ABŞ-la İran arasında gərginlik Dünya

ABŞ-la İran arasında gərginlik

Vaşinqton İranın BMT-dəki yeni səfirini ölkə ərazisinə buraxmır
Ağ Ev: "ABŞ-la İran arasındakı fikir ayrılıqları nüvə danışıqlarına təsir göstərməyəcək"

ABŞ Senatının 29 tanınmış üzvü ölkə prezidentinə məktub yazıb. APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, amerikalı senatorlar Barak Obamadan İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Abutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısını almasını istəyiblər.
Məktubda bildirilir ki, ABŞ və onun vətəndaşlarına qarşı terror aktlarında iştirak etmiş bir şəxsin ölkə ərazisinə daxil olmasına icazə verilməməlidir.
Qeyd edək ki, H.Abutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Abutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ötən gün ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyinatından ciddi narahat olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İranın seçimi xeyli problem yaradacaq: "Biz bu məsələni diqqətlə nəzərdən keçiririk və mümkün seçimdən çox narahatıq". O, həmçinin H.Abutalibiyə viza verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: "BMT-nin ofisi Nyu-Yorkda yerləşdiyindən ABŞ-ı dövlətlərin nümayəndələrini qəbul etməyə məcbur edir".
Ancaq bununla belə, H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.
"Biz İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın əldə olunmasını dəstəkləyirik". Bunu isə Ağ Evin sözçüsü Cey Karni bildirib.
Onun sözlərinə görə, ABŞ-la İran arasında müxtəlif məsələlərlə bağlı ixtilaflar var: "Məsələn, ABŞ İranla Suriya və ya Livanın "Hizbullah" təşkilatı ilə bağlı məsələdə müxalifdir. Ancaq bu cür məsələlər nüvə danışıqlarından çıxarılıb. Ona görə də iki ölkə arasındakı fikir ayrılıqları nüvə müzakirələrinə təsir göstərməyəcək".
C.Karni deyib ki, İranla "altılıq" ölkələri arasında danışıqların məqsədi bu ölkənin nüvə proqramının həllidir: "Biz də bu hədəfimizə nail olmaq niyyətindəyik".