“Nəticə çox qorxuludur” Dünya

“Nəticə çox qorxuludur”

Britaniya hökuməti: Rusiyaya qarşı yeni addımlar atılması məsələsi nəzərdən keçirilir

Böyük Britaniya hökuməti Aleksandr Litvinenkonun öldürülməsi ilə əlaqədar hakim Robert Ouenin açıqlamalarından sonra Rusiyaya qarşı hansı yeni addımlar atıla biləcəyi məsələsini nəzərdən keçirir.
Bunu Britaniya baş nazirinin ofisindən bildiriblər.
Baş nazir David Kemeronun mətbuat katibi deyib ki, hökumət hansı yeni tədbirləri görmək məsələsi üzərində düşünür. O, Litvinenkonun ölümü ilə əlaqədar təhqiqatın nəticələrini çox ciddi adlandırıb: "Qətlin Rusiya hakimiyyətinin ən yüksək səviyyəsində sanksiyalaşdırıldığı barədə gəlinən nəticə çox qorxuludur. Dövlətlər, üstəlik, BMT Təhlükəsizlik Şurasının üzvləri özlərini belə aparmamalıdır. Təəssüf ki, təhqiqatın nəticələri bizim və əvvəlki hökumətlərin əmin olduğu məsələni təsdiqləyir".
Xatırladaq ki, London Kral Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti Aleksandr Litvinenkonun zəhərlənərək öldürülməsinin icraçıları kimi Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy və rusiyalı iş adamı Dmitri Kovtunun adlarını çəkib. Məhkəmə hakimi bildirib ki, əməliyyat böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin və FSB-nin o vaxtkı rəhbəri, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi olan Nikolay Patruşevin razılığı ilə həyata keçirilib.