Malayziya təyyarəsi qəsdən qəzaya uğradılıb? Dünya

Malayziya təyyarəsi qəsdən qəzaya uğradılıb?

"The Guardian" tanınmış aviasiya ekspertinin qənaətinə istinadən yazır ki, Malayziya Hava Yolları şirkətinə aid qəzaya uğramış MH370 reysli təyyarənin tapılmış qanad fraqmenti pilotun qəzanı bilərəkdən törətdiyini göstərir. Dünya miqyaslı hava qəzaları eksperti Larry Vance əmindir ki, bu təyyarənin qəzasını başqa heç bir səbəblə izah etmək mümkün deyil. "Sadəcə olaraq kimsə təyyarəni bilərəkdən suyun üzərinə uçurub" – deyib ekspert Channel Nine telekanalının "60 Minutes" proqramına.
Avstraliyanın apardığı axtarışın əsasını belə bir fərziyyə təşkil edirdi ki, göyərtəsində 239 nəfərlə Kuala-Lumpurdan Pekinə uçan təyyarə 2014-cü ilin 8 martında qəzaya uğrayarkən insanın idarəsi altında olmayıb. Təyyarə gözlənilmədən və izahedilməz şəkildə istiqamətini dəyişmiş, Hind Okeanının üzərilə cənuba doğru uçmuşdu. Vance inanır ki, təyyarənin bir il əvvəl Madaqaskar sahillərində tapılmış qanadının flaperon adlanan hissəsinin vəziyyəti onun açılmış olduğunu göstərir. Flaperonun açılması isə yalnız insan əli ilə baş verə bilərdi.
Ekspertin fikrincə, indiyədək çox az qırıntılarının tapılması onu göstərir ki, təyyarə bilərəkdən suya endirilib və buna görə də parçalanmayıb. "The Guardian" yazır ki, Avstraliya Nəqliyyatda Təhlükəszilik Bürosunun qəza təhqiqatçısı Peter Foley də qəzanın yalnız pilot tərəfindən bilərəkdən törədildiyinə inandığını söyləyib. O deyib ki, Fransa müstəntiqlərinin araşdırma nəticələri göstərir ki, təyyarə qəza zamanı tamamilə saz olub. Hazırda flaperon deyilən qanad fraqmenti Fransa hakimiyyət orqanlarının ixtiyarındadır və qəzadan bir il sonra, hələ də Malayziya tərəfinə təqdim olunmayıb.
Foley bildirib ki, bu vəziyyət təhqiqatın nəticəyə gəlməsinə mane olur. Ekspert deyib ki, təyyarə sonadək sürülübsə, deməli hazırkı axtarış ərazisindən kənara da düşə bilərdi. "Belə bir ehtimal var ki, son anadək təyyarəni kimsə idarə edib və biz hazırda bu ehtimalın dəqiqləşdirilməsi üzərində işləyirik" - deyib Foley.
Məqalədə deyilir ki, təyyarə kapitanının ev stimulyatoru yenicə nəzərdən keçirilib və onun qəzadan bir ay əvvəl cənubi Hind Okeanın dərinlikləri istiqamətində marşrut planlaşdırdığı aşkar olub. Foley deyib ki, bu epizod malayziyalılar tərəfindən qəzaya dair aralıq hesabatına daxil edilməyib, lakin yekun hesabatda mütləq yer alacaq. Qanadın başqa bir fraqmenti də Tanzaniyada tapılıb və onun nə vəziyyətdə olduğu hələlik bilinmir. Foley deyib ki, əgər həmin fraqmentdə də flaperon açıqdırsa, deməli təyyarə son anadək idarə altında olub.