Viskonsin praymerisi: Kruz və Sanders mövqeləri möhkəmlədir Dünya

Viskonsin praymerisi: Kruz və Sanders mövqeləri möhkəmlədir

Respublikaçı Ted Kruz və demokrat Berni Sanders bu həftə Viksonsin ştatında keçirilən praymerinin qalibi oldular. Kruz Respublikaçı namizədlər arasında irəlidə gedən Donald Tramp üzərində asanlıqla qələbə çalaraq, iyul ayında partiyadan nominasiya almaq şanslarını artırıb. Texas senatoru Ted Kruz üçün bu, praymeridə böyük qələbə, irəlidə gedən respublikaçı namizəd Donald Tramp üçün isə böyük məğlubiyyət oldu.
Ted Kruz : "Bu, dönüş nöqtəsidir. Bu, çağırışdır. Bu, Viskonsinin zəhmətkeş kişi və qadınlarının Amerika xalqına çağırışıdır. Bizim seçimimiz var. Real bir seçim. Mən daha çox əmin oluram ki, kampaniyamız Respublikaçılar partiyasından nominasiyanı almaq üçün lazımi 1237 nümayəndənin dəstəyini alacaq."
Tramp indiyə qədər ən ciddi məğlubiyyətə uğrayıb. Belə görünür, Respublikaçıları iyul ayında Klivlenddə mübahisəli nominasiya prosesi gözləyə bilər. Tramp Kruzu nominasiya almaq üçün Respublikaçılar partiyasının establişmentinə işləməkdə ittiham edib. O, Viskonsində məğlubiyyətdən sonra ictimaiyyət qarşısına çıxmayıb, lakin səsvermədən öncə müxbirlərlə danışıb. Donald Tramp: "Kampaniyamız çox yaxşı gedir. Mən birinci yerdəyəm. Heç kəs səslərdən danışmır. Mənə hamıdan çox, milyonlarla səs verən var."
Ohayo qubernatoru Con Keysiç üçüncü yerdədir. Demokrat namizədlər arasında Berni Sanders irəlidə gedən Hillari Klintona çatmaq üçün daha bir qələbə əldə edib. Berni Sanders: "Biz Amerika xalqını yuxudan ayıltsaq, əgər fəhlələr və orta sinif, yaşlı vətəndaşlar və gənclər ayağa qalxsa, mübarizə aparsa və səs verməyə gəlsə, nail ola bilməyəcəmiz heç bir şey olmayacaq." Sanders Klintonla mübarizədə artıq yeddi yarışdan altısında qələbə çalıb. O, aprelin 19-da növbəti praymeridən əvvəl Nyu-Yorkda kampaniya aparır.
Hillari Klinton kampaniya tədbirində Trampdan danışıb. Hillari Klinton: "Amerikalıları amerikalılara qarşı qoymağa çalışan çox adam var. Onların Nyu-Yorka gəlib burada vaxt keçirməsini görmək istərdim. Və özü də Nyu-Yorkdan olan namizədin iqamətgahlarından aşağı düşüb küçələri gəzməsini və bu şəhərin insanları ilə görüşməsini istəyərdim." Sandersin qələbəsinə baxmayaraq, Klinton hələ də Demokrat partiyasından nümayəndələrin sayına görə ondan üstündür.