Putin Poroşenkonu ram edə biləcəkmi? Dünya

Putin Poroşenkonu ram edə biləcəkmi?

İki prezidentin gələn həftə görüşü gözlənilir

Cavid

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə iyun ayının birinci yarısında görüşə biləcəyini deyib.
"Vild" qəzetinə müsahibəsində o, deyib: "Gərginliyi aradan qaldırmaq və sülhə nail olmaq üçün Putinlə danışıqlar aparmağa hazırıq. Danışıqların keçiriləcəyi vaxt və yer hələlik müəyyənləşdirilməyib". Poroşenko hesab edir ki, Ukraynanın şərqində baş verən böhranı Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil. Poroşekno qeyd edib ki, antihitlerçi koalisiyanın Normandiyaya qoşun yeritməsinin 70-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə Fransa prezidenti Fransua Olland tərəfindən dəvət edilib. Prezident seçkisinin qalibi yaxın vaxtlarda başqa dövlətlərə də səfər etməyi planlaşdırdığını bildirib: "Artıq bir neçə ölkədən dəvət almışıq. Xaricə ilk səfərimiz Polşa olacaq". Onu da bildirək ki, Pyotr Poroşenko Rusiyanın dövlət başçısı Vladimir Putinin Ukrayna rəhbərinin legitimliyi ilə bağlı fikirlərini şərh edib.
Ukrayna mətbuatının xəbərinə görə, Poroşenko kənar ölkələrin Ukraynanın daxili işlərinə qarışmasını qəbuledilməz sayıb. Onun sözlərinə görə, əgər, kimsə Viktor Yanukoviçi legitim sayırsa, buyursun, Konstitusiya Məhkəməsinə şikayət ərizəsi versin: "Legitimliklə bağlı səslənən fikirlər vətəndaş Putinin öz mövqeyidir. Əgər kimsə hesab edirsə ki, ölkədə nəsə qaydasında deyil, buyursun, Ukrayna Konstitusiya Məhkəməsinə müraciət etsin. Hamı kimi, vətəndaş Yanukoviç də özünün kənarlaşdırılması ilə bağlı, Ali Şuranın qərarından Konstitusiya Məhkəməsinə şikayət edə bilər. Bilirziniz ki, bu ali məhkəmə instansiyasının qərarı müzakirə olunmur. Bundan başqa, ay Andrey, yaxud Vladimir Vladimiroviç, kim sizə mənim Konstitusiyamı traktovka etməyə (başqa cür şərh vermək) ixtiyar verib? Rusiya vətəndaşının, yaxud rəhbərinin, eləcə də digər ölkələrin nümayəndələrinin Ukraynada kimin rəhbər olması barədə fkirləri məni, ümumiyyətlə, maraqlandırmır. Bu, sizin qarışacağınız işlər deyil".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev hökumətini prezident seçkilərindən sonra Ukraynanın şərqində aparılan hərbi əməliyyatları dayandırmağa çağırıb. Lavrov bunun vəziyyətin sabitləşdirilməsi üçün vacib olduğunu vurğulayıb. Sergey Lavrov deyir ki, seçkidən sonrakı vəziyyətdən dərhal hərbi əməliyyatlara son qoyulması və bütün regionları və bütün siyasi qüvvələri əhatə edən ümumi Ukrayna dialoqunun başladılması üçün istifadə edilməlidir: "Bu, konstitusiya islahatlarına başlamaq, vəziyyəti sabitləşdirmək və bütün ukraynalılar üçün ortaq çərçivə yaratmaq məqsədilə edilməlidir".
Kreml artıq Ukraynada bazar günü baş tutan prezident seçkilərinin nəticələrini alqışlayıb və prezident seçilmiş Petro Poroşenko ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov isə Ukraynadakı prezident seçkilərində qalib gəlmiş Pyotr Poroşenkonun bəyanatını şərh edərkən bildirib ki, Putinin Poroşenko ilə mümkün görüşü barədə danışmaq hələ tezdir. "Prezident Putin hələ seçkilər ərəfəsində məsələyə dair öz mövqeyini bildirmişdir. O vurğulamışdır ki, Ukrayna xalqının seçiminə hörmətlə yanaşacaq. O vaxtdan Vladimir Putinin mövqeyi dəyişməyib", - deyə Peskov qeyd edib. "Kommersant"ın iyunun birinci yarısında mümkün görüş barədə sualını cavablandıran mətbuat katibi bir daha bildirib ki, bu barədə danışmaq hələ tezdir. Xatırladaq ki, ATƏT Ukraynada çətin şəraitdə keçirilmiş seçkiləri demokratik, şəffaf və beynəlxalq standartlara uyğun adlandırıb. Rəsmi nəticələri gözləmədən artıq Avropanın bir neçə ölkəsinin rəsmiləri Poroşenkonu qalib gəldiyi münasibətlə təbrik ediblər. Avropa İttifaqının prezidenti Herman Van Rompey Poroşenkoya şəxsən zəng edib, onu ilk təbrik edən isə İsveçin xarici işlər naziri Karl Bildt, ardınca isə Almaniya xarici siyasət idarəsinin rəhbəri Valter Ştaynmayer olub. Ukraynalı politoloq Vitali Kulikin fikrincə, danışıqlar olduqca vacibdir: "Biz Poroşenko ilə Putin arasında danışıqlara startın verilməsinin tərəfdarıyıq. Əvvəlcə ölkədə vətəndaş müharibəsini dayandırmaq lazımdır. Sonra isə Ukrayna ilə Rusiya arsında bütün sahələrdə əməkdaşlığı bərpa etməliyik. Amma görəsən Putin bu şərtlərə əməl edəcəkmi? Fikrimcə