Putin Hələbin üstünə donanma çəkir Dünya

Putin Hələbin üstünə donanma çəkir

"The Telegraph" qəzeti yazır ki, NATO rəsmiləri Rusiya hərbiyyəsinin Soyuq müharibədən sonra ən böyük hərbi qüvvə nümayişinə çıxdığını bildiriblər. Təhlilçilər bu qənaətədirlər ki, Rusiya bununla Suriya müharibəsini bitirmək əzminddə olduğunu nümayiş etdirmək istəyir. Qərb kəşfiyyatının verdiyi məlumata görə, Kreml Hələb şəhəri üzərinə son və həlledici hücum üçün özünün Şimal donanmasını, qismən də Baltik donanmasını Aralıq dənizi bölgəsinə göndərib. "The Telegraph" yazır ki, Rusiya son həmlə ilə Hələbdəki qiyamçıları ləğv etmək və Əsəd rejiminin salamat qalmasından arxayın olduqdan sonra Suriya vətəndaş müharibəsinin meydanını tərk etmək niyyətindədir.
Məqalədə deyilir ki, bu hücum həm də ABŞ-ın Suriyadakı zəifliyini Amerika seçkiləri ərəfəsində bir daha nümayiş etdirməklə Donald Trumpa kömək etmiş ola bilər. "The Telegraph" yazır ki, Trumpın təbliğat kampaniyası artıq bu vəziyyətdən faydalanmağa başlayıb. Rusiyanın dəniz armadasının Britaniyanı materikdən ayıran Lamanş boğazından keçəcəyi gözlənilir. "The Telegraph" yazır ki, Britaniya Kral Dəniz Qüvvələri Rusiya eskadriliyasını boğaz boyunca "monitorinq" edəcək.
Bir çox təhlilçilər Rusiya donanmasının səfərə çıxmasını güc nümayişi kimi qiymətləndirsələr də, NATO diplomatları bu dislokasiyanın Suriyanın Hələb şəhərinə son hücum hazırlığı olduğunu düşünürlər. "Bu çox da dost bir jest deyil. İki həftədən sonra biz Hələbin böyük hava zərbələrinə məruz qalmasının şahidi olacağıq. Bu Rusiyanın Suriyada qələbə elan etmək strategiyasının bir hissəsidir" - deyib bir NATO diplomatı.
Məqalədə deyilir ki, Rusiyanın hücum mövqeyinə çıxarmaqda olduğu bu böyük dəniz qüvvəsi Hələbdəki 8 minədək qiyamçını məhv etmək niyyətindədir. Bundan sonra Vladimir Putin Suriya müharibəsində qələbəni Əsədə verərək döyüş meydanını tərk edəcək. "The Telegraph" yazır ki, 275 min adamın ilişib qaldığı Hələb şəhərinə belə hücum Moskva ilə Qərb arasındakı münasibətləri təhlükəli həddədək gərginləşdirə bilər.
ABŞ prezidentliyinə namizəd Donald Trump yaranmış gərginlikdən fürsətlənmək qərarına gəlib. O vəd edib ki, seçkidə qalib gələrsə, Rusiya prezidenti Vladimir Putinlə hətta özünün inaqurasiyasından əvvəl görüşəcək. Barack Obama deyib ki, Trumpın Putin heyranlığı Amerika siyasəti üçün misli görünməmiş hadisədir. Bu arada Britaniyanın iki hərbi gəmisi təyyarədaşıyan Admiral Kuznetsov gəmisinin keçidiy yol üzərində keşik çəkəcək. "The Telegraph" yazır ki, kral donanmasının HMS Richmond gəmisi artıq Rusiyanın gəmi karvanını izləməyə başlayıb. Bir qədər sonra HMS Duncan gəmisi də bu izləməyə qoşulacaq.