Ermənistan hakimiyyəti təşvişdə Dünya

Ermənistan hakimiyyəti təşvişdə

Nazarbayev Astanada Sarksiyana KTMT-yə arxayın olmamaq mesajını da verib

Cavid

Ermənistan mətbuatının Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İqtisadi Birliyinin toplantısında alçalmış duruma düşən Serj Sarksiyanın ünvanına ittihamları ara vermir. Erməni mətbuatı ilə yanaşa Rusiya mətbuatı da Sarksiyanın çıxılməz vəziyyətə düşməsindən bəhs edib.
Xatırladaq ki, həmin toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan dövlət başçısı İlham Əliyevin məktubunu oxuyub və Ermənistanın Gömrük İttifaqına BMT səviyyəsində tanınmış sərhədlərlə girə biləcəyini vurğulayıb.
Həmin olaylardan sonra Avrasiya İttifaqı ilə bağlı müəyyən müzakirə və irəli sürülən təkliflər Ermənistan hakimiyyətini təşvişədə saxlamaqdadır. Digər tərəfdən Qazaxıstanın Türkiyəni də bu ittifaqa dəvət etməsi, Rusiya-Azərbaycan əlaqələrində son günlər müşahidə olunan tendensiya və qarşılıqlı səfərlər Ermənstanda Moskvaya qarşı etimadsızlıq atmosferi yaratmaqdadır.
Artıq Ermənistan müxalifəti də bu təşvişi yaşayır və hadisələrin bu istiqamətdə davam etməsinin onlar üçün heç də ürəkaçan olmayacağını dilə gətirirlər.
Xüsusilə Rusiya Xarici İşlər Nazirıiyinin rəsmi nümayəndəsi Sergey Lavrovun Bakıya səfəri ilə bağlı vediyi açıqlamasında Azərbaycanı Moskvanın strateji partnyoru adlandırması Ermənistanda böyük narahatlıq və qalmaqal yaradıb. İrəvanda müxalifətdə olan "Çiçəklənən Ermənistan" partiyası bu bəyanatla bağlı Rusiyadan açıqlama tələb edib. Partiyanın parlament fraksiyasının rəhbəri, AŞPA nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bəyan edib ki, Ermənistan XİN son vaxtlar Ermənistanın xarici siyasətindəki biabırçılıqlara aydınlıq gətirilməlidir: "XİN indiyə qədər Nazarbayevin Avrasiya İttifqaının iclasında Azərbaycan prezidentinin məktubu ilə bağlı dediyinə heç bir reaksiya vermir. Bizim diplomatlar deyirlər ki, "Azərbaycan Rusiya münasibətlərini şərh etmirik". Hesab edirəm ki, Rusiya strateji tərəfdaşı elan etdiyi Ermənistana bununla bağlı müvafiq cavab verməlidir. Ancaq bizim XİN susur və bu çox müəmmalıdır".
Ermənistanın "İrs" partiyasının baş katibi Stepan Safaryan isə bəyan edib ki, Rusiya Azərbaycanla münasibətlərini qaydaya salmaq üçün Ermənistandan istifadə edir. Bu Ermənistanın alçaldılamasıdır".
Safaryan bildirib ki, Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb: "Rusiya bizi öz düşmənləri ilə əməkdaşlq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir".
Xatırladaq ki, Rusiya XİN nmüayəndəsi S.Lavrov da Bakı səfəri ilə bağlı danışarkən Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırıb.
Erməni mətbuatı baş verənlər fonunda iddia edir ki, Rusiya Sərkisyanı hakimiyyətdən göndərməyə hazırlaşır: "Son günlər Sərkisyanın həm yüksək dairələrdə, həm də xalq arasında etibarı kəskin aşağı düşüb: "Ruslar artıq Sərkisyanı hakimiyyətdə saxlamaq niyyətində deyil. Səbəb isə çox sadədir. Sərkisyan rusların tələbini ödəmir. Üstəlik isə Sərkisyan xalq arasında bütün etibarını itirib. Xalqa Moskva ilə bütün əlaqələri düzəldəcək şəxs lazımdır. Sərkisyan üstəlik Əliyevə uduzub. Çünki Putini artıq Əliyevlə münasibətlər daha çox cəlb edir. Bir növ Rusiyanın Qafqazda ən ağır gedişi məhz Azərbaycan üzərindən olacaq. Bakı isə bundan çox gözəl istifadə edəcək. Buna görə də daha iradəli siyasətçi İrəvanda hakimiyyətə gətiriləcək ki, Əliyevlə danışıqlara getsin və Putinin söz verdiklərini yerinə yetirsin".
O da maraqlıdır ki, Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Avrasiya İttifaqına Dağlıq Qarabağsız qoşulacağına dair bəyanatın ardınca XİN-in bütün rəhbər heyətini tələsik Xankəndinə göndərib.
