Rusiya Qərbi silkələdi: ABŞ-dan qisas alınacaq Dünya

Rusiya Qərbi silkələdi: ABŞ-dan qisas alınacaq

Qərbin aparıcı media qurumları Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın Suriya qırıcısını vurması ilə bağlı yaydığı açıqlamanı təhlükə kimi dəyərləndiriblər.
Qərb mediası Rusiyanın hava hücumundan müdafiə sistemlərinin koalisiya qüvvələrinin hərəkətini nəzarətdə saxlayacağı haqda bəyanatını ABŞ qırıcılarının vurulacağı anlamında təqdim edib.
"Nyu York Post" yazıb ki, Suriya qırıcısının vurulmasının qisasını Rusiya ABŞ-dan almağa hazırlaşır. "Frankfurter Allgemeine Zeitung" isə Rusiyanın cavab zərbəsi endirəcəyini qeyd edib.
"Deyli Meyl" ABŞ və koalisiya qüvvələrinin təyyarə və dronlarının artıq Rusiyanın hədəfində olduğu barədə informasiya dərc edib. CNN də koalisiya qüvvələrinin təyyarə və PUA-larının artıq Suriya səmasında hədəf olaraq göstərildiyini bildirib. "Rusiya Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq etdi ki, Fəratdan qərbdə bütün təyyarələri vuracaq", - NBC-nin xəbərində deyilir.
Qeyd edək ki, bazar günü axşam ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyaya məxsus qırıcını Rakka səmasında vurub. Koalisiya bunu Su-22-nin silahlı müxalifətin yaxınlığını bombalaması ilə izah edib. Dəməşq isə Su-22-nin İŞİD terrorçularını bombalayarkən koalisiya qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
Bunun ardınca isə Rusiya MN bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində bütün əlaqələri dayandırır: bundan sonra koalisiya qüvvələrinin Fərat çayının qərb sahilindəki bütün təyyarə və pilotsuz aparatlarının fəaliyyəti Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində saxlanılacaq.
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov da Rakkada Suriya ordusuna məxsus təyyarənin vurulmasının böyük qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.