“Zirə”də 3 yeni müqavilə İdman

“Zirə”də 3 yeni müqavilə

Gələn mövsümün planlarını cızmağa başlayan "Zirə"də bir neçə futbolçunun taleyinə aydınlıq gəlib. Paytaxt təmsilçisi hələlik "təmizləmə işləri" aparmaqla məşğuldu. Komanda avrokuboklara vəsiqə qazana bilmədiyindən, müqavilə müddəti başa çatan bir neçə əcnəbi oyunçu ilə yeni sözləşmə imzalamağa ehtiyac duyulmayıb. Müdafiəçi Yovan Krneta, həmçinin yarımmüdafiəçilər Milan Duriç və Viktor İqbekoyi yola salınıb. Eyni zamanda icarə əsasında "Zirə"nin formasını geyinən müdafiəçi Yani Urdinov ("Bohemians", Çexiya) və yarımmüdafiəçi Comal Evans Uilyams da ("Murselaqos", Meksika) müqavilə ilə məxsus olduqları klublara dönüblər.
Yerlilərdən isə icarə müddəti başa çatan Elşən Abdullayev gələn mövsüm "Zirə"nin formasını geyinməyəcək. 24 yaşlı yarımmüdafiəçi müqavilə ilə "Qarabağ"a məxsusdu. Bundan başqa, bakılılar 3 oyunçu ilə yeni müqaviləni artıq razılaşdırıblar. Qışda "Keşlə"dən icarəyə götürülən Mirsahib Abbasov "Zirə"də qalıb. "Keşlə" ilə sözləşmə müddəti başa çatan yarımmüdafiəçi gələn mövsümün sonuna qədər "Zirə"yə məxsus olacaq. Eyni zamanda qapıçılar Anar Nəzirov və Kamal Bayramovla da yeni 1 illik saziş imzalanıb.