Erməni mətbuatının yazdığına görə, xarici işlər naziri Edvard Nalbəndyan, Ermənistan XİN-in mərkəzi aparatının bütün rəhbər heyəti, habelə diplomatik korpusun nümayəndələri Qarabağa gəliblər. Onları Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət, Ermənistanla Dağlıq Qarabağın "xarici siyasət idarələri" arasında əməkdaşlıq məsələləri və s. müzakirə olunub. Daha sonra Bako Saakyanla Eduard Nalbəndyan təkbətək görüşə keçiblər. Serj Sərkisyanın XİN-in rəhbər heyətini Qarabağa göndərməsinin Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ətrafında yaranmış vəziyyətlə bağlı olduğu şübhəsizdir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Sərkisyanı açıq-aşkar pərt edib və Ermənistana "yerini" göstərib. Sərkisyanın isə pərtlikdən sifəti əyilib və o, İrəvana olduqca dilxor vəziyyətdə qayıdıb.
Astanada cavab vermək taqətində olmayan Sarkisyanın əvəzinə bir neçə gün sonra Ermənistan baş naziri Ovik Abramyan, hakim partiyanın parlament fraksiyasının rəhbəri, vitse-spiker Eduard Şarmazanov və digər rəsmilər Ermənistanın Avrasiya İttifaqına Qarabağla birlikdə girəcəyini, sərhəddə gömrük postununun qoyulmasının istisna edildiyini deyiblər. Lakin Sərkisyan hakim partiyanın gənclər təşkilatının toplantısında deyib ki, Ermənistan Avrasiya İttifaqına Qarabağsız girəcək. "Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Bu mümkün deyil, ən azından bizim qanunvericiliyə görə Dağlıq Qarabağ Ermənistan ərazisi hesab edilmir" deyə Sərkisyan bildirib.
Sərkisyanın bu bəyanatı da erməni siyasi dairələrində narahatlıqla qarşılanıb. Üstəlik cəbhə xəttində gün-gündən artan gərginlik və Azərbaycan ordusuna təmas xəttində düşmənə adekvat cavab vermək göstərişi və ardıcıl təlimlər də Ermənistan cəmiyyətində qorxu hissini artırıb. Ermənistan rəhbərliyi də Azərbaycanla bundan sonra boğazdanyuxarı bəyanatlar və mənasız təhdidlərlə danışmağın yersiz olduğunun fərqindədir. Ehtimal olunur ki, yaranmış vəziyyətdə Sərkisyan Azərbaycandan aldığı diplomatik-siyasi zərbəni kompensasiya etməyin yollarını axtarır. Mümkündür ki, XİN-in rəhbər heyətini Qarabağa göndərməkdə məqsəd qondarma "DQR"in "müstəqilliyinin tanınması" yönündə fəaliyyətləri gücləndirmək planlarını müzakirə etmək məqsədi daşıyır.
Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da hazırkı prezident Serj Sərkisyanı tənqid atəşinə tutub. Ter-Petrosyanın fikrincə, Sərkisyan Avrasiya İttifaqına ona görə tələsir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır: "Çünki Ermənistan ittifaqa tamhüquqlu üzv kimi yox, "alçaldılmış təbəə" kimi daxil olur. Serj Sərkisyan Avrasiya İttifaqına tələsik daxil olmaq və prezident Putinin rəğbətini qazanmaq xətrinə istənilən güzəştə, Rusiyanın təklif etdiyi istənilən sənədi şərtsiz qəbul etməyə, istənilən təhqiri həzm etməyə hazırdır. O, qaz müqaviləsini köləcəsinə susaraq qəbul etdi".
Ter-Petrosyana görə, Sarksiyanın iki gün keçəndən sonra uzaqdan-uzağa lovğalıqla Hazarbayevin bəyanatını "xoşagələn və düzgün olmaya çıxış" adlandıranda daha da alçaldı və gülməli vəziyyətə düşdü.
Politoloq Kamil Seyidovun sözlərinə görə, Astana sammitindən sonra Ermənistan hakimiyyətinin bütün planları alt-üst oldu: "Əslində bu gözlənilən idi. Sarksiyanın bundan öncə Qarabağla bağlı verdiyi bəyanatlar da iflasa uğradı. Bu bütövlükdə Ermənistan xarici siyasətinin iflası demək idi. Xatırlayırsınızsa, o, daxili auditoriyanı sakitləşdirməkdən ötrü həmişə deyirdi ki, Azərbaycan ikinci Qarabağ müharibəsini başlayarsa KTMT Ermənistana dəstək olacaq. Hazarbayevin Astanada Sarksiyanın üzünə şillə vurması o deməkdir ki, İrəvan KTMT-yə arxayınlaşmasın. Astana sammitində Sarksiyanın pərt ediləndə Putin belə ona dəstək dura bilmədi. Bu da ona bir mesaj idi. Bu yaxınlarda Rusiya xarici işlər naziri Bakıya səfər edəcək. Güman edirəm ki, bu səfərdə mühüm məsələlər müzakirə olunacaq və Sarkisyan Moskvanın onu meydanda tək qoyacağını bir daha şahidi olacaq. Moskva buna məcburdur, çünki rəsmi Bakının yürütdüyü xarici siyasət kursu Putini müəyyən güzəştlərə məcbur edir. Düzdür, bu asan həyata keçməyəcək, buna vaxt lazım gələcək. Amma bütün hallarda Ermənistana ağır zərbə vurulacaq".