Hədəfdə Cənubi Qafqaz və Baltikyanı regiondur Dünya

Hədəfdə Cənubi Qafqaz və Baltikyanı regiondur

ABŞ hərbi kəşfiyyatı Rusiyanın hərbi avantürası barədə Obamaya həyəcanlı hesabat təqdim edib
Rusiya hərbçiləri dünəndən etibarən Gürcüstan ərazisində də genişmiqyaslı hərbi təlimlərə başlayıb

ABŞ hərbi kəşfiyyatı prezident Barak Obamaya Rusiyanın Ukraynanın şərq və cənub regionlarını ələ keçirmək planları barədə həyəcanlı hesabat təqdim edib.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, hərbi kəşfiyyatın hesabatı Konqresə də göndərilib.
Hesabatda "son üç-dörd gündə müşahidə edilən həyəcanlı simptomlar" Rusiya ordusunun Ukraynanın materik hissəsinə - şərq və cənub regionlarına müdaxilə hazırlığı içində olduğunu göstərir.
Öz növbəsində ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsi prezident Barak Obamaya hadisələrin bu cür inkişafından ciddi narahatlıq ifadə edən hesabat göndərib. Komitə hətta Ukraynanın hücuma məruz qalacaq regionlarına da göstərib. Bunlar Luqansk, Donetsk və Xarkovdur.
Bundan əlavə, kəşfiyyat Moldovanın Dnestryanı bölgəsinin sərhədlərində də potensial təhlükənin yarandığını qeyd edib, hətta Rusiyanın bu ərazilərlə kifayətlənməyərək Baltikyanı regionuna da soxula biləcəyini istisna etməyib.
"İnterfaks" isə Rusiyanın cənubunda qoşunların şərti düşmənin ərazilərinə hava zərbələri endirilməsi manevrlərinə başladığını xəbər verir. Cənub hərbi dairəsinin hava qüvvələri Krasnodar diyarındakı hərbi poliqonda bombardman və raket zərbələrini sınaqdan keçirir. Hərbi dairənin məlumatına görə, "Su-25SM3" təyyarələrindən ibarət aviasiya polku yaxın iki gün ərzində 40 hava reydi həyata keçirəcək və 50-dən çox hədəfə bomba zərbəsi endirəcək, habelə yerüstü hədəflərə raket zərbələri endiriləcək.
Rusiya hərbçiləri dünəndən etibarən Gürcüstanın ərazisi olan tanınmamış Abxaziya respublikasında da genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə yüzlərlə ağır texnika, "Qrad" tipli silahlar və minlərlə rus əsgəri iştirak edir. Təlimlərin məqsədi şəxsi heyətin döyüş qabiliyyətinin öyrənilməsidir.
Rusiyanın Avropa və Cənubi Qafqaz istiqamətində hərbi aktivliyini günbəgün artırması və keçirdiyi irimiqyaslı hərbi təlimlər Moskvanın təcavüzkar siyasətilə bağlı narahatlıqları daha da artırıb.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın hərbi aktivliyi fonunda Azərbaycan hələlik hədəfdə deyil. O, Rusiyanın Krım kimi Azərbaycanı da işğal etmək planının hələlik olmadığını bildirib.
Politoloq Rusiyanın bu addımı atmaqdan çox qorxduğunu vurğulayıb: "Siz görürsünüz ki, Rusiya necə səriştəli addım atıb Qarabağı iş?al edib. Rus strateqləri yaxşı bilirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. Bundan isə Rusiya əleyhinə istifadə ediləcək. Ona görə də bizim torpaqlarımız işğal altındadır və hər dəfə sülh imkanı ortaya çıxanda Rusiya onu vurur. Rusiya istəmir sülh olsun. Rusiya indi Amerikanı hədələyir. Çünki Krımı işğal etmək Rusiya üçün daha asandır, nəinki Azərbaycanı. Azərbaycanın işğalı birbaşa Amerikaya müharibə elan etmək deməkdir. Azərbaycanda Amerikanın bütün neft şirkətləri çalışır. Ona görə Rusiya bunu hələ edə bilmir. Azərbaycan burada heç nə edəsi deyil. Azərbaycan sadəcə bacardığı qədər özünü qorumalıdır".