yox, çünki Putin buna getməyəcək. O, Ukraynada vətəndaş müharibəsinin davam etməsində maraqlıdır. Məqsədi Ukraynanı diz çökdürməkdir". Politoloq Elşən Həsənov isə deyib ki, Putin Poroşenko ilə görüşüb, söhbətləşə bilər: "Amma Putin heç vaxt Poroşenkonun Ukraynadakı vəziyyəti yaxşılaşdıracaq təkliflərini qəbul etməyəcək. Bir şərtlə qəbul edər ki, onun maraqları Ukraynada təmin edilsin. Poroşenkonun Putinin maraqlarını Ukraynada təmin edəcəyi isə inandırıcı deyil. Buna gedərsə aqibəti Yanukoviç kimi olacaq. Ona görə də prezidentlər dəfələrlə görüşə bilərlər, amma bir-birlərinin dediklərini həzm etməyəcəklər". Ekspert Tərlan Həsənovun fikrincə Putin Poroşenkonu öz tərəfinə çəkməyə cəhd göstərəcək: "Putin üçün Ukraynada kimin prezident seçiləcəyi o qədər önəmli deyildi. Onun üçün önəmli olan əsas məqam yeni prezidentin Rusiya ilə münasibətlərinin necə olacağıdır. Putin yaxşı anlayır ki, Ukraynadakı məlum hadisələrdən sonra yeni prezident onun maraqlarına cavab verməyəcək. Verəcəksə o da Yanukoviç kimi devriləcək. Ona görə də gözləmədən Krımı işğal etdi və ölkənin digər regionlarında da vətəndaş müharibəsini alovlandırdı. İndi Poroşenko Putinin çoxdan tanıdığını və gələn həftə onunla görüşmək ehtimalı olduğunu deyir. Bununla bütün məsələlərin həll olunacağı belə ağlabatan deyil. Putin Krımı geri qaytaran deyil. Poroşenko da Avropanı atıb, Rusiya ilə ittifaqa girməyəcək. Deməli, Dağlıq Qarabağ münaqişəsi kimi Ukrayna-Rusiya münasibətləri də uzanacaq. Tərəflər arasında heç bir razılaşma əldə olunmayacaq". Onu da bildirək ii, dünən Rusiya və Ukrayna diplomatları şərqi Ukraynada zorakılığa görə bir-birini ittiham ediblər.
Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin deyib ki, Təhlükəsizlik Şurası Ukraynanı "hərbi xaosa" son qoymağa çağırmalıdır. Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev isə bildirib ki, Şura Rusiyadan bütün əsgər və yarım-hərbi qruplarını Ukrayna ərazisindən çıxarmasını tələb etməlidir. Sergeyev onu da söyləyib ki, Moskva yüzlərlə çeçen, kazak və rus yaraqlılarına Ukraynanı tərk etməyə çağırmalıdır. Digər bir məlumata görə isə Ukraynanın Slavyansk və Kramatorsk şəhərlərində aviasiya və artilleriyanın iştirakı ilə genişmiqyaslı antiterror əməliyyatlarına start verilib. Separatçıların mövqeləri havadan atəşə tutulur. Şəhərdə təcili tibbi yardım maşınlarının gözə dəydiyi bildirilir. Əməliyyatların separatçıların tam məhvinədək aparılması nəzərdə tutulub. Şəhərdə mobil rabitə əlaqəsinin kəsildiyi də yayılan xəbərlər sırasındadır.
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında isə telefon danışığı olub. Rusiya XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı tərəflər Ukraynada keçirilən prezident seçkilərini, habelə Suriyanın kimyəvi silahının məhv edilməsini müzakirə ediblər. S.Lavrov Ukrayna hökumətinin ölkənin cənub-şərq vilayətlərində hərbi əməliyyatının dayandırılmasının və ümummilli dialoqun tezliklə başlanılmasının vacibliyini vurğulayıb. S.Lavrovla C.Kerri sıx təmasları davam etdirmək qərarına gəliblər. Bundan başqa Ukrayna prezidenti Petro Poroşenko inaqurasiyadan dərhal sonra Avropa Birliyi ilə razılaşmanı imzalamağı təklif edir. Bu barədə Poroşenkonun mətbuat xidməti xəbər verib.
Razılaşmanın əsas tələblərindən biri Ukraynanın müasirləşdirilməsidir. Həmçinin razılaşmaya implementasiya, korrupsiyaya qarşı mübarizə ölçülərinin tətbiqi və islahatlar paketi daxildir. Avropa proqramlarını əsas tutan Ukrayna prezidenti Petro Poroşenkonun xalqın gözləməyə vaxtı olmadığını qeyd edərək and içmədən dərhal sonra Ukrayna ilə Avropa Birliyi ilə razılaşmanın imzalanacağını bildirib. Donetskdəki mədənçilər isə rəsmi Moskva ilə həmrəyliyini nümayiş etdirərək Ukrayna hakimiyyətinə qarşı etirazlara başlayıb. Dünən Donetsk şəhərində 500-ə yaxın mədənçinin iştirakı ilə etiraz aksiyası keçirilib. Şəhərin mərkəzi meydanındakı yürüş keçirən mədənçilər rusiyayönümlü üsyançıları dəstəklədiklərini bildirərək Kiyev hökumətini ordunu Donetsk vilayətindən çıxarmağa çağırıb.
Etirazçı İvan Tolupayevin sözlərinə görə, biz bura gəlmişik ki, Kiyevdəki dəstəyə səsimizi çatdıraq: "Onların qadın və uşaqları öldürən ordusu buranı tərk etsin. Biz öz dövlətimizdə, "Donetsk Xalq Respublikası"nda yaşamaq istəyirik".