdafiə xəttində təsir etdi. Müdafiəçilərin səhvlərindən sonra qollar buraxmadıq. Komanda şəklində qol buraxdıq.
- Qol şanslarını boşa verməyi nə zaman tərgidəcəksiniz?
- Bunu kim deyir?
- Hər halda bu faktdı ki, ələ düşən imkanlardan lazımınca yararlana bilmirsiniz...
- (Əsəbləşir). Problem yoxdu, çıxın siz bizim yerimizə oynayın, görüm, oynaya bilərsiniz. Ötən oyunda 3 qol vurmuşduq. Onda niyə demirdiniz ki, qol şanslarını sağa-sola xərcləyirsiniz? Alınanda 3 qol da vura bilirik, alınmayanda belə olur. Nə eləməliyik? Belə görüşdə qol vurmaq elə asan iş deyil.