Türkiyənin öz sərhədlərindən aşan ambisiyaları yoxdur Dünya

Türkiyənin öz sərhədlərindən aşan ambisiyaları yoxdur

"Express" yazır ki, Rəcəp Tayyip Ərdoğan son vaxtlar verdiyi bəyanatlarla Türkiyənin İraq, Suriya və Yunanıstan torpaqlarını zəbt etmək niyyətləri barədə şayiələri daha da alovlandırıb. Məqalədə deyildiyinə görə, özünün son çıxışlarından birində Ərdoğan deyib ki, "Türkiyə ona zorla sırınmış sərhədləri qəbul etmir".
Prezident, həmçinin Osmanlı imperiyasına aid Milli Pakt barədə də söz açıb. Bu, əslində Osmanlı Türkiyəsinin Mosulu işğal etmək planı olub. "Express" yazır ki, indiyədək dünya birliyi prezident Ərdoğanın Mosulda İŞİD təşkilatına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək istəyini rədd edib. Ərdoğan deyib ki, "1914-cü ildə bizim torpaqlarımızın sahəsi 2,5 milyon kvadrat kilometr idi, doqquz il sonra bundan cəmi 780 min kvadrat kilometr qalıb".
"Ekspress" yazır ki, Erdoğanın bu bəyanatları ölkədə tezliklə keçiriləcək referendumun ərəfəsinə təsadüf edir. Bu referendumda ölkənin demokratik sisteminin prezidentlik üsul-idarəsinə keçməsinin məqsəduyğunluğu barədə sual qoyulub. Məqalədə deyilir ki, Ərdoğanın bəyanatları bu referendumda millətçiləri prezidentlik üsul-idarəsinə səs verməyə sövq etmək cəhdi kimi də qiymətləndirilə bilər. Keçmiş Türkiyə diplomatı, hazırda Karnegie Europe təsisatında araşdırmalar aparan Sinan Ülgen deyib ki, "Ərdoğan səriştəli siyasətçidir və Türkiyə cəmiyyətinin damarını tuta bilir".
"Bütün bunlar ötən iuyun ayında keçirilmiş seçkidən bəri başlanan strategiyanın bir hissəsidir" - deyib Ülgen. Avropa Şurası Xarici Əlaqələr Araşdırmaları Mərkəzində işləyən Asli Aydıntaşbas deyib: "Ərdoğan belə bir qənaəti adamlara təlqin etməyi bacarıb ki, o Türkiyənin bütövlüyünü saxlaya biləcək yeganə adamdır və Ərdoğanın salamatlığı Türkiyənin salamatlığı deməkdir".
"Express" yazır ki, prezident Ərdoğanın populyarlığı 15 iyulda baş tutmayan çevriliş cəhdinin ardınca kəlləçarxa qalxıb. Türkiyə Beynəlxalq Münasibətlər Departamentinin rəhbəri "Express" qəzetinə deyib ki, onun ölkəsi öz ərazilərini artırmaq niyyətində deyil. Ayşe Sözen Usluer deyib ki, Türkiyənin İraq və Suriyaya münasibətdə siyasəti bu hər iki ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasıdır.
"Türkiyə prezidenti dəfələrlə deyib ki, Mosul Mosul xalqına, Hələb isə Hələb xalqına məxsusdur. Bu siyasət sözü gedən iki ölkənin bütün qalan ərazilərinə də aiddir" - deyib xanım Usluer. Sözçü bildirib ki, Türkiyənin öz sərhədlərindən aşan ambisiyaları yoxdur, lakin əgər regionda nələrsə dəyişəcəksə, Türkiyə yerli əhalinin öz gələcəyini seçməsinə tərəfdardır. "Əgər İraqın öz xalqından başqa hansısa qüvvə İraq və Suriyanın torpağına iddia irəli sürərsə, onda Türkiyə də özünün regionla keçmiş bağları məsələsini gündəmə gətirə bilər. Bu, Türkiyənin öz sərhədlərini genişləndirmək niyyətinin siqnalı deyildir, lakin hərbi əməliyyatlarda iştirak edən başqa tərəflərə mesajdır" - deyib sözçü.