Gürcüstan Prezidenti ölkənin Müstəqillik Günü paradında hakimiyyəti sərt tənqid edib Dünya
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Müstəqillik Günü münasbibətilə iki illik fasilədən sonra Tbilisidə keçirilən hərbi paradda hakimiyyəti sərt tənqid edib.
Dövlət başçısı qeyd edib ki, hökumət əhalinin səbrini sınamaq yerinə, narahatlığa və eksalasiyaya səbəb olan vəziyyətlərin qarşısını almalı, öz ərazisini qorumalı və sərhədlərinə nəzarət etməlidir. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının Gürcüstana gəlməsinə görə hakimiyyət tərəfindən təhlükəsizlik zəmanəti verildiyini inandığını bildirib.
“Hökumət ölkəyə kimin daxil olduğunu və tərk etdiyini bilməlidir. İşğalçı ölkənin ən yüksək siyasi dairəsinin ailə üzvlərinin ölkəyə əvvəlcədən xəbəradrlıq və təhlükəsizlik zəmanətləri olmadan daxil olduğuna inanmaq çətindir. Davamlı olaraq sülh və ehtiyatlı olmaqdan danışan hökumət eskalasiya təhlükəsini öncədən görməmişdimi ? Sanki bizim Qavrilov kimi bir nümunəmiz olmayıb. İşğal Edilmiş Ərazilər Qanunu və tərəfdaşlarımızın tətbiq etdiyi sanksiyalara hörmətsizlik edilməməlidir, bu bir tərəfdən ölkə daxilində etirazlara aparacaq, digər tərəfdən strateji tərəfdaşlarımızın narazılığına səbəb olacaq”.
Salome Zurabişvili həmçinin hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzeni əhalini təhqir etməkdə ittiham edib:
“Hakim partiyanın sədrinin gürcü xalqını ksenofobiyada ittiham etməsi anlaşılmaz və təhqiredicidir. Bizim tariximizdə belə bir qeyd yoxdur. Bu ittiham ölkənin təhlükəsizliyini risk altında qoyur, Rusiyanın rusdilli əhalinin qorumaq bəhanəsi ilə qonşularına hücum etdiyini biz hamımız bilirik və xatırlayırıq. Biz 30 il bizə yardım edən, dövlət qurmağımıza və formalaşdırmağımıza yardım edən ölkələri, dost və tərəfdaş ölkələri təhqir edir, onlarla mübahisə edirik. Əvəzində biz öz ərazilərimizi işğal etməyə meyl edənləri alqışlayırıq”.
Salome Zurabişvili Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunmasına görə hökuməti bir daha tənqid edib və ölkənin ləyaqətini uçuşların gətirəcəyi gəlirlər müqabilində satmaqda ittiham edib:
“Bizim ləyaqətimiz həqiqətən də 200-300 milyonamı satılır? Bizim kimi tarixə malik bir xalq Rusiyanın siyasətinin öz maraqlarına görə deyil, kiminsə yaxşı və ya pis davranışından və ya başqa bir şeydən asılı olduğuna necə inana bilər? Rusiyanın bizim işğal altındakı torpaqlarımızı verdiyimiz güzəştlər müqabilində geri qaytaracağını düşünənlər tariximizdən heçmi dərs almayıblar? Biz işğalçının öz həmvətənlərimizin rifahının qayğısına qaldığına necə inana bilərik?”.
Salome Zurabişvili mayın 31-də ölkənin Avropa gələcəyi üçün Brüsselə səfər edəcəyini və gürcü xalqının səsini Avropaya çatdıracağını deyib.