“Ən müasir silahları nümayiş etdirsələr də...” Dünya

“Ən müasir silahları nümayiş etdirsələr də...”

Emin Həsənli: "Ermənistanda onu istifadə edəcək nə müasir ordu, nə dövlət, nə də iqtisadi imkanlar var"

Sahib Alıyev: "Bu Rusiyanın Minsk qrupunun həmsədri missiyasını kölgə altında qoyur"

Ermənistanda Rusiya istehsalı olan "İsgəndər" raketlərinin nümayiş olunması Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Minsk qrupunun həmsədri olan Rusiyanın bu silahı Ermənistana verməsi sual doğurur.
Hərbi ekspert Emin Həsənli bildirib ki: "Ermənistanın hərbi durumu ağır vəziyyətdədir. Aprel ayına qədər bu ölkə bir mif yaratmışdı ki, onlar güclüdürlər və keçilməz xəttə malikdirlər. Lakin Azərbaycan o xətti alt-üst etdi". Onun sözlərinə görə, aprel ayındakı vəziyyət həm Azərbaycan, həm də Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığını, dünya ictimaiyyətinin bu məsələyə münasibətini göstərdi: "Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, Ermənistan ordusunun mif olaraq yaradıldığını sübut etdi. Rusiyanın Ermənistanda daimi marağı var və onu saxlamaq üçün müəyyən addımlar atır. Lakin hər kəs başa düşür ki, münaqişə həll edilməlidir, bu cür addımlarla Ermənistanın mövqeyini uzatmaq olmaz".
Ekspert deyib ki, Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür, müasir silahları var: "Həmçinin, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ilə müqayisəedilməz dərəcədə güclüdür, xarici siyasəti, insan resursları da onun kimi. Rusiyanın və digər iri dövlətlərin Cənubi Qafqazda maraqları var. Məlumdur ki, münaqişənin uzanması bəzi böyük dövlətlərə sərf edir. Ermənistandakı aprel ayından sonrakı hadisələr, mitinqlər, hakimiyyət böhranı, hökumətin istefası, iqtisadi böhranın ardınca silahları müasirləşdirmək cəhdi əslində əhalini sakitləşdirməyə yönəlmiş addım idi".
Ancaq ekspert hesab edir ki, ən müasir silahları gətirib nümayiş etdirsələr belə Ermənistanda onu istifadə edəcək nə müasir ordu, nə dövlət, nə də iqtisadi imkanlar var: "Eyni zamanda paralel olaraq Ağdamda təlimlər keçirdilər. Ermənistanda təlimlər keçməyə güclü ordu yoxdur. Kiçik bölmələr səviyyəsində olan təlimlər heç bir effekt verməyib. İndiyə kimi olan təlimlər də bunu göstərdi. Yaxşı olar ki, Ermənistanı müdafiə edən güclər, Qarabağa yardım ayıran həmsədr dövlətlər Fransa, ABŞ işğalçının başına ağıl qoysunlar və onun torpaqlarımızdan çıxmasını təmin etsdinlər. Yoxsa status kvonu uzatmaqla heç nəyə nail ola bilməyəcəklər".
Deputatı Sahib Alıyev isə deyib ki, Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması onun Minsk qrupunun həmsədri missiyasını kölgə altında qoyur. O qeyd edib ki, Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçirilən görüşündə Ermənistan prezidentinə işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı təklif edilmişdi: "Lakin Ermənistan tərəfi bu təklifləri rədd etdi. Ermənistanın bu təklifləri rədd etdiyi halda Rusiyanın Ermənistana əvəzsiz olaraq silahlar verməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsində bir vasitəçi kimi missiyasını şübhə altına qoyur. Necə olur ki, bir tərəfdən işğalçıdan torpaqların boşaldılmasını tələb edir, digər tərəfdən onu silahlandırır?! Ancaq Azərbaycanın əlində Ermənistana verilən silahları zərərsizləşdirmək üçün yetərincə hərbi-texniki vasitələri var, sadəcə, Rusiyanın bu addımı təəccüb və təəssüf doğurur". Sahib Alıyev əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da möhkəmlənməsində maraqlı tərəf kimi çıxış edir: "Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmayıb və sanksiyaları pisləyib. Ancaq bu gün Rusiyanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı silahlandırması təəssüf doğurmaya bilməz".