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın dünyaya meydan oxuması onun özünə baha başa gələ bilər: "Çünki Qərbin beyin mərkəzləri bundan sonra Rusiyanın zəfiləməsi üçün bütün mexanizmləri hərəkətə gətirəcək. ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı hazırda tətbiq etdiyi sanksiyalar Rusiyanı qəti çəkindirmir. Çünki hazırki sanksiyalar Rusiyanı çökdürəcək qədər təsirli deyil. Görünür, Qərb siyasi və iqtisadi sanksiyalarını tədricən həyata keçirəcək. Rusiyanın Abxaziya və Cənubi Osetiyadan sonra Krımı da işğal etməsi, bizə orientirlərimizi və prioritetlərimizi dəqiqləşdirməyi diqtə edir. Bu hadisələr fonunda ölkəmizin Avropanın siyasi, iqtisadi və hərbi strukturları ilə inteqrasiyasını dərinləşdirməsi vacib amillərdəndir. Balanslaşdırılmış xarici siyasət Azərbaycan üçün uğurlu deyil, bizi mümkün təhlükələrdən sığortalamır. Bununla belə, Rusiya ilə mehriban qonşuluq münasibətlərini də davam etdirməliyik. Biz xarici siyasətimizi "Kreml buna nə deyər" sualına cavab axtarışı üzərində qurmamalıyıq".
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov isə hesab edir ki, Ukrayna, Azərbaycan və Gürcüstan NATO-ya daxil olmasalar müstəqilliklərini itirəcəklər: "Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən işğal edilməsi, Putinin keçmiş SSRİ-ni bərpa etmək cəhdlərinin siyasi prioritetə cevrilməsi, separatçı Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziyanın Rusiya Federasiyasına federasiya subyekti statusunda birləşdirilməsi çağırışları onu deməyə əsas verir ki, Ukrayna, Azərbaycan və Gürcüstanın suverenlikləri ciddi təhlükə qarşısındadır. O, qeyd edib ki, Ukrayna, Azərbaycan və Gürcüstan NATO hərbi blokuna daxil olmasalar Rusiya tərəfindən yeni işğala məruz qalacaqlar. Bu təhlükə Moldovanı da gözləyir. Rusiya xüsusi xidmət orqanları bu dövlətlərin ərazilərində yeni milli-etnik qarşıdurma ocaqları hazırlayırlar. Məqsəd xaos yaradıb sonradan Rusiya ordusunun işğal əməliyyatlarına şəratit yaratmaqdır".
Məşhur politoloq, Rusiya və postsovet məkanı üzrə ekspert Pol Qobl isə "Amerikanın səsi"nə müsahibəsində deyib ki, Putinin Krıma hərbi müdaxiləsi İkinci Dünya müharibəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir: "Suveren dövlətin ərazisini ilhaq etməklə və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksək mövqeyə qaldırmaqla prezident Putin sülhün və sabitliyin əsasını təşkil edən prinsipləri rədd edib: "Putin aydın edib ki, etnik rus olmaq Ukrayna vətəndaşı olmaqdan daha mühüm amildir. Əgər sən belə bir arqument irəli sürürsənsə, onda sən yeni dünya nizamına yox, nizamsızlığına yol açmış olursan ki, bu da minlərlə insan həyatına başa gələcək və ümumilikdə bəşəriyyəti daha böyük təhlükələr qarşısında qoyacaq".
Amerikalı politoloq deyib ki, Ukrayna Rusiya üçün əbədi itirilib: "Putin indiyədək tarixdə heç bir rus hökmdarının nail olmadığı şeyə nail oldu. O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti antirus etdi. Ola bilər Rusiya hökuməti Krımı tutsun, amma bunu etməklə o, Ukraynanı birdəfəlik itirib. Heç bir ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Mən əminəm ki, Putin bu son hərəkətləri ilə elə bir yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq. Ola bilsin, bu, gələn həftə olmasın, amma qarşıdakı aylarda və illərdə bu baş verəcək".