Vəliəhd Rusiyanı hansı gücü ilə hədələyir? Dünya

Vəliəhd Rusiyanı hansı gücü ilə hədələyir?

"Səudiyyə Ərəbistanı müasir silahlanmaya görə dünyada qabaqcıl yerlərdən birini tutsa da, Rusiyaya qalib gələ bilməz". Bu sözləri Səudiyyənin yeni vəliəhdinin İranın ardından Rusiyanı təhdid etməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ər-Riyadın Moskvaya qarşı şantaj xarakterli metodlardan istifadə etməsi o qədər də prinsipial əhəmiyyətə malik deyil:"Məhəmməd bin Salman əl-Səud siyasətçi kimi ehtiyatlı deyil. O, Səudiyyəyə vəliəhd təyin edildikdən sonra çox sensasion bəyanatalar verir. Yeni varisin İrana müharibə "elan etməsinin" ardından indi də Suriyadakı rus qoşunlarının bir neçə günə məhv edilməsi ilə bağlı bəyanatı çox təhlükəlidir. Açığı, Səudiyyə müasir silahlanmaya görə dünyada qabaqcıl yerlərdən birini tutsa da, Rusiyaya qalib gələ bilməz. Səudiyyə hətta Yəməndə husilərə qarşı mübarizəni illərdir qazana bilmir. Ümumiyyətlə, keçmişdə İsraillə müharibə dövründə də Səudiyyə mübarizə meydanında görünmədi. Bu, Ər-Riyadın xarici-hərbi siyasətinin bir elementidir. Müasir silahlara malik olmaq müasir ordu yaratmaq anlamına gəlmir. Ona görə də Səudiyyənin Rusiya kimi güclü orduya və müasir silahlara malik nüvə dövlətilə bu dillə danışması çox böyük məsuliyyətdir. Zənnimcə, bu, müəyyən qədər siyasi naşılıqdan, təcrübəsizlikdən irəli gəlir.
Səudiyyə ətrafında müəyyən ərəb dövlətlərini toplamaqla Yaxın Şərqdə ərəb ölkələri arasında millətçiliyi ideoloji bir xətt kimi geniş yayır. Bu cür çağırışların bir qismi də Türkiyənin əleyhinə yönəlib. Hesab edirəm ki, bu cür millətçi çağırışlarla regionu sarsıtmaq olmaz, bir qədər ehtiyatlı olmaq lazımdır. Əlbəttə ki, Suriya məsələsində Rusiyanın iştirakı arzuolunan deyil, ancaq Ər-Riyadın Moskvaya qarşı şantaj xarakterli metodlardan istifadə etməsi o qədər prinsipial əhəmiyyətə malik deyi".
Q.Hüseynli yeni vəliəhdin güc nümayiş etdirdiyini və bunun Yaxın Şərqdəki münasibətlərin tənzimlənməsinə mütləq ziyan verəcəyini düşünür:
"Üstəlik, son günlər ABŞ-ın artan fəallığı fonunda Suriyada münasibətlər xeyli gərginləşəcək. Burada Vaşinqtonun artan rolu mütləq qeyd edilməlidir. Onsuz da ABŞ bu bölgədə müsəlman dövlətlərini bir-birinə vuruşdurmaq istəyir. Hesab edirəm ki, Ər-Riyad öz xarici siyasi xəttinə, qonşularla siyasi münasibətlərə diqqəti artırmalı və müharibəni körükləməməlidir. Əks təqdirdə, müsəlman dünyası bundan böyük zərər görəcək".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əl-Səudu yeni vəliəhd təyin edib. Yeni vəliəhd İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini bildirib.
Bunun ardınca isə Məhəmməd bin Salman əl-Səud Rusiyaya qarşı çox sərt mövqedən çıxış edib. O, Putini Səudiyyə Ərəbistanı üçün "başlıca təhdid" adlandırıb, hətta bununla kifayətlənməyərək, Suriyadakı Rusiya qüvvələrini "üç günə məhv edə biləcəklərini" deyib.