Qlobal fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Asiya-Sakit okean regionunun fond bazarlarında qarışıq dinamika müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, ən kəskin azalma Honq-Konq birjasında qeydə alınıb. Hang Seng indeksi 2,17% azalaraq 25445,71 bəndə düşüb. Çinin “CSI” 300 indeksi 1,26% geriləyərək 4560,85 bənd təşkil edib.

Yaponiyanın Nikkei 225 indeksi 0,59% azalaraq 65626,09 bəndə enib. “TOPIX” isə 0,01% artaraq 4067,90 bəndə yüksəlib.

Avstraliyanın “S&P/ASX” 200 indeksi 0,55% artaraq 9108,50 bəndə çatıb. Region üzrə daha geniş bazarı əhatə edən “MSCI AC Asia Pacific” indeksi isə 0,79% yüksələrək 277,09 bənd təşkil edib.

Asiya bazarlarında ehtiyatlı və qarışıq dinamika investorların bir neçə mühüm hadisəni gözləməsi fonunda formalaşıb. Bazarların diqqəti avqustun 26-da açıqlanacaq "Nvidia"nın maliyyə nəticələrinə və həftənin sonunda ABŞ Federal Ehtiyat Sisteminin Cekson-Houl simpoziumundan gələcək pul siyasəti siqnallarına yönəlib. Bundan başqa, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və yüksək neft qiymətləri investorların risk iştahını məhdudlaşdırır.