Cihadçılar Raqqa əhalisini köçürürlər Dünya

Cihadçılar Raqqa əhalisini köçürürlər

Özünü İslam Dövləti adlandıran təşkilat de fakto paytaxtı sayılan Raqqa əhalisinə təxliyə komandası verib. Buna səbəb olaraq ABŞ koalisiyası təyyarələrinin zərbələri nəticəsində yaxınlıqdakı su bəndinin "zəifləməsi" göstərilir. İŞİD bildirib ki, Fərat çayı üzərində və Raqqadan 40 kilometr aralıda olan Tabqa su anbarı çat verib və üstəlik bənddəki suyun səviyyəsi qalxmaqdadır.
İŞİD bu şəhəri 2014-cü ildə Suriya qiyamçılarının əlindən alıb və qondarma xilafətin paytaxtı elan edib. "Raqqa Sakitcə Qətliam Edilir" adlı qrupun verdiyi məlumata görə şəhər sakinləri evlərini bazar günü günortadan tərk etməyə başlayıblar. Suriya müxalifətinin İnsan Haqları Bürosunun verdiyi məlumata görə, İŞİD-in nəzarətndə olan su bəndinin işi elan edilməyən səbəblərə görə dayandırılıb. Lakin hələlik ABŞ koalisiyası bu məlumatları təsdiq etməyib.
Bu xəbərlərdən az əvvəl Suriyanın aparıcı müxalifət qruplaşması ABŞ koalisiyasını Raqqa və onun ətrafındakı yaşayış məntəqələrinə hava zərbələrini dayandırmağa çağırmışdı. Cenevrədə keçirilən sülh danışıqlarında iştirak edən Suriya Milli Koalsiyası (SMK) bildirmişdi ki, dinc əhali arasında getdikcə artan tələfatdan narahatdır. SMK inanır ki, martın 21-də Raqqa ətrafındakı məktəbdə 30 dinc sakinin ölümünə səbəb məhz koalisiyanın hava zərbələri olub. Koalisiya bu iddiaları araşdırdığışnı bildirib.
ABŞ indiyədək kürdlərin üstünlük təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə qurudan və havadan dəstək verib. Hazırda SDQ Raqqa şəhəri və Tabqa su bəndi istiqamətində irəliləyir. Suriya müxalifəti bunu da bildirib ki, hava zərbələri nəticəsində ötən həftə Raqqa vilayətində 89 dinc sakin həlak olub.